Azərbaycanda doğuş qadağan edilən xəstəxana var imiş...
22-06-2016, 20:52
Salyanda üçəmlərin ikisinin doğuşdan sonra ölməsi kənd xəstəxanalarındakı mövcud vəziyyəti yenidən gündəmə gətirib. Baş çəkdiyimiz Şabranın Ağalıq kəndindəki sahə xəstəxanasının elə uzaqdan görünüşü buradakı xidmətin necə olmasından xəbər verir.
ANS PRESS-in məlumatına görə, 1969-cu ildə başqa məqsədlər üçün inşa edilən təmirsiz, qəzalı, uçuq-sökük binada yerləşən xəstəxana 15 çarpayılıqdır. Xəstəxanada doğum şöbəsi də var. Amma öyrəndik ki, burada doğuş aparılması qadağan edilib.
Ağalıq kənd sahə xəstəxanasının baş həkimi Faiq Quliyev qadağanın səbəbini belə izah edir. “Hazırda mama-ambulator məntəqəsi və doğum şöbəsi fəaliyyət göstərir. Ancaq ümumi sanitar qaydalara cavab vermədiyi və rayon mərkəzi xəstəxanası olduğuna görə doğuş üçün müraciət edənləri ora - rayon mərkəzi xəstəxanasına göndəririk. Həmçinin mərkəzi xəstəxanada hər bir tibbi avadanlığı olduğu üçün problemi olan hamilə qadınlar da ora göndərilir”.
Müşahidə göstərdi ki, xəstəxanda doğuş stolu və bir qisim avadanlıq var. İşıq sönəcəyi təqdirdə generatorun olub-olmaması ilə də maraqlandıq. Düzdür, generator var idi. Amma nə fayda? İşlək vəziyyətdə deyildi. Generatoru nə qədər işə salmaq istəsələr də alınmadı.
Ümumilikdə 35 işçisi olan sahə xəstəxanasında ginekoloq həkimə də ehtiyac var.
Şabran rayon mərkəzi xəstəxanasının baş həkimi Aslan Usubov rayonda 30 tibb müəssisəsindən 9-nun həkim ambulatoriyasının, 21-nin isə tibb məntəqəsinin olduğunu deyib. Həmçinin baş həkim doğuşlarının hamısının rayonda aparıldığı üçün generatora lüzum olmadığını deyib.
Elə isə baş həkimin həkim ambulatoriyası adlandırdığı, yerli həkimin isə sahə xəstəxanası hesab etdiyi Ağalıq kənd tibb müəssisəsinə qəfildən hamilə qadın gəlsə, enerji olmasa, onu bu nasaz generatorlamı xilas edəcəyik? Əgər belə hal baş verərsə, Salyan faciəsi təkrarlana bilər.