DYP MAYORU VƏKİLİ TƏHQİR ETDİ - “Mən lotuyam deyib, elə lotu kimi də davrandı…” (Foto)

11-03-2016, 00:51           

Bu gün tanınmış vəkil Aslan İsmayılovla Dövlət Yol Polisinin (DYP) əməkdaşları arasında ciddi insident baş verib.

AzPolitika.info-nun məlumatına görə, bu barədə A.İsmayılov özü məlumat verib. Vəkil bldirib ki, “Azneft” dairəsi yaxınlığında yol polisi onu saxlayıb, mayor rütbəli zabit və bir çavuş tərəfindən təhqirlərə məruz qalıb. Vəkil özünün “Facebook” səhifəsində bu barədə yazır:

“Bu gün avtomobili özüm idarə edirdim. Gün ərzində yol polisinin insanlarla kobud, qeyri-insani rəftarını dəfələrlə gödüm. Bir neçə dəfə müdaxilə etmək istəsəm də, sonra fikrimdən daşındım, sanki nə isə məni saxladı. Təxminən saat 16:00 radələrində Bibiheybət qəsəbəsindən AzNeft dairəsinə yaxınlaşanda yolu bağlayıb xeyli gözlətdilər. Yol açılandan sonra Prezident iqamətgahına tərəf hərəkət edərkən dairədə bir daha yolu bağladılar. Yenidən hərəkət başlayanda, maşınlar hərəkət etsə də yol polisi gözləmədiyim halda yenidən dayan işarəsi verdi. Özü də bu işarə, əl-qol atmaqla, çığırmaqla, sanki qatı cinayətkara verildi. Artıq arxada maşın dayandığından geri hərəkət edə bilməsəm də, yol polisi əl qol hərəkətləri, çığırmağı ilə sanki düşmən üstünə şığıdı və maşını dairənin ortasında ‎10 YP 501‬ nömrəli polis maşının yanında saxlamağı əmr etdi.Hərəkəti davam etdirib deyilən yerdə saxladım. Kənarda dayanan mayorun dedikləri və çığırması məni dəhşətə gətirdi. Ona “qoçusanmı?” sorduqda dedi ki, “yox, mən lotuyam” və mənimlə həqiqətən də lotu kimi davrandı. Onun üstümə bağırmağını eşidənlər zənn edərdilər ki, başını kəsirlər. Yenidən üstümə şığıyıb çığıra-çığıra sənədləri təqdim etməyi tələb etdikdə, bu cür davranan polisə sənəd təqdim etməyəcəm dedim. Bir müddət mayorun bağırtısını seyr etdim. Bu məqamda təxminən 120 kilo çəkisi olan bir serjant da yaxınlaşıb məni təhqir etməyə başladı və sonda özünün ailəsinə yaraşan söyüşü edib getdi”.

A.İsmayılov yazır ki, təxminən 40 dəqiqə onu saxladaraq, “naryad” çağırıb məni bölməyə aparacaqlarını deyiblər. “Bu müddət ərzində dəfələrlə DYP-nin mətbuat xidmətinin rəhbəri, daim yol polisi işçilərinin mədəniyyətindən dəm vuran Kamran Əliyevə və digər yüksək çinli polis əməkdaşlarına zəng edib yerində hadisəni araşdırmalarını tələb etsəm də, gələn olmadı. Zəng etdiyim şəxslərin davranışından bu mayorun çox çəkiniləcək birisinin adamı olduğuna şübhəm qalmadı. Sonda dəfələrlə məni maşından çıxıb onlarla səmimi söhbətə dəvət etsələr də, çıxmadım. Bir saatdan sonra “rəhbərlik göstəriş verdi ki, ziyalı birisi olduğundan sürücünü xəbərdarlıq edib buraxın”dedilər.
Təxminən bir saat həmin dairədə minlərlə insanın gözü qarşısında təhqir olundum”.

Vəkil deyir ki, bu zaman gözünün önündə ‎DYP‬ maşınının üstünə çıxıb, çəkiclə onu sıradan çıxaran vətəndaş (Şahin Mail oğlu Bəylərov) canlanıb və əvvəllər onu qınadığı üçün peşimançılıq keçirib. “Əminəm ki, son dövrlər polisə qarşı olan zorakılıq hərəkətlərinin tez-tez təkrarlanması polisin özünün davranışı ilə bağlıdır və bu cür davam edərsə ağır nəticələrə gətirəcəyinə şübhə etmirəm. Ən azından bu davranışla, həmin mayorun iştirakı ilə ağır cinayətin baş verəcəyinə şübhə etmirəm, çünki onun davranışı ilə filmlərdə göstərilən ən qatı cinayətkarların hərəkəti arasında heç bir fərq yoxdur”.

Aslan İsmayılov daha sonra ona qarşı kobudluq etmiş DYP mayorunun kimliyindən yazır: “Bu dəqiqələrdə aldığım məlumatlara görə, həmin polis mayorunun adı Mübariz İsmayılovdur. Xidməti DYP maşınının nömrəsinə uyğun ‪‎10 YY 501‬ nömrə nişanlı ağ rəngli Mercedes G63 AMG idarə edir və xüsusi azğınlığı ilə şəhərdə ad çıxarıb. Əslən Nehrəmlidir, güləşçi olub, tərcümeyi-halını yazmağa qadir deyil. Elə buna görə də 2011-ci ildə digər hüquq-mühafizə orqanları təfərindən həbs də olunub və qısa zamanda azad edilib. Maşını isə uzun müddət cərimə dayanacağında olub. Şübhəm yoxdur ki, onun arxasında ölkədə güc sahibi olan birisi dayanır”.

Vəkil sonda bildirib ki, sabah Baş Prokuror Zakir Qaralova və DİN başçısı Ramil Usubova Mübariz İsmayılov haqqında tədbir görülməsi üçün rəsmi ƏRİZƏ ilə də müraciət edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.