ABŞ-ın orta qərbindən şərq sahilinə qədər güclü qar, buz və soyuq hava şəraiti hökm sürür
Dünən, 17:24
ABŞ-ın şərq sahili bazar ertəsi günə səhər saatlarından etibarən qar, külək və soyuq hava ilə başlayıb. Soyuq hava kütləsi mərkəzi və cənub ştatlarından şərqə doğru bir sıra ştatlarda məktəb və federal idarlərin bağlanmasına səbəb olub.
Kanzas, Nebraskanın qərbi və İndiana ştatının bəzi hissələrindəki əsas magistral yolları qar və buz bağlayıb. Bu ərazilərdəki Ştatların Milli Qvardiyası yolda qalan sürücrülərə kömək üçün aktiv iş rejiminə keçib.
Verilən proqnozlarda ən azı 20 santimetrə qədər qarın yağması, küləyin sürətinin isə saatda 72 km sürətə çatacağı gözlənilir.
ABŞ-ın Milli Hava Xidməti Kanzas və Missuridən Nyu Cersiyə qədər qış fırtınası ilə bağlı xəbərdarlığı yayıb.
Xidmət xəbərdarlığında bildirib ki, adı çəkilən bölgələrdə son on ilin ən gücülü qarı müşahidə oluna bilər.
Olduqca çox soyuq arktik hava kütləsi adətən şimal qütbünün ətrafında dövrə vurur. Lakin bəzi hallarda bu soyuq hava kütləsinin qütblərdən cənuba doğru irəliləməsi ABŞ, Avropa və Asiyada güclü soyuqlara səbəb olur.
Tədqiqatlar göstərir ki, qütb burulğanının tezliyinin artmasına səbəb qismən Arktikanın sürətlə istiləşməsidir.
İndiana, Virciniya və Kentukki ştatlarda artıq bazar günü günortadan sonra məktəblərin bağlanması ilə bağlı elanlar göndərilməyə başlayıb.