«Sirab» ASC-də baş verən cinayət hadisəsi ört-basdır edilir? - İDDİA

28-06-2016, 16:36           
«Sirab» ASC-də baş verən cinayət hadisəsi ört-basdır edilir? - İDDİA
Hazırda ölkə ərazisindəki mədən sularından biri də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi ərazisində, dağ ətəyində yerləşən Sirab mineral su yatağıdır. Qədim zamanlardan indiyədək həm içmək, həm də müalicə məqsədləri üçün istifadə olunan Sirab mineral su yatağından 20-ci əsrin 50-ci illərindən etibarən sənaye üsulu ilə istifadəyə başlanıb. Qeyd edək ki, «Sirab» mineral su zavodu keçmişdə ölkə iqtisadiyyatında öz əhəmiyyətinə və tərkibinə görə mühüm yer tuturdu. Lakin sovet ittifaqının dağılması ilə əlaqədar müəssisələrin iqtisadi əlaqələrinin pozulması nəticəsində «Sirab» zavodunun da istehsal gücü çox sürətlə aşağı düşdü. Nəhayət, 2003-cü ildə «Sirab» mineral su zavodu Səhmdar Cəmiyyətinə çevirildi və zavodda yenidənqurma işləri aparılmağa başlandı. Burada sex binası, inzibati bina, köməkçi sexlər təmir və ya bərpa edildi. Beləliklə, hazırda Babək «Sirab» ASC-də istehsal prosesinin Avropa, Türkiyə və Rusiya mənşəli avadanlıqlarla təchiz etməklə avtomatlaşdırılmış formada aparıldığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü bilgidə deyilir ki, adıçəkilən ASC-də 5 istehsal xəttini özündə birləşdirən 3 sex fəaliyyət göstərir: «Bu xətlərdə qazlaşdırılmış və qazlaşdırılmamış «Sirab» təbii mineral müalicəvi süfrə suyu 21 çeşiddə müxtəlif həcmli plastik və şüşə qablara doldurulur. Bu gün «Sirab» suyu Rusiya, Belarusiya, İran, Qazaxıstan, Türkiyə, Türkmənistan, Ukrayna və Baltikyanı ölkələrə ixrac olunur. Bütün bunlarla yanaşı, o da qeyd olunmalıdır ki, ötən il manatın iki dəfə devalvasiyaya məruz qalmasından istifadə edən bəzi işbazlar kimi «Sirab» ASC rəhbərliyi də süni şəkildə qiymət artımına gedib. Məsələn, deyilinlərə görə, tamamilə yerli məhsul olan «Sirab» sularının qiyməti təxminən, 30-40 faiz qaldırılıb, lakin buna görə hələ də heç kim məsuliyyətə cəlb olunmayıb. Bildirilir ki, ikinci devalvasiyadan sonra marketlərdə «Sirab» sularının həm qıtlığı yaranıb, həm də qiyməti qalxıb. Belə ki, devalvasiyayadək 1 litr «Sirab» suyunun qiyməti 50 qəpik olduğu halda, hazırda marketlərdə 70-75 qəpiyə, hətta bəzən 80 qəpiyə, 1.5 litrlik 70 qəpik olduğu halda, hazırda 90 qəpiyə təklif olunur. Bunun səbəbi kimi isə «Sirab» ASC-nin qiyməti artırması göstərilir». «Sirab» ASC-nin Kəlbəağıl vadisində – Sirab mineral su yatağından 2-3 kilometr aralıda zavod tikdiyini, adıçəkilən mineral suyun da həmin zavodda emal edilərək, müxtəlif həcmli qablarda satışa çıxarıldığını deyən mənbənin sözlərinə görə, «Sirab» suları devalvasiyadan qabaq da baha qiymətə satılırdı: «Yəni 1 litr su az qala 1 litr benzinin qiymətinə təklif olunurdu. Halbuki sudan fərqli olaraq, benzin mürəkkəb texnoloji proseslərdən sonra bazara çıxarılır. Hələ onun hasilat xərclərindən danışmıram. Devalvasiyadan sonra isə 1 litr «Sirab» suyunun qiyməti, hətta 1 litr benzindən də baha satılmağa başlanılıb. Nəzərinizə çatdırım ki, «Sirab» sularının istehsalında xaricdən gətirilən heç bir məhsuldan istifadə edilmir. Su da yerli xammaldır, yığıldığı qablar da. Dolların qalxması, xaricə də böyük miqdarda məhsul ixrac edən «Sirab» ASC-nin gəlirlərinin manatla ifadədə artması deməkdir. Belə olan halda bu zavod nəyə əsasən onsuz da istehlakçıya baha təklif etdiyi məhsulunun qiymətini bir qədər də artırıb?..» Bu arada, bir neçə gün əvvəl, daha dəqiq desək, iyun ayının 1-də Bakıda H.Əliyev prospekti 106 ünvanında yerləşən «Sirab» ASC-nin həyətində ölüm hadisəsinin baş verdiyini iddia edən məlumalı şəxs bildirir ki, hadisə zamanı Naxçıvan Muxtar Respublikası Babək rayon sakini, 1967-ci il təvəllüdlü Adil Əbilov ehtiyatsızlıq edərək zavodun həyətində yerləşən su hovuzuna yıxılaraq boğulub: «Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edim ki, mərhum Adil Əbilov adıçəkilən müəsissədə sürücü vəzifəsində çalışıb. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, bu yaxınlarda «Sirab» ASC-də yetərincə səs-küylü cinayət hadisəsi baş verib. Bu məsələ Abşeron Rayon Prokurorluğunda araşdırılsa da, Sərkərdə adlı şəxs Elçin adlı müstəntiqin suallarına cavab verməmək məqsədilə müxtəlif üsullara baş vurur və bu yolla ona ünvanlanan suallardan yayınmağa çalışır. Hələ bu, azmış kimi, o, cinayət törətmiş şəxsi müdafiə etmək naminə əlindən gələni edir, kimlərinsə yardımlarına baş vurub. Görünür, Sərkərdə adlı şəxs nəyin bahasına olursa-olsun «Sirab» ASC-də baş verən cinayət hadisəsini ört-basdır etməyə, cinayət törətmiş şəxsi məsuliyyətdən uzaq tutmağa çalışır. Yəqin ki, müvafiq qurumlar buna imkan verməyəcəklər…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işuqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.