Adil Əliyevdən seçki qanunverciliyinin pozulmasına yönəlik addım
11-04-2018, 00:00
Mərkəzi Seçki Komissiyası onun bu hərəkətinə qiymət verəcəkmi?
Deputat prezident və prezidentliyə namizəd İlham Əliyevə qarşı
Bir neçə gün öncə ədliyyə nazirinin müavini general Məhərrəm Əliyevin qardaşı, Milli Məclisin deputatı Adil Əliyevin Almaniya Federativ Respublikasının Köln şəhərində 31 may azərbaycanlıların soyqırımı münasibətilə tədbir keçirəcəyini anons etmişdi. Tədbir baş tutub. Anım mərasiminə xeyli azərbaycanlının toplandığını görən deputat fürsəti fövtə verməyib, bu toplantıdan siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərib.
Toplantını həm də hazırki prezident və prezidentliyə namizəd İlham Əliyevə dəstək aksiyasına çevrimək istəyib. Toplantı çərçivəsində “İlhamla irəli” kampaniyası aparmaq istəyən Adil Əliyev mühacir azərbaycanlıların ciddi təzyiqi ilə qarşılaşıb. Bu barədə mediada ətraflı informasiya verildiyindən detallara toxunmaq istəmirik. Oxucuların diqqətini tamamilə başqa istiqamətə çəkmək istəyirik. A.Əliyev xaricdə prezidentliyə namizədin xeyrinə kampaniya aparması Azərbaycanın seçki qanunvericiliyinin kobud şəkildə pozulmasına sövq etmə kimi dəyərləndirilməlidir. Belə ki, qüvvədə olan Seçki Məcəlləsinin tələblərinə görə, xarici hüquqi və fiziki şəxslər seçkiqabağı təşviqat və təbliğat kampaniyasında iştirak edə bilməzlər. Nəzərə alsaq ki, o toplantıda iştirak edən azərbaycanlıların bir hissəsi artıq Almaniyada vətəndaşlıq almış fiziki şəxslərdir və onların seçkiqabağı təşviqatda iştirakı ciddi qanun pozuntusudur. Ola bilər ki, həmin şəxslər qanunun bu tələbindən xəbərsizdirlər və özləri bilmədən bu tədbirə qatılıblar.
Eyni zamanda deputat Adil Əliyev tədbirlə bağlı onu tənqid edənlərə qarşı sosial şəbəkədə geniş şərhlə çıxış edib. Həmin şərhdə deputat bildirir ki, toplantıda Almaniya vətəndaşları ilə birlikdə Türkiyə vətəndaşları da iştirak edib. Sitat: “Toplantıya qatılan Almaniya vətəndaşı olan gənclərin bir hissəsi soydaşlarımız, bir hissəsi isə Anadolu Türkləri idi”.
Xatırladaq ki, xarici ölkə vətəndaşlarının seçkiqabağı təşviqat kampaniyasında iştirakı isə kobud qanun pozuntusudur. Həmin şərhdə Adil Əliyev toplantının xərci dövlət büdcəsindən ödənildiyi iddiasını təkzib edib. Deputat vurğulayıb ki, əgər həmin toplantı dövlət tərəfindən maliyyələdirilsəydi, onda toplantıda səfirliyimizin diplomatları və ya Diaspora Komitəsinin nümayəndələri iştirak edərdilər. Bizdə olan məlumata görə, həmin tədbirdə Azərbaycanın Almaniyadakı diplomatik nümayəndəliklərinin əməkdaşları və Diaspor Komitəsinin məsul işçiləri də həmin tədbirdə iştiak ediblər. Seçki Məcəlləsi isə diplomatların və dövlət qulluqçuların seçkiqabağı təşviqat kampaniyasında iştirakını qəti qadağan edir. Yenə MSK yada düşür...
İxtisasca hüquqşünas olan Adil Əliyev bu hüquqi normalardan xəbərdar olmalıdır. Ya bilərəkdən xaricdəki Almaniya vətəndaşı olan soydaşlarımızı qanun pozuntusuna cəlb edib, ya da seçki qanunvericiliyinin tələblərini bilmərəyəkdən. Hər iki hal qanun yaradıcılığı ilə məşğul olan şəxsə-deputata başucalığı gətirmir. Lap qanunun bu tələbini bilməməsi belə onu məsuliyyətdən azad etmir. Mərkəzi Seçki Komissiyası Adil Əliyevin bu qeyri-qanuni hərəkətinə münasibət bildirməlidir. Beynəlxalq müşahidəçilərin seçki kampaniyasını izlədiyi bir vaxtda prezident və prezidentliyə namizəd İlham Əliyevi belə bir zərbə altında qoymaq “ayı xidməti”ndən başqa bir şey deyil.
Prezidentə xidmət göstərmək istəyən Adil Əliyev əslində onu zərbə altında qoyur və deputatın bu hərəkəti şübhəsiz ki, ATƏT Müşahidə Missiyasının hesabatında əks olunacaq.
Görəsən, Məhərrəm Əliyevin qardaşı, MM deputatı Adil Əliyevin belə bir antiprezident addımı atması təsadüfdürmü? Bunu bilmirik.
Rubrika.az
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az