Məhkəmə jurnalist Natiq Cavadlını həbsdə saxlayıb
Dünən, 17:34
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib ki, məhkəmənin diqqətinə Natiq Cavadlının himayəsində yaşlı xəstə anasının, üç övladının olduğunu, daimi yaşayış yerinin olduğunu, polislərin onun yaşadığı evi çox yaxşı tanıdığını və istintaqın çağırışlarına gələcəyini çatdırıb.
“Amma məhkəmə şikayətimizi təmin etmədi. Bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”, o qeyd edib.
Məhkəmə iclasında Natiq Cavadlının özü də iştirak edib.
“Natiq bildirdi ki, onun həbs edilməsi çox gülməlidir. Dedi ki, neçə illərdir jurnalistdir, hamı onun yaxşı tanıyır. Natiq hakimin diqqətinə çatdırdı ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevin vatsap qrupunda olub, onunla hər gün əlaqə saxlayıb, müsahibələr alıb. O həm də dedi ki, polisin ona qarşı hazırladığı ittiham başa düşülmür. İttiham bir səhifədir və cəmi bir cümlədən ibarətdir. Cümlənin başı ilə ayağı bir-birinə uyğun gəlmir, mənası da başa düşülmür. Bu, Azərbaycan dilinə hörmətsizlikdir. Natiq həmçinin bildirdi ki, Asif ATA-nın “Kasıblıqdan utanma, halallıqdan usanma” məşhur sözünü özü üçün həyat şüarı seçib”, vəkil jurnalistə istinadən qeyd edib.
Natiq Cavadlı evində polislərin axtarış aparması ilə bağlı da danışıb.
“Polislər axtarış zamanı evdə pul tapmayıblar. Bundan sonra qızıl axtarıblar. Deyiblər ki, yəqin pullara qızıl alıblar. Onun həyat yoldaşından qızılların yerini soruşublar”, jurnalist ironiya ilə deyib.
Yanvarın 17-də Xətai Rayon Məhkəməsi Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.
Ötən il dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.
“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, nəşrin bəyanatında qeyd edilib.
“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman təzyiqlərlə üzləşib.
2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.