Ana dili - o tayda ona görə türmədə yatırlar, bu tayda xor baxırlar...

19-09-2019, 08:42           
Ana dili - o tayda ona görə türmədə yatırlar, bu tayda xor baxırlar...
“Şərqi Azərbaycan vilayətində Azərbaycan dili tədris olunacaq”. Bu xəbər başlığıdır. Xəbərdə bu ilin yeni dərs ilindən etibarən İranda Azərbaycan türkləri yaşayan vilayətin orta ümumtəhsil məktəblərində ana dilimizin tədrisinə başlanacağından bəhs olunur.

O vilayətin sakinləri buna nail olmaq üçün 73 il mübarizə aparıblar. Axırıncı dəfə bu və digər vilayətlərdə ana dilimizdə təhsil Seyid Cəfər Pişəvəri hakimiyyəti dönəmində olub.

“Şəhərin elit bir bağçasında Azərbaycan bölməsinə güclə uşaq yığıldı və bizim oğlan da həmin bölmənin bir üzvü oldu. 90/10 geridəyik öz dilimizə qarşı. Bu mövzuda yazınızı gözləyirik”. Bunu da oxucumuz Ramal Muxtarov yazıb.

“Yeni Müsavat”ın baş redaktorunun müavini Azər Ayxan isə bugünlərdə ana dili mövzusunda belə bir status paylaşıb: “Ötən həftə İsveçrədə olanda səhər yeməyi zamanı bir türk qadınla tanış oldum... Türkcəsi mükəmməl idi. Qadın dedi, Sürixdə doğulub, burada böyüyüb. ”Bəs türkcəni necə öyrənmisiz" sualıma təəccübləndi. “Dil bizim üçün namus məsələsidir. Bunu bilmədən necə yaşamaq olar” cavabını verdi. 20 yaşlı oğlu da yanındaydı. Təbii ki, o da İsveçrədə doğulub-böyüyüb. Ana-oğul aralarında elə gözəl türkcə danışırdılar ki... Övladına da doğma türkcəni öyrədib. Ona dedim, Bakıda analar öz övladlarını rusca öyrədirlər. Onlarla rus dilində danışırlar. “Nasıl olur böyle bir şey, efendim” deyib, heyrətləndi. İllər öncə buna bənzər durumla Vyanada rastlaşmışdım. Mağazada satıcı işləyən türk qadın demişdi ki, 2 yaşı olanda Almaniyaya köçüb ailəsi, sonra ailə qurub, Avstriyaya köçüblər. O zaman ona “türkcə nə gözəl danışırsız” deyəndə “valideynlərim öyrətdilər, dil bizim üçün şərəf məsələsidir” demişdi".

Başqa bir həmkarımız ictimai yerdə ailə üzvləri ilə telefonla danışarkən işlətdiyi “tamam” sözünə görə yaxınlıqdakı rusdillilərin ona ironiya etdiyindən yazmışdı.

Bəli, telefonla danışanda “okey-okey”, “ladno, davay, poka” deyənlərin “tamam” deyənlərə lağ elədiyi ölkədə yaşayırıq.

Durum budur. Arazın o tayında ana dilimizdə təhsil almaq üçün milyonlarla insan yüz ildir mübarizə aparır, həbslərdə çürüyür, edam edilir, qanını qaşığa qoyur, Arazın bu tayında yaşayanlar ana dilində təhsil almamaq üçün məktəb direktoruyla, nazirliklə qırğına çıxır, övladlarını rus dili bölməsində oxutdurmaq üçün hər yola əl atır.

Parodaksaldır, deyilmi? Həm də faciədir. Bir millət ana dilində təhsilin qədrini bu qədər bilməzmi?

Bu, kütləvi manqurtlaşmanın tam özüdür. Heç kim başqa yerə yozmağa çalışmasın, bu qınından çıxıb, qınını bəyənməmək hadisəsidir. Bu, aşağılıq kompleksinə kəllə-mayallaq yuvarlanmaq, özünü başqa millətlərdən aşağı, ikinci, üçüncü sort hesab etməyin nəticəsidir.

Bu sətirlər başqa xalqların dillərini öyrənməməyə çağırış deyil. Əksinə, hamımız ən azı 2 əcnəbi dili (ingilis, rus) əla bilməliyik. Bunlarsız nə postsovet məkanında (bu məkanda gediş-gəlişimiz intensivdir), nə də Avropada, dünyada baş çıxara bilmərik. Şükür ki, 20 il əvvəllə müqayisədə ingilis dilində danışan, yazan insanlarımız min qat çoxdur.

Azərbaycanlılar dil öyrənmək, aksentsiz danışmaq məsələsində xüsusi istedada malikdirlər (bizimkilər hələ sovet dövründə rusca erməni və gürcülərdən daha yaxşı, aksentsiz danışırdılar). Son illərdə Avropa ölkələrinin hamısında mövcuduq, hamısında da yerli cəmiyyətə asanlıqla adaptasiya olunuruq.

Bu cür uyğunlaşmalar zaman keçdikcə ana dilimizin unudulması hesabına baş verir. Hazırda Rusiyada yaşayan yüz minlərlə azərbaycanlı yeniyetmə ana dilimizdə bilmir. Avropadakı azərbaycanlılar isə daha çox milli-vətənpərvər kəsimdən olduqları üçün övladlarına ana dilini öyrətməyə çalışırlar. Ancaq həmin övladların öz övladları Azərbaycan türkcəsini bilməyəcəklər - buna şübhə yoxdur.

Əslində uzaq ölkələrdə yaşayan və o cəmiyyətlərə qaynayıb-qarışmış bir azərbaycanlının ana dilini bilib-bilməməsi o qədər böyük əhəmiyyət kəsb eləmir, amma Azərbaycan adlı ölkədə yaşaya-yaşaya onun rəsmi dövlət dilini bilməmək, ən pisi, ona ikrahla, üçüncü sort dil kimi yanaşmaq böyük qəbahətdir.

Məncə, dövlət artıq bu məsələyə bir əncam çəkməlidir. Bu, nəhayət, inzibati qaydada həll olunmalıdır. Başqa dövlətlər əcnəbi dildə təhsil məsələsini necə həll ediblərsə, biz də elə etməliyik.

Yoxsa milli assimlyasiyanın, rusifikasiyanın ikinci mərhələsi başlanıb. Bu, həm gizli kampaniyadır, həm də könüllü. Pis olan da elə budur.

Xalid KAZIMLI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.