“Əla “oyun” göstərdiniz, 6-cı qolu da mətbuat konfransında vurdular”

29-08-2024, 16:55           
“Əla “oyun” göstərdiniz, 6-cı qolu da mətbuat konfransında vurdular”
“Qarabağ” ötən gün Bakıda Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo” ilə cavab matçına çıxdı. Xatırlayırsınızsa, ötən həftə Zaqrebdəki “Maksimir” stadionunda baş tutan ilk matçda “Dinamo” 3:0 hesablı qələbə qazanmışdı.

Düzü, “Qarabağ” fanatlarının cavab görüşünə böyük ümidləri vardı. Hamısı mənim kimi düşünürdü ki, “Qarabağ”ın oyunçuları pley-off mərhələsini keçərək tapşırığı yerinə yetirəcəklər. Çünki klub rəhbərliyi elan etmişdi ki, komanda ÇL-in qrup mərhələsinə yüksəlsə, əsas heyət üzvlərinin hər biri 70 min manat civarında mükafat qazanacaq. Bu “Qarabağ”ın tarixində görünməmiş bir mükafat idi!

Baş məşqçi Qurban Qurbanov “od qiymətinə” alınan oyunçuların guya “ən yaxşılar”ını seçib meydana buraxmışdı: Mateuş Koxalski, 2. Mateus Silva, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo

Beləliklə, Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başladı.

Futbolçular ilk dəqiqələrdən sanki yorğun olduqlarını anlatmağa çalışırdılar. Yaxşı da anlatdılar. Futbolu izləyən hər kəs meydandakıların oyunu yola verdiyini anladı.

Rəqib Marko Pyatsa “Dinamo”nun bəxtini 33-cü dəqiqədə açdı: 0-1. Rəqibin qapısının yüksək səviyyədə qorunduğunu, qol vura bilməyəcəklərini anlayan “Qarabağ”çıların daha da ruhdan düşməsi gözdən qaçmadı. Sağ olsun, Mateus Silva ruh yüksəkliyini qaldırmaq üçün 1 qol vurdu! Amma rəqibin qapısına yox, öz qapımıza!

Əsas odur, sübut elədi ki, rəqibdən aciz deyil, nə olsun ki, öz qapısıdır, əsas olan odur ki qol vurmağı bacarır. İki oyun idi, rəqib komanda elə bilirdi ki, “Qarabağ”da qol vura biləcək futbolçu yoxdur! Yenə də sağ olsun Mateus! Onlara sübut elədi ki, qol vurmağı bacarır! Uzun sözün qısası, Mateus Silva 53-cü dəqiqədə avtoqol müəllifi oldu: 0-2.

Meydanda yeriməsi ilə yüyürməsi arasında fərq olmayan futbolçulardan biri də Kevin Medina idi. Tərifini “alaqapılara” həkk etmişdik. Medina 88-ci dəqiqədə qırmızı vərəqə aldı və “Qarabağ”ın gücünü lap azaltdı. Meydanda azlıqda qalan, çarəsiz “Qarabağın” köməyinə isə görüş vaxtının bitməsi çatdı.

Beləliklə “Dinamo” ümumi hesabla 5-0 qalib gəldi və “Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı.

Düzdür, “Qarabağ” bu nəticə ilə mübarizəni Avropa Liqasında davam etdirəcək. Amma komanda ÇL-dan kənarlaşdı, futbolçuların əli də 70 min manatdan üzüldü.

Bu oyunda sevinən, xoşbəxt olanlar isə bu 11 nəfər oldu: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine

Bir də “Dinamo”nun baş məşqçi Sergey Yakiroviç!

Xoşbəxt və məmnun görünən Sergey görüşlə bağlı açıqlamasında təsəvvür edin, 6-cı “qolu vurdu”. Dedi ki, “Qarabağ”ı yaxşı təhlil etdiyimizə görə uğurlu nəticə qazandıq.

“Komandamı təbrik edirəm. “Qarabağ”ı yaxşı təhlil etdiyimizə görə uğurlu nəticə qazandıq (Deməli, rəqib komanda da duyub ki, Qurban müəllimin balaları oyunu yola verir, vaxtı öldürür, müdafiəni düzgün təşkil etmir, hücumu vaxtında dəyərləndirmir-müəllif). Müdafiədə etibarlı çıxış etdik. Keyfiyyətli oyun göstərdiyimizi deyə bilərəm.

Təbii ki, çatışmayan cəhətlər də var idi. Bununla belə, ümumilikdə yaxşı oyun sərgilədik. Futbolçularıma təşəkkür edirəm. Düzgün şəkildə oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik”.

Media və sosial şəbəkələrdə isə baş məşqçi Qurban Qurbanovdan hesab tələb etmək əvəzinə, onun matça geyindiyi köynəyin qiymətinin 1835 manat olduğu müzakirə edilir. Bu camaatın da işi –gücü yoxdur! Aylıq maaşı 100 min manat olan adam gedib “Sədərək”dən 7-8 manatlıq qofta almayacaq ki? İşiniz gücünüz yoxdur, sizin???

Ötən il Azərbaycan yığmasının yəni, milli komandamızın 67 yaşlı sabiq baş məşqçisi Canni De Byazi seçmə mərhələnin ikinci turunda İsveçə 0:5 hesablı məğlubiyyətdən sonra dediyi “əla oyun göstərdik” sözləri gülüş doğururdu! Byazi demiş, əla “oyun” göstərdiniz! Day, indən sonra nağayrırsınız qayırın!

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.