Şuşanın azad olunma xəbəri
6-11-2020, 12:37
Mənim də doğulduğum kənd işğal altındadır.
Aradan 28 il keçsə də oraların qoxusunu, ən xırda detalını, çayının dalğasını, suyunun tamını, havasının soyuqluğunu, torpağının nəmini belə xatırlayıram.
Amma hiss edirəm ki, Şuşa ilə bağlı gəzən xoş söz-söhbətlər daha çox təsir edir mənə.
Bəlkə, ona görə ki, ixtisasca tarixçiyəm və 90-cı illər siyasi tarixini yaxşı oxumuşam.
Şuşanın analığından, vətənliyindən əlavə tarixdəki yerini və bizim üçün hansı məna daşıdığını lazımınca bilirəm.
Xəritədə gördüyümüz yerlərin bir çoxunu maşınla da yox eee... piyada gəzmişəm.
Qarış-qarış.
Addım-addım.
Elata qoşulub Qarabağın dağından Aranına günlərlə yol getmişəm.
Şuşa bir başqadır!
İndi bu saat arzularımızın Məkkəsinin azad olunma xəbərini vermək, bu xəbərə dözmək mənə Şuşanı azad eləməkdən daha çətin gəlir.
Nə edəcəyik?
Nə etməliyik?
200 ildir heç bir azərbaycanlı bu hissi yaşamayıb axı.
Ənənədə yoxdur.
Presedent oturuşmayıb.
Biz nə zaman gördük bu boyda sevinci?
Yəqin, Azərbaycan müstəqil olanda.
Ancaq bu, birdən-birə olmadı.
Gözlənilirdi.
Tarixi proseslər bu danılmaz gerçəkliyə doğru gedirdi.
Əslində, tarixi proseslər Şuşaya doğru da gedir.
Amma yenə də...
Bəlkə daha çox bilirik, daha çox itkilərimiz olub.
Daha çox əzablar görmüşük ona görə...
Sosial Şəbəkələrdə bir Şuşa manipulyasiyası var.
Hamı yazır, hamı özünü ilk qaranquş sayır, amma elə bunu yazanlar da bu xəbəri bir nəfərdən gözləyir.
O anı təsəvvür eləmirəm.
Yəqin ki, qışqırmaq, ağlamaq ilk ağla gələn reaksiyadır.
Bəs sonra?
Şuşaya sahib olmaq öz möhtəşəm sevinci ilə bir yerdə həm də ağır mənəvi yükdür.
Buna hazır olaq.
Və bütün hallarda təmkinimizi qoruyaq.
Şuşa uğrunda qan tökən, can verən əsgərlərin qardaşına yalınız bu yaraşar.
Şərif Ağayar
kulis.az