Aqrar Universitetin rektoru politika.az-ın direktorunu tutdurmaq istəyir

1-07-2016, 13:32           
Aqrar Universitetin rektoru politika.az-ın direktorunu tutdurmaq istəyir
Politika.az saytının direktoru Xəyyam Salmanzadə həbs təhlükəsi ilə üzləşib. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun məhkəməyə verdiyi jurnalistin işi üzrə məhkəmə prosesi başlayıb
Ağdam Rayon Məhkəməsində gedən prosesə hakim Seyfəli Seyfullayev sədrlik edir.
Bununla bağlı müsavat.com-a danışan X.Salmanzadə rektorun onu həbs etdirmək cəhdlərinə bu cür aydınlıq gətirdi: “Övladım xəstə olduğundan hazırda İrandadır. Amma onun yanında ola bilmirəm. Bunlar məni oyuna gətiriblər. Ölkədən kənara çıxmıram ki, bundan istifadə edərlər. Məhkəməyə verilməyimə səbəb olan yazılardan biri “Daha bir təhsil orqanında korrupsiya faktı aşkarlandı” başlıqlı yazıdır. 2 may 2014-cü ildə dərc olunub. O vaxt bu saytı başqası, Anar Məmmədov adlı şəxs işlədib. Hətta o vaxt Ceyhun Osmanlı bir yazıya görə onu məhkəməyə vermişdi. Saytımızda dərc olunan digər yazı da “Hesablama Palatası Aqrar Universitetə çağırıldı” başlıqlı yazıdır. Bu yazı isə sia.az saytının yazısıdır. Məndən başqa yenilik.az, gündəlik.bakı və xalqxəbər.az saytları da bu xəbəri yayıblar. Hamımız da istinadla yazmışıq. Amma İbrahim Cəfərov nə bu xəbəri ilk yazan saytı, nə də bizdən başqa istinad edən digər saytları məhkəməyə verib. Yalnız məndən şikayət edib. Üçüncü yazımız isə, “İbrahim Cəfərovun üzü döndü, diplom işinə 500 manat” adlı yazıdır. Bu xəbər isə həm sosial şəbəkələrdə yayılıb, həm də mənim qohumum həmin universitetdə oxuyur. O mənə dedi ki, tələbələrdən 500 manat diploma pul yığırlar. Haqla danışsaq, bu günə qədər İbrahim müəllimin adı belə işlərdə hallanmayıb. Biz də materialı hazırlayıb, ona dəfələrlə zəng etmişik. Hətta feysbukda belə ona mesaj yazmışıq. Köməkçisinə də zəng etdik. Amma heç birinə cavan verməyib. Bizim də yaymaq istədiyimiz xəbəri bizdən əvvəl xalqxəbər.az saytı yayıb. Xəbər də batmasın deyə vermişik. Yazının içərisində İbrahim müəllimin bu günə qədər adının belə korrupsiya əməllərində hallanmadığını qeyd etmişik. Yazıda rektorun adının Rəsul Quliyevlə hallandığını bildirmişik. Yazının içərisində də müəllimin Gəncənin icra başçısı olmaq eşqinə düşdüyünü qeyd etmişik. Son iki faktı mətbuatda yayılan xəbərlərə uyğun şəkildə yazmışıq. Bizim yazdığımız yeganə fakt tələblərdən 550 manat tələb olunması ilə bağlıdır. 50 manat da pulu yığan müəllimə çatmalı imiş. Yazıdan sonra əks tərəf “Təzadlar” saytında əleyhimizə məqalə dərc etdirdilər. Rektorun köməkçisi ilə əlaqə saxlayıb dedim ki, yazıda bizi söymənizə baxmayaraq, həmin məqaləni bizə göndərsəniz dərc edərdik. “Təzadlar”dakı yazını heç bir düzəliş etmədən saytımıza qoyduq. Onların cavab yazısına cavab olaraq, biz də məqalə dərc etdik ki, normal polemika aparın, təhqirlə danışmayın. Məqalənin başlığı “İbrahim Cəfərov, soğan yeməmisənsə, için niyə göynəyir” idi. Bu şəxsin beynini kim doldurdusa, o, məhkəməyə müraciət edərək, 330 min manat təzminat və həbsimi tələb etdi. Sonradan məlum oldu ki, iddia ərizəsi düzgün yazılmayıb. Hakim iddianı rədd etdi. Sonra təzminatı 220 min manata salaraq, yenə də həbsimi tələb etdi. Artıq həbsim getdikcə reallaşır”.
Poltika.az-ın direktoru qardaşının şəhid olduğunu bildirdi: “Qardaşım 50 əsiri erməni girovluğundan xilas edərək, özü qəhrəmancasına şəhid olub. Valideynlərini itirən övladam. Böyrəyimi satıb universitetdə oxudum. Bərdədəki internat məktəbinin bir otağına sığınmışam. Dövlət 20 manat çörəkpulu verir. 220 min manatı ömrüm boyu çalışsam da, ödəyə bilmərəm. Üstəlik, həbsimi də tələb edir. Yoldaşım, övladlarım xəstədir. Nə mənim, nə də yoldaşımın yaxınları yoxdur. Həbsdə olsam, onlara kim baxacaq, yaxud onları kim xəstəxanaya aparacaq. Bütün bunları nəzərə alaraq, qardaşımın döyüş yoldaşları rektorun qəbuluna getdilər. Saatlarla onları günün altında saxlayandan sonra qəbul edib. Əlillərə deyib ki, Xəyyamı məhv edəcəm, qarşıma çıxmasın. Övladıma görə ölkədən çıxmağımın vacib olduğunu desələr də, İbrahim müəllim razı olmayıb. Artıq məhkəmə başlayıb, iyunun 28-də Ağdam Rayon Məhkəməsində Seyfəli Seyfullayevin başçılığı ilə baxış iclası keçirildi. Aldığım məlumata görə, İbrahim müəllim məni azı iki il həbsə saldırmaq istəyir. Cənab prezident çıxışlarında dəfələrlə deyib ki, söz azadlığına görə, kimsə həbs olunmamalıdır. Əli Həsənov da yaxınlarda dedi ki, yazılarına görə bizdə heç bir jurnalist həbs olunmur. Bütün bunları nəzərə alaraq, aidiyyatı qurumlara müraciət edirəm. Məsələyə ədaləti baxılması üçün”.
Yazıda adı keçən rektorun mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.