Zakir Həsənov və Nəcməddin Sadıkov Azərbaycanın ən güclü generalları ilə əvəzlənir
11-04-2018, 00:00
Müdafiə naziri Zakir Həsənovun prezident seçkilərindən sonra vəzifəsindən uzaqlaşdırılacağını xəbər vermişdik.
Məlumatda qeyd olunurdu ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusundakı idarəçilikdən razi deyil. Bu səbəbdən Zakir Həsənovun əvəzlənəcəyi bildirilir.
Məlumatda qeyd etmişdik ki, prezident seçkilərindən sonra Ali Baş Komandanın orduda ciddi kadr dəyişiklikləri edəcək.
Qeyd edək ki, prezidentliyə namizədlərin teledebatların birində Qüdrət Həsənquliyev müdafiə naziri postuna mülki şəxsin gətirilməsinin və orduya ictimai nəzarətin vacibliyini vurğulamışdı.
Bu arada GunAz.org-a daxil olan məlumatlara görə, 20 faiz ərazisi işğal altında olan Azərbaycan Ordusunun başına mülkü şəxs deyil, döyüş təcrübəsi olan və Milli Orduda böyük nüfuza malik olan genaral gətiriləcək.
Məlumatda qeyd olunur ki, müdafiə naziri postuna general Talıb Məmmədov gətiriləcək. Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə isə general Rövşən Əkbərov təyin edilə bilər.
Qeyd edək ki, general-leytenant Talıb Məmmədov Qarabağ döyüşlərinin ən qızğın vaxtlarında Ağdam istiqamətindəki hərbi hissədə xidmət keçib, daha sonra isə MN-in Kəşfiyyat İdarəsinə rəhbərlik edib. Mərhum prezident Heydər Əliyevin dönəmində MN-də ən məlumatlı və etibarlı zabitlərdən biri kimi tanınıb. Öz işini dərindən bilən zabit kimi tez-tez Ali Baş Komandana mühüm məlumatları şəxsən məruzə edib. Lakin 2003-cü ildən başlayaraq MN-in indiki rəhbərliyi ilə aralarında yaranmış bəzi narazılıqlara görə MN mərkəzi aparatından uzaqlaşdırılaraq, əvvəl Pakistan İslam Respublikasındakı səfirliyimizdə hərbi attaşe vəzifəsinə, daha sonra isə nazirliyin o qədər də önəmli sayılmayan Hərbi-Elmi Mərkəzinə (HEM) aşağı vəzifəyə təyin olunub. 2009-cü ildən isə ehtiyyata buraxılıb.
Rövşən Əkbərov da təcrübəli və cəsarətli hərbçi kimi xarakterizə olunmaqla yanaşı Ali Baş Komandanın etimadını qazanan generallardan biridir.
Talıb Məmmədov və Rövşən Əkbərovun Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilməsi həm də Azərbaycanın ərazisinin bir hissəsini işğal edən Ermənistana və Azərbaycanı güzəştə getməyə məcbur etmək istəyən supergüclərə veriləcək bir mesaj olacaq.
Xüsusi qeyd: teref.az olaraq qeyd etmək isətyirik ki, yuxarıda qeyd olunan faktlar heçdə ağlabatan görünmür.