Şabran icra başçısının “kassir” ləqəbli müavini Mehdi Balabəyov

3-09-2015, 00:26           
Şabran icra başçısının “kassir” ləqəbli müavini Mehdi Balabəyov
Bu yaxınlarda Şabranda olub, rayon sakinlərinin problemləri haqda yazmışdıq. Rayonda vəziyyət o həddə çatıb ki, Şabranlılar əməkdaşlarımızı yenidən bu bölgəyə dəvət etdilər. Qeyd edək ki, rayonun ən böyük problemi icra başçısı Novruz Novruzovdur. Rayon sakinlərinin şikayətlərini dinlədikdən sonra bu qənaətə gəldik. N.Novruzov 4 il əvvəl Dəvəçiyə icra başçısı təyin edilib. Rayona gələn kimi icra başçısı xırda və orta sahibkarları sıxışdırmağa bağlayıb. Sahibkarlardan obyektlərinin dəyəri qədər pul tələb edib. 80-ə qədər ticarət obyektini bağlatdırıb, ya da sökdürüb. İddia edilir ki, etiraz edən sahibkarları əxlaqsız qadınlarla şərlətdirib, rayon polis idarəsinə çağırtdirib. Buna görə onlardan 2000-3000 manat pul alandan sonra sərbəst buraxdırıb.
Bir obyektə 50-70 min “şapka”

Rasim Həmidov: “Şabran cəngəllik qanunları ilə idarə olunur” 1990-cı ildən sahibkarlıqla məşğul olan Rasim Həmidov əməkdaşımızla söhbətində dedi ki, sahəsi 100 və 36 kvadratmetr olan iki ticarət obyekti var. Həmin dükanlar 21 il işlək vəziyyətdə olub. İcra başçısı üç ildir ki, həmin mağazaları bağlatdırıb, R.Həmidovun sahibkarlıq hüququnu ləğv etdirib, özünü isə məhkəməyə verib: “Novruz Novruzovun şəxsi tapşırıqlarını yerinə yetirmədiyimə görə 3 ildir obyektimi bağlayıb. Dükanın dəyəri 50-70 mindirsə, icra başçısı o qədər ”şapka" istəyir". R.Həmidov dedi ki, aidiyyəti orqanlara yetmiş beş məktub göndərib, teleqram vurub: “Ramiz Mehdiyevə, dövlət başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, Zakir Qaralova, daxili işlər nazirinə teleqramlar vurmuşam. Rayon məhkəməsi 63 iclas keçirib. Amma obyektimin sökülməsi ilə bağlı qərar verə bilmir. Çünki mənim məhkəməyə verilməyim qeyri-qanunidir. Obyektlərimin sənədləri qaydasındadır. Hər teleqram vuranda bizi şərləyirlər. İcra başçısı mənə deyib ki, hara şikayət yazsam araşdırılması üçün ona göndərəcəklər. Bir də dedi ki, nə qədər çox şikayət yazsam, bir o qədər xərcə düşəcəm. Rayonda keçirilən mötəbər tədbirlərdə deyib ki, məni düşməncəsinə məhv edəcək. Dediyinə görə, onun sifarişlərini yerinə yetirməyənlər Şabranda yaşamamalıdır”.

Abadlıq üçün ayrılan 12 milyon hara xərclənib?

İcra hakiminin obyekti
Rayon sakinləri ilə söhbət zamanı məlum oldu ki, N.Novruzov Rəhimli icra nümayəndəliyində Udulu adlanan ərazinin 400 hektarını zəbt edib. Tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlatdırır. Həmin kənddə sakinlərin bir hektar torpağı da yoxdur. Novruz Məmmədov “raypo”nun 4300 kvadratmetr sahəsi olan anbarlarını alıb: “35 iş ”raypo"da işləmişəm. Hələ bir yer özəlləşdirməmişəm. Novruz Məmmədov “raypo”nun 4300 kvadratmetr sahəsi olan anbarlarını alıb orta məktəb müəlliminin adına keçirib. Qabağında da dükan tikdirib. Şabranda kommersiya ilə məşğul olur. Torpağı park adı ilə çəpərləyir. Sonra da içində ticarət obyekti tikdirir".
Sakinlərlə söhbət zamanı o da məlum oldu ki, son dörd ildə rayonun abadlaşdırılması üçün 12 milyon manat vəsait ayrılıb. N.Novruzov həmin vəsaitin yarısını abadlıq işlərinə sərf edib. Təmir olunması və abadlaşdırılması nəzərdə tutulan yerlərin 50 faizini sahibkarların boynuna qoyub. Rayonda sahibkarların lisenziya alması da müşkülə dönüb. Onlara lisenziya da “şapka” ilə verilir. Dövlət rüsumu 420 manatdırsa, sahibkar min manat verməli olur.
Sakinlər bildirdilər ki, rayonun abadlaşdırılması və təmiri üçün ayrılan pullarla N.Novruzov villalar, istirahət mərkəzləri, kotteclər tikdirir.

İcra başçısının “kassir” ləqəbli müavini kimdir?
R.Həmidov dedi ki, N.Novruzovun işlərini “kassir” ləqəbli müavini Mehdi Balabəyov idarə edir: "M.Balabəyov YAP-ın rayon təşkilatının sədri, eləcə də icra başçısının müavinidir. Dəvəçidə ilk üçmərtəbəli villanı Mehdi Balabəyov tikdirib. Özü də üç ayın içində. Hansı pullarla?" R.Həmidov dedi ki, rayonda bir günün içində lisenziya üçün 83 min manat yığılıb.
Parkda yüzlərlə 50 illik ağacları kəsib villa tikdirib. Polisin gücü ilə ticarətçilərə təzyiq göstərirlər. Heç prezidentin dediyinə əməl etmirlər. R.Həmidov dedi ki, N.Novruzov rayonu çapıb -talamaqdan başqa camaatı inandırmağa çalışır ki, prezidentin rüşvətə qarşı apardığı mübarizə müvəqqətidir.

400 hektarlıq ferma, dəvə, at, qoyun sürüləri...

R.Həmidovun sözlərinə görə, N.Novruzov dörd ildir Rəhimli bələdiyyəsinə məxsus Udulu adlanan ərazinin 400 hektarlıq sahəsini zəbt edib. Həmin ərazini 99 illik icarə ilə başqa birinin adına keçirib. Kənd camaatı başqa kəndlərdən icarəyə yer götürür. N.Novruzov həmin fermalarda at, dəvə, qoyun saxlatdırır: “O heyvanların bir gün ot verilməsə çobanı asdırar. Amma bizi üç ildir çörəksiz qoyub. Üç övladı ali məktəbdə oxuyur. Bu gün-sabah əsgər gedəcəklər. Hansı sərhədi hansı sevgi ilə qoruyacaq?”

Hektarlarla dağlıq ərazilər hasarlanıb
Sakinlər iddia edirlər ki, N.Novruzov Prezident Administrasiyasının vəzifəli şəxslərindən birinin kürəkəninin adına üç villa tikdirib. Dediklərinə görə, N.Novruzovun “yuxarı”lara yarınmasının səbəbi rayondan göndərilən şikayətlərin Prezident Aparatına çıxmasını əngəlləməkdir.
Deyilənlərin həqiqətə uyğun olub-olmadığını yoxlamaq üçün Qalaaltı istirahət mərkəzinə tərəf yollandıq. Yaşayış sahəsi olmayan dağ zirvələrinin hasarlandığının şahidi olduq. Orada vəzifəli dövlət məmurunun qohumunun adına tikildiyi iddia olunan villanı da gördük. Sözügedən tikilidə aparılan təmir işləri tamamlanmaq üzrədir. Bir az aralıda yolun sol tərəfində isə istirahət obyektləri, kotteclər tikilirdi.

4 hektarlıq meşə massivi qırılıb, yerində restoran və istirahət məkanları salınıb
Ağalıq kəndi ərazisində yerləşən Ağalıq meşəsində də olduq. Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Bəybala Allahyarov Ağalıq meşəsinin bir hissəsini qırıb. Yerində isə şadlıq evi, hotel, restoran tikdirib. Rayon sakinləri dedilər ki, restoranda ancaq yüksək vəzifəli məmurlar toy edə bilirlər. Meşənin içinə doğru uzunluğu təxminən 500, eni 4 metr olan maşın yolu uzanır. Bu yol isə bizi icra başçısının Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Hacı Allahşükür Paşazadə üçün tikdirdiyi istirahət məkanına aparır. Yuxarıda qeyd etdiyimiz yol xüsusi olaraq bu məkan üçün salınıb. Yolun üstünə düşən ağaclar kəsilib. Ümumilikdə 4 hektarlıq meşə ərazisi məhv edilib.
R.Həmidov dedi ki, Şabranda qanunlar işləmir: “Şabran Azərbaycanın cəngəlliyidir. Dəvəçi adını Şabranla əvəz etdilər. Adını dəyişib Paris də qoysan burda heç nə dəyişməyəcək. Şabran cəngəllik qanunları ilə idarə olunur”
www.DTV.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.