Nazim Fərəcov üçün “əcəl zəngi”: laçınlılar “lal deputat”ı seçəcəkmi? - ÖZƏL

2-09-2015, 11:58           

Deputat Nazim Fərəcov yenidən namizədliyini irəli sürməyə bilər. Adı ictimaiyyətə o qədər də tanış olmayan və mətbuatda nadir hallarda çıxışlarına rast gəlinən N.Fərəcov Milli Məclisdə “lal deputatlar” siyahısında yer alıb. Media nümayəndələri də bu parlamentarini sessiya və ya iclaslardan hər hans yadda qalan təklifləri, təşəbbüsləri ilə xatırlamır.

TİA.AZ-a daxil olan xəbərə görə, N.Fərəcovun yenidən mandat uğrunda seçki mübarizəsinə başlayacağı real görünmür. Mənbənin qeydlərində bildirilir ki, deputatın passiv fəaliyyəti, qanunvericilik təşəbbüslərində, yeni layihələrin təklifində fəallıq nümayiş etdirməməsi onun növbəti dəfə seçilmək şanslarını minimuma endirib.
121 saylı Laçın seçki dairəsindən olan bir qrup seçici deputat Nazim Fərəcov barədə narazılıqlarını ifadə ediblər. Seçicilər bildirirlər ki, N.Fərəcov deputat olduğu beş il ərzində nadir hallarda onlarla görüşüb, problemləri ilə maraqlanıb.
Milli Məclisin çox fəal deputatları var və onların kim olduğunu cəmiyyət də yaxşı bilir. Amma bu deputatı heç öz seçiciləri doğru-dürüst tanımır. Çünki deputat olduğu beş il ərzində bu adamın üzünü beş dəfə görə bilməyiblər.
Seçicilər Redaksiyamıza onu da bildirirlər ki, Nazim Fərəcov onların problemlərinə laqeyd olduğu kimi, Milli Məclisin iclaslarında da qeyri-fəaldır və bu, onları qane etmir:
“İndiyə kimi bir dəfə görməmişik ki, deputatımız Milli Məclisdə hansısa məsələni qaldırsın və onun həllinə cəhd göstərsin. Laçın seçiciləri məcburi köçkünlərdir və məlum olduğu kimi bu insanların problemləri digər dairələrdən olan seçicilərlə müqayisədə daha çoxdur. Deməli, Laçının deputatı da digər deputatlardan daha fəal və təşəbbüskar olmalıdır. Amma təəssüf ki, beş ildə bunu görmədik".
Seçicilər qeyd edirlər ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində Nazim fərəcova səs vermək niyyətində deyillər:
Xatırladaq ki, parlament jurnalistləri də modern.az-ın sorğusuna cavabda onun fəal deputat olmadıqlarını demişdilər.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy Nazim Fərəcovun nə parlament daxili, nə də parlament xarici fəaliyyətinin şahidi olduğunu bildirib.
“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı qeyd edib ki, Nazim Fərəcov haqqında az məlumatı olduğu deputatlardandır. “

“Həftə içi” qəzetinin əməkdaşı Murad Əhməd də millət vəkilinin parlamentdə çıxış etməsinə rast gəlməyən jurnalistlərdəndir.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı qeyd edib ki, Nazim Fərəcovun adı Milli Məclisdə bir dəfə olsun eşidilməyib.
Nazim Fərəcov 1960-cı ildə Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Orta təhsilini Laçın rayonunda alıb. 1978-ci ildə Azərbaycan xalq Təsərrüfatı (indiki İqtisadiyyat Universiteti) institutuna daxil olub.
Oranı bitirdikdən sonra əmək fəaliyyətinə Sumqayıt şəhərində başlayıb. 1995-1996-cı illərdə Sumqayıt şəhər Ticarət İdarəsində baş direktor müavini, 1996-1998- ci illərdə Sumqayıt İctimai İaşə Trestinin direktoru vəzifəsində işləyib.
1998-2000 illərdə Sumqayıt Dövlət Əmlak Komitəsi Sumqayıt Bölgə Özəlləşdirmə idarəsində rəis müavini işləyib, eyni zamanda Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə mərkəzində baş direktor əvəzi, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi, Bakı şəhər Əhalinin Sosial Müdafiə idarəsində rəis və Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində müdir vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə keçirilən IV çağırış Milli Məclisinə 121 saylı laçın seçki dairəsindən millət vəkili seçilib. Parlamentin Aqrar siyasət komitəsinin daimi üzvüdür. Ailəlidir, iki övladı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.