Üçtərəfli Moskva görüşü bölgədə sülhün təminatı üçün mühüm addımdır

12-01-2021, 18:21           
Üçtərəfli Moskva görüşü bölgədə sülhün təminatı üçün  mühüm addımdır
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın tarixi Qələbəsi bir daha sübut etdi ki, haqq- ədalət gec-tez öz yerini tapır. Azərbaycanın döyüş meydanında Qələbə qazanıb siyasi müstəvidə diktə edən tərəf kimi işğalçı dövləti kapitulyasiya aktını imzalamağa məcbur etməsini şərtləndirdi. Azğın və xəyanətkar düşmənə sarsıdıcı zərbələr endirildi, ərazilərimiz işğalçılardan təmizləndi. Bu da 10 noyabr üçtərəfli razılaşmasının imzalanması ilə Azərbaycanın siyasi Qələbəsini, Ermənistanın məğlubiyyətini təmin etdi.
Yanvarın 11-də Moskvada keçirilən Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin görüşündə də 10 noyabr Bəyanatından irəli gələn müddəaların icrası və prioritetlər müzakirə edildi. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.
Moskva görüşündə tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər. Görüşdə qərara alınıb ki, Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar. Həmçinin dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspertalt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.
İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.
Prezident İlham Əliyevin görüşdən sonra verdiyi bəyanatda vurğulamışdır ki, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Beynəlxalq kommunikasiyaların bərpası isə regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcəkdir. Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.
Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir. Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq. Bu işlərin həyata keçirilməsi nəticəsində isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaqdır.
Danışıqlar ərəfəsində Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atmışdır. Onlar 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdılar. Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi. Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirdi.
Moskvadakı üçtərəfli danışıqlarla bağlı Azərbaycanın radikal müxalifətinin mövqeyi yenə onların iç üzünü biruzə verdi. Onlar da Paşinyan kimi Minsk qrupu formatının bərpasından dəm vururlar. Radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək və Rusiya regionda hərbi mövcudluğunu gücləndirəcək. Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılşamasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqləmişdir. Bu da bir qrup antimilli element tərəfindən görüşün yekunlarının, qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərindən başqa bir şey deyildir.
Biz 30 ilə yaxın idi həmişə deyirdik ki, gün gələcək doğma ata-baba torpaqlarımıza qayıdacağıq. Prezidentimizin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində bu gün həmin torpaqları işğaldan azad edilibdir. Bununla da, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, xalqımızın qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 17 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib. Prezident İlham Əliyev də həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər ölkəmizi yeni uğurlara doğru aparacaqdır.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.