“Baku Medical Plaza”da sağlam uşağı öldürdülər – SƏHİYYƏMİZDƏ NÖVBƏTİ BİABIRÇILIQ

28-07-2016, 15:25           

Bakıda bir ailə “Baku Medical Plaza”nın fəaliyyətindən şikayət edib.
Ailə hesab edir ki, məhz bu kilinikanın əməkdaşlarının səhlənkarlığı nəticəsində onların orada yenicə dünyaya göz açmış qız uşağı dünyasını dəyişib.
Körpənin anası Ü.Y. (özünün xahişi ilə adını və soyadını ictimailəşdirmirik – red.) deyir ki, uşaq qüsursuz doğulmasına baxmayaraq, 2 gün sonra tələf olub. Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına da şikayət etdiklərini deyən ana baş verən hadisədən sonra hazırda şokda olduğunu bildirir:
“İyulun 19-u “Baku Medical Plaza”nın Mərkəzi filialında qeyseriyyə əməliyyatı ilə ikinci övladım dünyaya gəldi. Sapsağlam usaq idi. Hamiləlik vaxtı bütün müayinələrdə hər şey qaydasında olub. Doğulandan sonra da yoxlayıblar, hər şey qaydasında olub. Ən xırda problemi belə olmayıb. Amma doğulandan 2 gün sonra, yəni iyulun 21-i gecə uşağın vəziyyəti birdən pisləşib, ürəyi dayanıb. Birinci sual budur ki, bu uşaq birdən-birə niyə bu vəziyyətə düşüb, orada uşağa nə ediblər? İkincisi, niyə uşağa vaxtında köməklik göstərməyiblər? Niyə ürəyi dayanandan sonra həkim çağırıblar, mənə xəbər veriblər? Uşağın nə problemi ola bilərdi axı?
Problemi var idisə, əvvəldən aşkar etməli, aradan qaldırmaq üçün tədbir görməli idilər. Mən belə başa düşdüm ki, usağı xilas etmək üçün avadanlıqları da zəif idi. Çünki deyirdilər ki, uşaq bir az düzəlsə, başqa xəstəxanaya aparacağıq. Uşağı qoymaq üçün xüsusi aparatları belə yox idi, başqa xəstəxanadan gətizdirdilər. Bunlar hamısı oranın necə zəif bir yer olduğunu göstərir. Özləri ölümün konkret bir səbəbini deyə bilmədilər. Biz ekspertizaya göndərmişik.
Prokurorluğa şikayət vermişik. Nəticəni gözləyirik. Məsələni sonuna kimi araşdıracağıq. Baş verənlər mənə çox pis təsir elədi. Özümə gələ bilmirəm. Onların ifşa olunmağını istəyirəm. Sağlam uşaq öldü. Qoy bundan sonra insanlar xəstəxana seçimində diqqətli olsunlar. Bizim kimi ürəkləri yanmasın. Bəlkə də mənim başıma gələn hadisə orada baş verən ilk belə hal deyil. İnsan həyatı onlar üçün bu qədərmi əhəmiyyətsizdir?!”
Körpənin atası E.H. isə əmindir ki, baş verən hadisədə birbaşa klinika günahkardır:
“İyulun 20-dən 21-nə keçən gecə 2 günlük sağlam övladım “Baku Medical Plaza”da öldü. Hər şey normal getdiyi halda gecə zəng elədilər ki, uşağın ürəyi dayanıb, təcili gəlin. Xəstəxanada dedilər ki, növbətçi həkimin səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından olub. Bizə deyirlər ki, bir xətadır olub da. Necə yəni bir xətadır, olub?! Bu, insandır e. Biz sizə insan həyatını etibar eləmişik. Bunlar üçün ölüm çox adiləşib. Əgər uşaq xəstə doğulsaydı, nəsə qüsuru olsaydı, o başqa. Amma “Medical Plaza”da sağlam uşağı öldürdülər. Deyilənə görə, orada belə hallar çox olur. Amma hansısa bir vasitə ilə ört-basdır eləyirlər ki, söhbət kənara çıxmasın. Uşaq cəmi 2 günlük olmasına baxmayaraq, ona ad da qoymuşduq – Nilufər. İndi bizim halımızı təsəvvür etmək çətin deyil. Mən yenə birtəhər keçinirəm, amma anası, ümumiyyətlə, bərbad haldadır…”
Baş vermiş hadisə ilə bağlı “Baku Medical Plaza”nın da mövqeyini öyrənməyə çalışdıq. Klinikadan, həqiqətən də, belə bir hadisənin baş verdiyini təsdiq etdilər.
Klinikanın baş həkiminin müavini Lalə Şəkərova bildirdi ki, hələlik dəqiq heç nə deyə bilməzlər:
“Çünki araşdırma üçün ekspertizaya vermişik. Uşaq doğulanda onda hər hansı patoloji hal və ya qüsur müşahidə edilməyib. Amma hazırda ekspertizanın cavabını gözləyirik. Bizim özümüzə də maraqlıdır ki, görək ölümün səbəbi nədir. Çünki klinika tərəfdən hər hansı qüsur olmayıb. Bizdə avadanlıqlar köhnə deyil, təptəzədir. İşçilər tərəfindən də hər hansı səhlənkarlıq ola bilməzdi. Bu hadisə qəfildən olan bir şeydir. Ona görə də biz də ekspertizanın cavabını gözləyirik. Hazırda məsələ prokurorluğun nəzarətindədir”./milli.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.