Niyə Baş Prokurorluq 20 ildən sonra Qarabağ qızılına görə narahat olub?
11-04-2018, 00:00
2018-ci il martın sonlarında Azərbaycan Baş Prokurorluğu və AzerGold QSC bəyan ediblər ki, işğal edilmiş ərazilərdə faydalı qazıntıların qanunsuz hasilatı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət göndəriləcək. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən Vallex Group, Base Metals, ACP, Lerna Metalurgiayi İnstitute, Teghout və digər qurumların rəhbərləri, həmçinin Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkili üçün dəfələrlə qanunsuz olaraq Azərbaycanın dövlət sərhəddini keçiblər.
İşğal edilmiş Kəlbəcər (Söyüdlü, Qızılbulaq), Zəngilan (Vejnəli) və Tərtər (Dəmirli və digər yataqlar) rayonlarda yerləşən yataqlarda böyük miqdarda qızıl və digər əlvan metalların hasilatından qanunsuz gəlir əldə edilib. Faktlar “Azərkosmos” peyki tərəfindən çəkilən lentlərlə təsdiqlənib. Auditor şirkətinin mütəxəssisləri Azərbaycana dəyən zərərin həcminin müəyyən olunmasına kömək edə bilər”, – Baş Prokororluq və AzerGold-un birgə bəyanatında deyilir.
İşğal edilmiş ərazilərdə qızılın məinmsənilməsi Azərbaycan rəhbərliyinin yadına gec düşüb. Belə ki, öncə Yerevana, sonra da xaricə tonlarla Qarabağ qızılı göndərilib, bir hissə isə Ermənistanın qızıl-valyuta ehtiyatlarına yatırılıb. İşğal edilmiş torpaqlarda yataqların işlənməsini və istismarını gizlətməyiblər. Bakı bu faktlar ilə niyə öncədən maraqlanmayıb?
Qarabağın “Tretya Sila Plyus” qəzeti Dağlıq Qarabağda və Azərbaycanın digər rayonlarındakı “qızıl mafiyası” haqda dəfələrlə yazıb. Qəzet DQ rəhbəri B.Saakyanın və prezident S.Sarqsyanın səyləri və Kremlin birbaşa iştirakı ilə qapadılıb, – qəzetin baş redaktoru Vaqram Ağacanyan bildirib.
“Dağlıq Qarabağda demək olar ki, adamlar qızılın üzərində gəzirlər. Ancaq hakimiyyətin səriştəsizliyi, yarıtmaz dövlət menecmenti və xarici sifariş səbəbindən onlar diyarın zəngin potensialının 10%-ni belə reallaşdırmaq istəmirlər”, – qəzet yazırdı. Regionda şayiələr dolaşırdı ki, Qarabağ hakimiyyəti on tonlarla Qarabağ qızılını gizli olaraq ölkə xaricinə daşıtdırır. Regionda bütöv bir qızıl hasilatı sahəsi yaradılıb, rəsmi Bakı isə bu illər ərzində susaraq müşahidə edib. Niyə?
V.Ağacanyan rusiyalı araşdırmaçı Aleksey Baliyevdən sitat gətirib. O bildirib ki, “Ermənistanın 30-dan çox şirkəti Dağlıq Qarabağda qızıl və digər resurslar hasil edirlər. Ermənistanın qızıl hasilatı ilə məşğul olan şirkətlərindən biri (FDM) bu regionda fəaliyyətə 2001-ci ildə başlayıb. O vaxtdan 16 tondan çox qızıl çıxarıb, təkcə 2008-ci ildə 4 tondan çox olub(!)”
Onun sözlərinə görə, “Dağlıq Qarabağda cəmi 155 kəşf edilmiş xammal yatağı var. Burada əsasən sənaye ehtiyatları, o cümlədən 5 qızıl-filiz, 6 civə, 2 mis, 1 qurğuşun, 1 sink, 14 yarı qiymətli daşlar, 9 gips, 5 mərmər-tuf, 10 mineral su, 1 müalicə palçığı yatağı var.
2008-ci ilin məlumatna görə, hələ qədim zamanlardan çoxsaylı metal növü, xüsusilə sink, qurğuşun, mis, qızıl, dəmir, kükürd kolçedanı yataqları aşkar edilib.
Həmçinin regionda çoxlu mərmər və müxtəlif rəngli çalarları olan mərmər əhəngdaşı yatağı var. Burada qranit, bazalt, tuf, qrafit istehsalı üçün xammal ehtiyatları var.
Moskvada mühəndislik araşdırmaları, layihələndirmə, faydalı qazıntıların axtarışı və kəşfiyyatı üzrə ixtisaslaşan Geologix Group şirkəti Dağlıq Qarabağda miqyaslı qızıl hasilatına başlamaq niyyətindədir. Bu barədə təsisçilər Nikita Koçev və Pavel Kopıtin “Sekret firmı” jurnalının əməkdaşı Nastya Çernikovaya bildiriblər. Onlar jurnalistə müsahibədə deyiblər ki, Ermənistanda qızıl hasilatına lisenziya üçün təklif alıblar. O zaman Dağlıq Qarabağda başqa yatağa da baxılması ideyası irəli sürülüb.
Sovet illərində aparılmış ekspedisiyaya əsasən işğal edilmiş ərazilərdə 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 mln. ton mis, 660 000 ton qurğuşun və digər metal ehtiyatları var.
“Bu yatağı əldə etmək çox asan oldu. Tanınmamış respublikada rəqabət praktiki olaraq yoxdur. Yataqların sahibi Dağlıq Qarabağ hakimiyyətinin nümayəndələridir. Onlar öz tərəfdaşlarını DQ prezidenti Bako Saakyanla görüşə dəvət ediblər”, – N.Çernikova yazıb.
Rusiya müəssisəsinin rəhbəri N.Koçev və P.Kopıtin ona bildiriblər ki, onların şirkəti hələ 2015-ci ilin yayında Dağlıq Qarabağda qızıl hasilatını planlaşdırırdı. Bu hasilat başladı ya yox “nədənsə” gizli qaldı. Fransa mənbələrinin məlumatına görə, Dağlıq Qarabağda qızıl hasil edən avadanlıqların çoxunu Fransadan gətiriblər.
V.Ağacanyan Ernmənistan və DQ prezidentlərindən və hökumətlərindən tələb ki, Rusiya ekspertlərinin və KİV-lərinin məlumatlarını təkzib etsinlər, onları dezinformasiya adlandırsınlar və ya minimum 16 ton Qarabağ qızılının hər kiloqramının hara aparılması və nəyə sərf edilməsi barədə ictimaiyyətə açıqlama versinlər.
Müdafiə ehtiyaclarına nə qədər xərclənib, DQ-də maaşlarının və pensiyaların artırılmasına nə qədər sərf olunub. Əgər xərclənməyibsə haradadır?, V.Ağacanyan sual edib.
Azərbaycanın müvafiq xidmət orqanları bundan xəbərsiz ola bilməzdilər. Biz isə bilirik ki, ləğv edilmiş MTN-in həbs olunmamış rəhbəri Eldar Mahmudov həmin illərdə tamamilə başqa fəaliyyətlə məşğul olub – azərbaycanlı biznesmenləri şantaj edərək milyonlarını əllərindən alıb.
Niyə Azərbaycan hakimiyyəti susub, baxmayaraq ki, Qarabağda qanunsuz qızıl hasilatı təxminən 90-cı illərin sonlarından başlayıb və ermənilər bunu heç zaman gizlətməyiblər. Bəlkə ona görə ki əsas qızıl oğrusu Rusiya şirkətləri olublar?
Turan.az