DYP polkovnikinin biznes imperiyası ilə bağlı ŞOK İDDİALAR

28-07-2016, 08:38           

Sosial şəbəkələrdə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi polkovnik Ağa Məmmədovun fəaliyyəti və biznes şəbəkəsi ilə bağlı məlumatlar yayılıb. Editor.az-ın məlumatına görə, sosial şəbəkələrdə bu haqda məlumat yayan istifadəçilər iddia edir ki, Ağa Məmmədovun yayılan məlumatlara əsasən xəbər verir ki, maaşı 1000 manatdan çox olmamasına baxmayaraq, onun sahib olduğu mülklərin sayı və hər bir mülkün dəyəri milyonlarla manat civarındadır. Sosial şəbəkə istifadəçiləri yazır:

"Polis haqqında Azərbaycan Respublikası qanununun 35-ci maddəsinin 1-ci bəndində açıq aydın yazılıb ki, - Polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir.

Bu zaman çox ciddi suallar ortaya çıxır. Bəs cənab polkovnik, Badamdar qəsəbəsi, 2-ci yaşayış şosesində ümumi dəyəri 3.000.000 (üç milyon) manatdan çox olan qeyri yaşayış sahəsini, həmin şossedəki 151 A ünvanındakı ümumi dəyəri 3.000.000 (üç milyon) manatdan çox olan 3 mərtəbəli xüsusi layihəli villanı, həmin villaya bitişik tikilmiş, ümumi dəyəri 5.000.000 (beş milyon) manatdan çox 4 mərtəbəli qeyri yaşayış binasını necə tikib? Hansı ki, həmin qeyri yaşayış sahəsi hazırda "NB Lazur" klinikası olaraq fəaliyyət göstərir. Bundan əlavə, Yasamal rayonu Ələkbər Ələskərov küçəsi 19 ünvanında yerləşən "Miracle" turizm şirkətini və Aqata gözəllik salonunu, həmçinin Lexsus 570 markalı, Toyota markalı və Mercedes markalı ən son model avtomobillərə necə sahiblənib?

Bütün bunlardan başqa şəhərin bir neçə yerində bahalı mənzillər, rayonlarda torpaq sahələri və sair.

Bir anlıq düşünək ki, çox hörmətli cənab polkovnik Ağa müəllim böyük bir biznes imperiyasına sahibdir və gecə gündüz çalışaraq əziyyət çəkib bu pulları “halallıqla” qazanıb. Olsun, hələ lap istəməyənin gözü çıxsın. Biz də istəyirik ki, Ağa müəllim xaricdəki biznesmenlərdən geri qalmasın. Həm ulduzu parıldasın, həm də özü ulduz kimi parıldasın. Sadəcə olaraq buradan bir əmma və bir sual çıxır. Bəs Ağa müəllimin çiyinlərindəki ulduzları necə gizlədək? Axı bu ölkənin prezidenti, Daxili işlər naziri inanıb, ona etimad göstərib, yüksək rütbə, yüksək vəzifə verib. Tutuduğu vəzifə ilə biznes fəaliyyəti bir birini tamamlamır axı. Hansı ki, bu barədə Polis haqqında Azərbaycan Respublikası qanununun 32-ci maddəsinin 1-ci bəndində çox açıq şəkildə yazılıb ki, - Polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz".

Sosial şəbəkə istifadəçiləri eyni zamanda iddia edirlər ki, DYP polkovnikinin villalarında və obyektlərində istifadə olunan daş, qum, sement, dam örtükləri, üzlüklər və bu kimi digər tikinti materialları, quraşdırılmış qurğular, nasoslar və digər avadanlıqlar hamısı DYP-nə aid obyektlərin, binaların tikintisində istifadə olunan materiallar və avadanlıqlardır:

"Bu da o deməkdir ki, bu adam dövlətin həm pulunu, həm də əmlakını talayır. Mənə inanmırsınızsa, buyurun, istənilən DYP postundakı materiallarla Ağa müəllimin mülklərindəki materialları müqayisə edin və özünüz fikir bildirin. Amma nəzərdən qaçırmayın ki, bizim bu hörmətli Ağa müəllim BDYPİ-də təchizat şöbəsinin rəisidir. Bu zaman asanlıqla məlum olacaq ki, cənab polkovnik Ağa müəllim əvvəlcə özünü təchiz edirmiş, artıq qalanlarlada DYP-nin işlərini aşırırmış".

Yayılan məlumatlarda daha sonra iddia olunur ki, əynində dövlətin uniforması, çiyinlərində polkovnik rütbəsi olan Ağa Məmmədov hər gün özünə məxsus olan NB Lazur klinikasına gələrək demək olar ki, direktordan tutmuş xadiməyə qədər bütün işçilərin işinə müdaxilə edir: "Amma heç bir işçi ilə nə əmək müqaviləsi bağlamır, nə də maaşlarını vaxtlı vaxtında vermir. Çün ki, cənab Ağa müəllim deyir ki, Əmək və Əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov mənim dostumdur. Klinikada çalışan heç bir həkim rəsmi qeydiyyatda yoxdur və nə də, nə həkimlərin nə digər tibb işçilərinin səhiyyə nazirliyi tərəfindən verilmiş sertifikasiya şəhadətnaməsi yoxdur. Kabinetlərə verilmiş lisenziyalar isə tamamilə saxtakarlıqla alınmışdır. Heç bir kabinet dövlət tərəfindən müəyyənləşdirilmiş standartlara uyğun gəlmir. Çox hörmətli cənab polkovnik Ağa müəllim isə, bütün işçilərə bildirir ki, Səhiyyə naziri cənab Oktay Şirəliyev onun dostudur, ona görə də, heç kimdən qorxub çəkinmir".

Qeyd olunanlarla bağlı Baş Dövlət Yol Polis İdarəsinin və şəxsən Ağa Məmmədovu dinləməyə, mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.