Bacılar təhdid olunur, polis isə biganəlik göstərir?

14-01-2017, 00:04           

Hamıya məlumdur ki, əksər qətl hadisələri qatı cinayətkarlar yox, adi insanlar tərəfindən məişət zəminində baş verir. Araşdırma zamanı məlum olur ki, polis əməkdaşları vaxtında müdaxilə etsəydilər, bu cinayətlərin qarşısını almaq mümkün olardı.

Bu günlərdə LEGİON-a Bakı sakini Afina Musayeva və onun bacısı Tunzalə Musayeva müraciət ediblər.
“Bundan bir neçə il əvvəl Kənan Babayev adlı şəxslə tanış olmuşdum. Kənan Buzovna qəsəbəsində yaşayır və şəxsi kafesi var. O vaxt mən xalamın mənzilində yaşayırdım. O, mənimlə ailə qurmaq istədiyini bildirmiş və anasını elçi göndərmişdi. Amma mənim ailəm onun öz qohumuna evli olduğunu və bir oğlu olduğunu öyrənərək,rədd cavabı verdilər.
Kənan boşanacağını desə də, mərhum anam bildirdi ki, qızının başqa ailənin dağılmasına səbəb olmasını istəmir. Buna görə də, mən onun evlənmə təklifini rədd etdim. Amma o, məndən əl çəkmir”, - deyə Afina Musayeva bildirdi.
Onun sözlərinə görə, Kənan Babayevdən xoşluqla ayrılmağa çalışıb: “Mən ondan xahiş etdim ki, məni rahat buraxsın. Amma ona söz təsir eləmir. Tez-tez evimizə zəng edir, təhdidlər səsləndirir və ona ərə getməyimi tələb edir. Adi təhdidlərlə belə, Kənan Babayev kifayətlənmir. Zənglərinə cavab verməyəndə, həyətimizə gələrək, evimizin qapısını sındırmağa çalışır. Kənan Babayev deyir ki, həbsdən bu yaxınlarda çıxmış qardaşına məni öldürtdürəcək”.
A.Musayeva qeyd etdi ki, onu təhdid edən K.Babayevə hüquq mühafizə orqanlarına şikayət edəcəyi barədə xəbərdarlıq edib. “O isə dedi ki, heç kimdən qorxmur və polisdə Mehman adlı qohumu var. Həmçinin, dövlətin və Prezidentin ünvanına nalayiq sözlər dedi”, - deyə A.Musayeva vurğuladı.
Onun bacısı Tünzalə Musayeva isə bildirdi: “Kənan Babayev məni də təhdid edir. 2017-ci ilin yanvarında mən 102 xidmətinə zəng edərək, Kənan Babayev tərəfindən təhdid olunduğumu bildirdim. Bizə bildirdilər ki, sahə inspektoru bu işlə məşğul olacaq. Amma hələ də, sahə inspektorundan xəbər yoxdur”.

A.Musayeva qeyd edib ki, bu günlərdə 16-cı polis bölməsinin Səid adlı təhqiqatçısı yaşadıqları həyətə gəlib: “Bu vaxt Kənan həyətdə məni təhdid edirdi. Təhqiqatçı özü də haqlı olduğuma gözləriylə şahid olmuşdu. Təhqiqatçı məni, bacımı və Kənanı 16-cı polis bölməsinə apardı”.
Onun sözlərinə görə, K.Babayev öz təhdidlərinə polis bölməsində də davam edib, lakin onu bundan sonra belə sərbəst buraxıblar: “Polisdə dedilər ki, bir şəxsi 3 saatdan çox saxlaya bilməzlər. Ondan sonra işi Səfalı adlı təhqiqatçıya tapşırdılar”.

Bacıların qeyd etdiyinə görə, təhdidlər davam etdikdə onlar Səfalı adlı təhqiqatçıya zəng ediblər, amma təhqiqatçı bildirib ki, bu işlə sahə inspektoru Münasib Əliyev məşğul olur.

Tünzalə Musayeva vurğulayıb ki, Kənan Babayev polisin biganəliyindən istifadə edərək, təhdidlərini davam etdirir: “Mən Kənan Babayevin təhdid dolu səs yazılarını Səid və Səfalıya göndərdim, amma yenə də tədbir görülmədi”.
Kənan Babayev doğrudandamı Musayeva bacılarını təhdid edib və söhbət zamanı dövlət başçısı haqqında nalayiq ifadələr işlədib? Biz Kənan Babayevlə də danışmaq qərarına gəldik. “Biz Afina Musayeva ilə artıq razılaşmışıq. Bacısı və dayısıyla görüşmüşük. Sabah başqa bir dayısıyla da görüşəcəyik”, - deyə Kənan Babayev LEGİON-a bildirdi.
“Afina Musayeva bizə səs yazıları atıb və orda siz onu təhqir edirsiniz”, - deyə xatırlatdıq. “O da məni təhqir edib. Hər şey keçmişdə qalıb”, - deyə K.Babayev cavab verdi. “Onun sözlərinə görə, siz yanvarın ilk günlərində təhdidlər səsləndirmisiniz”, - deyə qeyd etdik. “Bəli, olub. Ondan sonra biz polis bölməsində toplandıq və izahat yazdıq”, - deyə K.Babayev bildirdi. “Afina Musayevanın sözlərinə görə, siz Prezidenti də təhqir etmisiniz”, - deyə bildirdik.
“Bu doğru deyil. Mən Prezidentə qurban olaram. Yadıma gəlir, onda Afina mənə nəsə demişdi... Mən əsəbi adamam, əsəblərim qaydasında deyil”, - deyə K.Babayev cavab verdi.
Biz Nərimanov RPİ-nin 16-cı polis bölməsinin təhqiqatçısı Səidlə də əlaqə saxladıq. “Onların şikayəti Münasib Əliyevə yönəldilib. Münasib Əliyev işdə olmadığına görə, bu məsələylə mən məşğul olmuşdum. Afina Musayevanın yaşadığı əraziyə getdim, onu, bacısını, eləcə də Kənan Babayevi bölməyə gətirdik. Bacılar ərizə yazdılar, Kənan Babayevdən də məsələylə bağlı izahat aldıq”, - deyə Səid cavab verdi.
Afina və Tünzalə Musayeva bacılarının söz açdığı səs yazıları haqda soruşduqda, təhqiqatçı təsdiq etdi ki, həqiqətən də ona bu səs yazıları göndərilib: “Mən bu səs yazılarını sahə inspektoruna təqdim etdim. “Siz səs yazılarını dinlədiniz?”, - deyə soruşduq. “Bəli. Səs yazıları müraciətdən bir neçə gün sonra təqdim olundu”, - deyə təhqiqatçı cavab verdi.
“Onların sözlərinə görə, bu səs yazılarının birində Kənan Babayev prezidenti təhqir edir. Niyə tədbir görmədiniz?”, - deyə soruşduq. “Musayeva bacıları mənə prezidentin təhqir olunduğu bir səs yazısı göndərməyiblər”, təhqiqatçı bildirdi.
Digər Təhqiqatçı Səfalı isə LEGİON-a bildirdi ki, işə o baxmır: “Və mən o səs yazılarını dinləməmişəm.
Xatırladaq ki, ötən il noyabrın 17-də Milli Məclisin plenar iclasına tövsiyə edilən qanun layihəsini hüquq üzrə elmlər doktoru, Vəkillər Kollegiyasının üzvü Ayxan Rüstəmzadə şərh edib. Hüquqçu alimin sözlərinə görə, baş prokuror Zakir Qaralov tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsində qeyd olunan təkliflər Azərbaycan Respublikasının cinayət qanunvericiliyi üçün yeni deyil: “Belə ki, Azərbaycan Respublikasının hal-hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 323.1-ci maddəsinə əsasən, Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Başqa sözlə desək, Cinayət Məcəlləsinin hazırkı redaksiyasında prezidentin şərəf və ləyaqətinin təhqir olunması kriminallaşdırılmışdır.
Həmçinin, həmin cinayətin obyektiv cəhətini təhlil etdikdə müəyyən olunur ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun definitiv normaları özündə əks etdirən 3-cü maddəsində kütləvi informasiya vasitəsi anlayışı aşağıdakı kimi leqal definisiya olunmuşdur: “kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları” (oxu.az).















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.