Paqonlu “biznes”, yoxsa “halallıq barometri”?
21-06-2016, 22:38
Paytaxtın yol polisinin fəaliyyətindən şikayətlər artır...
Son zamanlar ölkə həyatının bütün sahələrində, o cümlədən dövlət yol polisi orqanlarında tüğyan edən korrupsiya və rüşvətxorluğun qarşısının alınması istiqamətində bir sıra mühüm addımlar atılır. Təəssüf ki, kampaniya xarakteri daşıyan bu addımların əksər hissəsi yaddaşlara acı yumorla hopub. Cəmiyyətdə, xüsusən yol hərəkəti iştirakçıları arasında belə bir rəy formalaşıb ki, yol polisini rüşvətdən və korrupsiyadan xilas etmək bəlkə də mümkünsüzdür. Bu doğrudanmı belədir? Suala araşdırmasız, belə deyək, standart cavab axtarmaq fikrindən uzağıq. Lakin ölkə başçısının korrupsiya və rüşvətxorluğa qarşı elan etdiyi mübarizə fonunda dövlət yol polisinin fəaliyyəti demək olar ki, ən yaxşı halda yarımçıq təsir bağışlayır. Bu isə ciddi düşüncələrə səbəb olan amildir. Gundelik-baku.com-un əməkdaşlarının müşahidələri göstərir ki, paytaxtın yol polisinin fəaliyyətindən şikayətlər əsasən yol hərəkəti qaydalarının pozulması zamanı sürücülərdən əvvəlki kimi artıq haq tələb etməsi ilə bağlıdır. Bakıda yol polisi əməkdaşları çox zaman dislokasiya qaydalarına bilə-bilə məhəl qoymayaraq yol hərəkəti qaydalarının daha çox pozulduğu müşahidə olunan ərazilərdən kənara çıxır. Bu isə paytaxtın mərkəzində uzun tıxacların yaranmasına səbəb olur. Qanunla, yol patrul xidməti avtomaşınlarının restoranların ərazisinə daxil olması ümumiyyətlə qadağandır. Buna baxmayaraq yol polislərini gündüzlər restoran-kafelərdə görmək olar. Son zamanlar narahatlıq doğuran hallardan biri də nəzərdə tutulmayan yerlərdə saxlanmış nəqliyyat vasitələrinin evokuatorlar vasitəsilə cərimə meydanşalarına daşınmasının kütləviləşməsidir. Bu məsələnin artıq yol polisi əməkdaşlarının müəyyən hissəsinin biznes marağına daxil olmasına yəqin ki, çoxları etiraz etməz. Paytaxtın müxtəlif rayonlarında sıralanan cərimə meydançalarının günbəgün sərgilənən say artımı deməyə əsas verir ki, paqonlu “biznes” üçün bu fakt ən yaxşı “halallıqdır”. Qeyd edək ki, nəqliyyat vüsitələrinin evokuatorla “əkişdirilməsi” bir proses olaraq yol polisi üçün heç də başağrısı sayıla bilməz. Özünüz fikirləşin, əgər avtomobilinizi nəzərdə tutlmayan yerdə saxlayib, deyək ki, yaxinliqdaki marketə azi 5 dəqiqəlik baş çəkmək fikrini reallaşdırsanız, azı 40-50 manat xərcə düşmək zorunda qala bilərsiniz. Sizin rüşvət vermək fikrində olmadığınızı görüb məsələni rəsmiyyətə salsalar, banka 40 manatlıq ödənişlə canınızı qurtara bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, bu məbləğin çox cüzi br hissəsi yol polisinin hesabında oturur. Əsas məbləğ isə “Siqnal” firmasının hesabına xidmət əvəzi sizin büdcənizdən ödənilməlidir, xeyir ola! Sual olunur, “Siqnal” firması nəqliyyat vasitələrinin sahiblərinə hansı xidməti göstərir? Bir də ki, avtomobil sahiblərinin yumşaq desək, əsəbləri ilə oynamaq haçandan xidmət hesab edilib? Başqa sözlə desək, “Siqnal”ın xidmət haqqı dövlət yol polisi ilə arasında olan müqavilə ilə tənzimləyirsə, bə hansı əsasla hər iki təşkilat nəqliyyat vasitələri sahiblərinin ödədiyi cərimələri “dədə malı kimi”, yarılığına bölüşdürür? Paqonlu biznesin özəlliklərindən biri də odur ki, cərimə ödənişləri əksər hallarda nəzarətdən yayındırılır. Bəzi cərimə meydançalarında cərimə ödənişi prosesi kameraların diqqətində olsa da birmənalı ehtimal etmək olar ki, bu kameralar heç də dövlətin marağına işləmir. Başqa sözlə desək, hesab edirik ki, kameralar cərimə qəbulu “məntəqəsi”ndə cibini gözələyən yol polisi müfəttişlərinin “yuxarı”dakı paqonlu “biznes” qarşısında sadəcə “halallıq barometri” rolunu oynayır. Bu halların Bakı Şəhər DYP rəhbərliyinin mübarək diqqətindən xəbərsiz baş verdiyini oxucular qarşısında iddia etmək bizcə, gülünc olar. Odur ki, ilkin müşahidə materialı kimi bu yazıda yer alan qeydləri korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparan dövlət orqanlarının diqqətinə bağışlayırıq.