Şirvan DYP-nin Elsevər Şirəliyev adlı əməkdaşı kimə arxalanır?
21-06-2016, 22:40
Sürücülərin qənimi kimi xarakterizə olunan bu şəxs özünə külli miqdarda sərvət toplayıb Keşmiş polis rəisi Şahmar Paşayevi «zərərsizləşdirən» yol polisinin «moyka»sı, çayxanası, gözəllik salonu, mənzilləri var Şirvan Şəhər Polis Şöbəsinin DYP bölməsinin fəaliyyəti həm yerli sakinlərin, həm də həmin istiqamətdə səfər edən digər sürücülərin kəskin etirazına səbəb olur. Bu və digər bir sıra önəmli məqamlarla bağlı Gundelik-Baku.com-u bilgiləndirən mənbə iddia edir ki, Şirvan DYP-də qanunsuz əməlləri, sürücülərə qarşı yol verdiyi kobud rəftarı ilə ad çıxarmış yol polisi əməkdaşlarından biri də Elsevər Oruc oğlu Şirəliyevdir. Belə ki, Şirvan şəhər sakinlərinin onun əməllərindən təngə gəldiklərini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Elsevər Şirəliyev heç bir tutarlı səbəb olmadan sürücüləri saxlayır, onların əsəblərini tarıma çəkir, sonda isə istəyini reallaşdırır: «Deyilənlərə görə, hüquq-mühafizə orqanlarında, əsasən də DYP sistemində çalışan nüfuzlu şəxslərdən birinin adından istifadə edən Elsevər Şirəliyev heç kimdən və heç nədən çəkinmədən öz bildiyini edir, sürücüləri soymaqla sərvətini artırır. O, Şirvan DYP-də sanki bazar açıb. Belə ki, adıçəkilən yol polis əməkdaşı bir çox məsələləri məhz qarşılıqlı anlaşma yolu ilə həll edir. Şirvanlı sürücülərin sözlərinə görə, əksər hallarda onlara məhz Elsevər Şirəliyev vasitəsilə səbəbsiz yerə cərimə kəsilir. Bu barədə şikayət etdikdə isə deyirlər ki, artıq protokol yazılıb və cərimə ödənməlidir. Nəticədə sürücülər qanunsuz olmasına baxmayaraq, cəriməni ödəmək məcburiyyətində qalırlar. Deyilənlərə görə, Elsevər Şirəliyev bu cür yollarla, yəni sürücüləri əsassız yerə cərimələməklə özünə külli miqdarda sərvət toplayıb. Qeyd olunur ki, «559» nömrəli ən son model «Lexus Prado» markalı avtomobildə gəzən Elsevər Şirəliyevin Şirvan şəhərində «moyka»sı, çayxanası və gözəllik salonu, paytaxt Bakıda isə mənzilləri var». Adıçəkilən yol polisi əməkdaşının əvvəllər Nəvai postunda çalışdığını bildirən mənbə qeyd edir ki, Elsevər Şirəliyev həmin dönəmlərdə də sürücülərə göz verib işıq vermirdi: «Elsevər Şirəliyevi tanıyan hər kəs onu sürücülərin qənimi olduğunu deyir. Çünki bu adam qanunlara hörmətsizlik edərək, nə yolla olursa-olsun şəxsi maraqlarını təmin etməyə çalışır. Yəni istənilən qəza şəraiti yaradan şəxsi saxlayan Elsevər Şirəliyev sürücü ilə «danışıqlar»dan sonra ona 151.1 maddəsi ilə cərimə yazır. Bununla da o, həm şəxsi maraqlarını reallaşdırır, həm də gündəlik cərimə planını yerinə yetirir. Bu isə bir daha onu təsdiqləyir ki, Elsevər Şirəliyev yol polisi əməkdaşı olaraq öz fəaliyyətində «Polis haqqında» və «Yol hərəkəti haqqında» Qanunları, eyni zamanda Daxili İşlər Nazirliyinin əmr və göstərişlərini, digər normativ aktların tələblərini kobud surətdə pozur. Lakin buna baxmayaraq, hələ də onun barəsində müvafiq tədbir görülməyib. Onu da nəzərinizə çatdırım ki, Elsevər Şirəliyev hazırda Bakıda akademiyada təhsil alır. Bundan başqa, o, son 1 ay ərzində Gürcüstan, Türkiyə və Rusiya marşrutu üzrə istirahət edir. Yol polisi əməkdaşı mütəmadi Yesentukiyə gedir. Deyilənlərə görə, o, istirahəti ərəfəsində kifayət qədər məşhur «İzmaylov» otelində günü 100 dollarlıq nömrədə qalır». Mövzu ilə bağlı əldə etdiyimiz digər bir məlumatda isə deyilir ki, Şirvan Şəhər Polis Şöbəsinin DYP bölməsinin əməkdaşı Elsevər Şirəliyevin keşmiş polis rəisi polkovnik Şahmar Paşayevlə arasında problem olub: «Deyilənlərə görə, həmin dönəmdə Elsevər Şirəliyev Şahmar Paşayevi «zərərsizləşdirmək» məqsədilə onun barəsində icra başçısına şikayət edib. Belə ki, o, icra başçısına deyib ki, Şahmar Paşayev mənə sizi müşayət etməyimə imkan vermir. Məhz bundan sonra icra başçısı ilə polis rəisi arasında münasibətlər kəskin şəkildə pisləşib və nəticədə Şahmar Paşayev tutduğu postla vidalaşmalı olub. Məsəlinin maraqlı tərəfi ondadır ki, Elsevər Şirəliyev hələ də öz əməllərindən əl çəkməyib. Yəni o, indi də yola getməyi şəxsləri müxtəlif üsullarla «neytrallaşdırmağa» çalışır. Görünən odur ki, bu işdə ona DYP sistemində çalışan, kifayət qədər səlahiyyət sahibi olan himayədarı da yaxından köməklik göstərir…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com