ARDNŞ-nin torpaqlarını zəbt edən Azər Ağayev həbs edilə bilər

14-07-2015, 12:23           
ARDNŞ-nin torpaqlarını zəbt edən Azər Ağayev həbs edilə bilər
Salyan rayonunda fəaliyyət göstərən "Samir şirkəti" MMC-nin rəhbəri, iş adamı Azər Ağayevlə bağlı redaksiyamıza şok məlumatlar daxil olub. Həmin informasiyalara keçməmişdən öncə bildirək ki, şirkət rayonun Qarabağlı kəndində yerləşir. Çörək və çörək məmulatlarının istehsalı ilə məşğul olan MMC-də 100-ə yaxın işçi çalışır.

Xatırladaq ki, bir neçə ay əvvəl iş adamı Azər Ağayevin barəsində hüquq-mühafizə orqanlarına şikayət göndərilib. Məlumatlara görə, Salyanın Qarabağlı, Kərimbəyli və Yolüstü kənd və qəsəbələrində geniş ticarət, restoran biznesi ilə məşğul olan iş adamı bir qrup kənd sakinini öyrədərək "Salyan Oil Ltd" əməliyyat şirkətinin bu ərazidə fəaliyyət göstərən ofisi önündə etiraz aksiyası keçirməsini təşkil etdirib. "O "Salyan Oil Ltd" əməliyyat şirkətinin balansında olan neft-qaz ərazilərində, yəni Salyan-Şirvan şossesinin kənarından keçən neft-qaz borularının üzərində "Azəri" şadlıq evi, restoran-kafe, ticarət mərkəzləri və super-marketlər inşa etdirib. Bu obyektlərin əksəriyyəti iş adamının oğlu Samir Ağayevin adına rəsmiləşdirilib. Bundan əlavə, sahibkar Kərimbəyli kəndi ərazisində yerləşən və "Salyan Oil Ltd" əməliyyat şirkətinin balansında olan süni gölü də rəhmətə getmiş bələdiyyə sədrinin imzası ilə saxta formada rəsmiləşdirib, aidiyyəti təşkilatlara təqdim edən zaman ifşa olunub. "Salyan Oil Ltd" əməliyyat şirkətinin, eləcə də rayon icra hakimiyyətinin bir neçə dəfə etdiyi xəbərdarlığa baxmayaraq, həmin ticarət və iaşə obyektləri fəaliyyətini hələ də davam etdirir", deyə məlumatda vurğulanıb.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, "Samir şirkəti" MMC-nin rəhbəri bir sıra qanunları pozaraq böyük maliyyə imkanlarına sahib çıxmağı bacarıb. Hələ bu azmış kimi ARDNŞ-in Salyan rayonu ərazisində və Neft Şirkətinin daimi istifadəsində olan ərazilərin də bir hissəsini zəbt edərək qanunsuz obyekt tikdirib: "Şirkət rəhbəri göz görə-görə qanunları ayaq altına atır. Onun özünə sərvət yığdığı torpaq sahələrinin əksəriyyəti Dövlət Neft Şirkətinin balansındadır. Salyan rayonunun rəhbərliyinin müraciəti əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin müdiri tərəfindən "Salyan Oil Ltd" əməliyyat şirkətinin baş meneceri Tsay Şinə müvafiq məktub göndərilib.

Bu məktubda ARDNŞ-in daimi istifadəsindəki ərazilərdə "Samir şirkəti" MMC-yə məxsus olan obyekt və əkin sahələri barədə rəsmi məlumat verilməsi xahiş olunub. Məktubla əlaqədar "Samir şirkəti" MMC-yə məxsus obyekt və əkin sahələrinə baxış keçirərkən bir sıra qanunsuz faktlar aşkar edilib və bununla bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib. Belə ki, "Samir şirkəti" MMC-nin tikinti materialları satış mağazası, şadlıq evi tikintisi məqsədilə ayrılmış 0,58 ha torpaq sahəsinə baxış keçirilib. Həmin torpaq sahəsinin isə ərazidən keçən neft borularının üstündə yerləşdiyi, ərazidəki qaz kompressorunun 5 metrliyində fəaliyyət göstərdiyi və ARDNŞ-ə məxsus torpaq sahəsi olduğu müəyyənləşib.

O da məlum olub ki, Salyan-Şirvan yolunun sağ tərəfində şirkətə aid Mürsəlov Mürsəl Sakit oğlunun adına çıxarışla mülkiyyətə verilən 0,12 ha torpaq sahəsi, digər bir çıxarışla "Samir şirkəti" MMC-nin cənubunda xüsusi mülkiyyətə verilmiş 0,125 ha torpaq sahəsi, onun üzərində tikilmiş tikililər də ARDNŞ-ə məxsus olan ərazidə yerləşir. "Salyan OİL Ltd" əməliyyat şirkətinin rəhbərliyi tərəfindən "Samir şirkəti" MMC-nin təsisçisi və direktoru Azər Ağayevin Neft Şirkətinə məxsus torpaq sahələrində qanunsuz olaraq faəliyyət göstərməsi və neft-qaz boru xətləri üzərində obyekt tikintisi həyata keçirməsi barədə aidiyyəti hüquq-mühafizə orqanlarına şikayət olunub. Həmçinin onun bir sıra bizneslərini idarə edən, hazırda Polis Akademiyasında təhsil alan oğlu Xeyrəddin Ağayevin fəaliyyəti barədə də aidiyyəti orqanlara müvafiq informasiya çatdırılıb". Mötəbər mənbənin bildirdiyinə görə, Salyanda dövlətə məxsus torpaqları zəbt edərək özünə biznes obyektləri tikən, digər tərəfdən sakinlərin etiraz aksiyasını təşkil etməyə cəhd göstərən Azər Ağayevin barəsində tezliklə hüquqi ölçü götürüləcək: "İş adamı hər an həbs edilə bilər. Onun barəsində aidiyyəti hüquq-mühafizə orqanlarına daxil olmuş materiallar əsasında geniş araşdırma gedir. Bu araşdırmalar yekunlaşan kimi MMC rəhbərinin haqqında həbs qərarı verilə bilər". Növbəti saylarımızda Azər Ağayevin bələdiyyədə işləyərkən törətdiyi qanun pozuntuları, bəzi şəxslərlə münasibətləri və çox hörmətli insanlardan birinin adından harda gəldi istifadə etməsi barədə tükürpədən yazı dərc edəcəyik. \\ gundelik-baku.com \\

Qarşı tərəfi də dinləyə bilərik.

P.S Növbəti sayımızda, Azər Ağayev hansı komitə sədrinin və hansı hüquq-mühafizə orqanları işçilərinin adından istifadə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.