Salyanın Kürqaraqaşlı kəndində arayış almaq neçəyədir?
23-05-2016, 10:19
Ünvanlı sosial yardım üçün sənəd yığan sakinlər buna görə icra nümayəndəsi Abbas Məmmədova 100 manat verməlidirlər
Ötən gün Salyan rayonunun Kürqaraqaşlı kəndində müdhiş» tamaşa» sərginləndiyi barədə məlumat vermişdik. Bildirmişdik ki, kəndin orta məktəbində hər il ağacəkmə kampaniyası keçirilsə də, torpağa bir ədəd belə ağac basdırılmayıb. JAM.AZ-a verilən məlumatda qeyd olunurdu ki, bu işin təşkilatçıları isə yerli icra nümayəndəsi Abbas Məmmədov və orta məktəbin direktoru Elşən Səfərovdur.
Yazı dərc olunduqdan sonra redaksiyamıza daxil olan yeni məlumatlarda vurğulanır ki, Kürqaraqaşlı kəndində təkcə «ağacəkmə tamaşası» təşkil olunmayıb. Həmçinin icra nümayəndəsi Abbas Məmmədov tərəfindən ünvanlı sosial yardım almaq istəyənlər üçün «komediya» da düzənlənib.
JAM.AZ-a verilən məlumata görə, Salyan rayonuna yeni icra başçısı təyin olunmuş Sevindik Hətəmov bu kənddə görüş keçirib. Həmin görüşdə kənd sakinləri icra başçısının diqqətinə çatdırıblar ki, kasıb təbəqənin nümayəndəsinin ünvanlı sosial yardım alması mümkünsüzə çevrilib. Səbəb isə icra nümayəndəsinin onlardan arayış müqabilində pul tələb etməsidir. Vəziyyətdən hali olan icra başçısı isə irad bildirməklə yanaşı, kənd camaatına problemi həll edəcəyinə dair söz də verib.
Qeyd edilir ki, Abbas Məmmədov pulu olan şəxsləri müdafiə etməklə yanaşı, onların problemlərini həll etməklə məşğuldur. Kürqaraqaşlının kasıb insanları isə ünvanlı sosial yardım almaq üçün istədikləri arayışı əldə etməyə görə, icra nümayəndəsinə ən azından 50 manat, ən maksimum isə 100 manat verməlidirlər. JAM.AZ-a verilən məlumata görə, məhz bu səbəbdən kənddə hazırda ünvanlı sosial yardım alanların böyük əksəriyyəti varlılardır. Kasıb insanlar isə həmin pulu düzəldə bilmədiklərindən yardım ala bilmirlər.
Redaksiyamıza müraciət edən kənd sakinləri bildirirlər ki, ünvanlı sosial yardım almış şəxslərin kimliyini müəyyənləşdirmək üçün Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin rəsmi saytına baxış keçirmək kifayətdir. «Həmin siyahıda Salyanın Kürqaraqaşlı kəndindən olan yalnız imkanlı şəxslərin adları var. Kasıblardan isə bir nəfərin də orada adı yoxdur».
Qarşı tərəfi də dinləməyə hazırıq.