ABŞERONUN İSTİNTAQ ŞÖBƏSİNİN RƏİSİ 84 MİN MANATA VİLLA TƏMİR ETDİRİB
11-03-2016, 01:16
Türkiyə vətəndaşı Murat Kılıç: “Xırdalanda Bilal Nəbiyevə məxsus üçmərtəbəli villada taxta-mebel işləri görmüşəm, amma hələ də pulumu ala bilməmişəm”
Bilal Nəbiyev: “Mənim evimi yarımçıq təmir ediblər, pulu verməmişəm; Murad isə hara gedir getsin”
Fevralın 29-da Türkiyə vətəndaşı, Azərbaycanda oturma izni olan və vergi ödəyicisi Murat Kılıç müraciət edərək, fırıldağa məruz qaldığını və bu məsələdə kömək istədiyini bildirib. M.Kılıç bildirib ki, o, Bakı Türk Anadolu Liseyində bəzi taxta-mebel işləri yerinə yetirib və onun işini bəyənən Fatih adlı Türkiyə vətəndaşı ona üçmərtəbəli villanın təmirində iştirak etməyi təklif edib. Onun sözlərinə görə, Fatihlə Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Bilal Nəbiyevə məxsus olan, Xırdalan parkında (Heydər Əliyev Parkı) yerləşən üçmərtəbəli villasında döşəmə, pilləkən, ümumilikdə taxta-mebel işlərini 5500 manata razılaşıblar.
“Altı ay əvvəl, Türkiyəli iş adamı Fatih adlı biri (Türkiyənin Siirt vilayətindən olan) mənə təklif etdi ki, Xırdalan şəhərində 3 mərtəbəli bir villanın qapı, pilləkən, divar, döşəmə işlərini görüm. Bu işi 5500 manata razılaşdıq. Avans olaraq 2500 manat verdi, qalan 3000 manatı 1 ay içərisində ödəmə şərti ilə razılaşdıq. Və işi vaxtında bitirdik ,amma haqqımızı ödəmədilər. Turan usta, Recai və Selim olaraq 3 nəfər işlədilər. Bir ay sonra Fatih dedi ki, pul yoxdur, Yapı Kredi Bank-ın 3000 manatlıq çekini verdi. Banka getdik, amma baxdıq ki, pul yoxdur”, – deyə M.Kılıç qeyd edib. M.Kılıçın sözlərinə görə, özünün hüquqşünas olduğunu deyən Araz adlı şəxs də Fatihə arxa çıxmağa kömək etməyə çalışıb. On gün öncə Araz, Fatih və mən villa sahibi Bilalın (Abşeron RPİ-də istintaq şöbəsinin rəisi) yanına getdik. Bilal dedi ki, Murat Kılıçın pulu ayın sonuna qədər ödənilməlidir. Onların yanında o saxta çeki Bilala verdim dedim ki, səndə qalsın çek . Fatih etiraf edib ki, Bilaldan təmir üçün ümumi 84000 manat alıb.
Söz verdi ki, 10 gün içində mənim borcumu bağlayacaq. Amma 29 fevralda Fatih zəng etdi ki, pul yoxdur, 4-5 gün daha gözləyək. Xahiş edirəm pulumuzun alınmasında bizə köməklik edəsiniz”. Qafqaz Xəbər Agentliyi olaraq, məsələdə adı keçən Bilal Nəbiyevlə də əlaqə saxladıq. B.Nəbiyev Murat Kılıçın adını eşidəndə təəccüblənməsə də, onu “tanımadığını” dedi: “Mən Devrimi tanıyıram, evimin təmir işini ona tapşırmışam. Onlar briqada ilə gəliblər, evi təmir ediblər. Onları Fatih ilə Devrim gətirib. Evimin təmirini yarımçıq qoyublar, pulunu da tam verməmişəm.
Danışmışam ki, evi təmir edin, sonra gələrsiniz, amma iş bitməyib.”. “Sizinlə 10 gün əvvəl Araz, Fatih və Murad görüşüblər. Murad sizə çek verib dediyinə görə…” – deyə əməkdaşımız dəqiqləşdirmək istədi. “Yox, elə bir şey olmayıb. Ona saxta çeki Devrim verib, mən verməmişəm ki…”, – deyə Bilal Nəbiyev vurğuladı. “Araz və Fatihi tanıyırsınız?” – deyə soruşduq.
“Araz, Fatih və Devrim briqada ilə işlər görən bir qrupdurlar”, – deyə Abşeron RPİ-nin istintaq şöbəsinin rəisi bildirib. Müxbirimizin “Bəs Murat hara getsin?” sualına Bilal Nəbiyev belə cavab verib: “Murad isə hara gedir getsin. Hara istəyir, şikayət eləsin. Mənlik bir şey yoxdur”. Daha sonra B.Nəbiyev evin təmirini Devrimlə 84 minə yox, 32 minə danışdığını, sözügedən villanın isə “ikimərtəbəli həyət evi” olduğunu deyib.
B. Nəbiyevlə telefon söhbətimizdən sonra Murat Kılıçla danışdıq, o isə təəccüblə dedi: “Məgər Bilal müəllim yaşadığı evin neçə mərtəbə olduğunu bilmir? Üçüncü mərtəbə mansardır. Bilal müəllim işçilərə demişdi ki, sizin pulunuzu verməsələr, özüm verəcəyəm. Evin təmiri isə çoxdan bitib, 6 aydır Bilal müəllim o evə köçüb”.
Şikayətçinin adını hallandırdığı Araz adlı hüquqşünas (özünü bizə Araz Mahmudov kimi təqdim etdi red.) və Fatih adlı Türkiyə vətəndaşı ilə də əlaqə saxladıq. Məlum oldu ki, Bilal Nəbiyevin adını hallandırdığı “Devrim” ləqəbli şəxsin əsl adı Efe Demireldir. O, “Demirel İnşaat” şirkətinin rəhbəridir. Bundan başqa, əlaqə saxladığımız şəxslərdən Bilal Nəbiyevin bir neçə ay əvvəl Efe Demireli həbslə təhdid etməsi barədə də məlumatlar əldə etdik.
\Qafqaznews.az\