Brilyant kraliçası, Sibirdə dəhşətli 8 il, Bakıdan gələn sirli müştəri – Səbuhi Məmmədli yazır

17-02-2021, 10:24           
Brilyant kraliçası, Sibirdə dəhşətli 8 il, Bakıdan gələn sirli müştəri –
İndi evini tarakanlar basıb. Səfalət içində yaşayır. Hətta o vəziyyətə çatıb ki, evini bürüyən üfunətdən qonşuları polisə şikayət də ediblər. Əlil oğluyla dar bir mənzili bölüşür Eleonora. İkisi bir yerdə 17 min rubl – təxminən 380 manat - təqaüd alırlar. Elə gün olur ki, kartof və qara çörəkdən başqa dillərinə heç nə dəymir. Hə, bir də kommunal borclar. Az ala yarım milyon rubla çatıb...

Bu ağır vəziyyətində ona bir kimsə həyan durmur. Amma vaxt vardı…

***

Onu “SSRİ-nin brilyant kraliçası” adlandırırdılar. Moskvanın mərkəzində, köhnə Arbatda yerləşən “Samosvetı” zərgərlik mağazasının direktoru olanda yanına kimlər gəlmirdi? Bu azman dövlətin başçısı Leonid Brejnevin sevimli qızı Qalina, Vısotski, Zıkina, Volçek, Puqaçova kimi ulduzlar, sovet elitasında qərar tutmuş məmurların xanımların qədər...kimlər, kimlər.

“Samosvetı” nəinki Moskvanın, bütün SSRİ-nin bir nömrəli zərgərlik mağazası sayılırdı. Eleonora Kostenetskaya həmin mağazaya 1972-ci ildə direktor təyin olunanda yaşı təzəcə 30-u keçmişdi. Əvvəl mərkəzi univermaqda işləyirdi. Günlərin bir günü sırf təsadüf nəticəsində “Samosvetı” da direktor yerinin boş olduğunu öyrənir. Moskvanın valyutayla xarici mallar satılan “Beryozka”dakı rəfiqəsinin tanışları vasitəsiylə həmin mağazaya təyin oluna bilir.

“Samosvetı” sözün həqiqi mənasında əzəmətli mağazaydı. Sovet dönəmində brilyant və almazdan hazırlanmış nadir zinət əşyalarını ancaq burdan almaq olardı. Bu mağazaya SSRİ-nin 29 zərgərlik zavodundan, eləcə də Bakıdan zinət əşyaları daxil olurdu.

Yeri gəlmişkən, Eleonoranın müştəriləri arasında Azərbaycandan olanlar da az deyildi. Bakıdan məşhur yazıçı və şairlər ildə bir-iki dəfə Moskvaya gedir, “Samosvetı” ya baş çəkirdilər. Adətən onların kimliyi açıqlanmırdı.

Nəhayət, “Samosvetı” kasıb-kusubun, fəhlə və kəndlinin üz tutacağı mağaza da deyildi. Bura ancaq partiya bosları, onların xanımları, tanınmış aktyor və aktrisalar, müğənnilər gəlirdi.

Mağazanın iki girişi vardı: Biri, əsas giriş “Köhnə Arbat” küçəsindən açılırdı. Digər giriş isə arxadan idi. Arxa girişdən adətən ən tanınmışlar və imkanlılar gələrdi. Mağazaya girən kimi xüsusi adamlar onları ikinci mərtəbəyə qaldırardı. Onlar burda bahalı içkilərdən içə-içə təzə mallara baxar və ya kataloqlar üzrə sifariş verərdilər.

Eleonora kimsənin xətrinə dəyməzdi. Məsələn, yazılanlara inansaq, bəzən daimi müştərilərinə nisyə mal da verərmiş. Bir dəfə Vladimir Vısotski sevgilisi Marina Vladi üçün zümrüd qaşlı üzük almaq istəyir. Daha doğrusu, bu üzüyü bəyənir. Üzüyün qiyməti isə o dövr üçün olduqca baha, 1800 rubla olur. Vısotski həmin an o məbləği ödəyə bilmir. Amma Kostenetskaya məşhur aktyoru üzüksüz buraxmır: “Volodya, nə vaxt imkanın olsa, verərsən”.

O, sonradan xatırlayacaqdı: “Həbsxanada yatanda jurnalların birində Marina və Volodyanın fotosunu gördüm. Marinanın barmağındakı üzük tanış gəldi. Hə, Volodyanın aldığı zümrüd qaşlı üzük idi. Həmin vaxt məni dəli ağlamaq tutmuşdu”.

Həbsxana məqamına qayıdacağıq. İndilikdə isə 70-80-ci illərin “Samosvetı”sından danışaq. Mağazada sözün həqiqi mənasında unikal zərgərlik məmulatları satılırdı. Amma onların çoxu piştaxtaya çıxmırdı. Çünki əvvəlcədən bəlli müştəriləri vardı. Onlardan biri Brejnevin qızı Qalina idi. O, demək olar ki, hər həftə bu mağazaya baş çəkirdi. Mağazaya daxil olan hər bir zərgərlik əşyası barədə mütləq ona bildirilməliydi. Qalina təkcə özünə qızıl, brilyant almırdı. Əri Yuri Çurbanov üçün də mütləq nəsə seçirdi.

Daimi müştərilər olan Zıkina, Babkina da demək olar ki, hər qonorarlarında mağazaya baş çəkirdilər.

Kostenetskaya 10 il mağazaya rəhbərlik edir. Qalina Brejneva ilə dostluğa görə bir kimsə, heç bir qurum onun mağazasına yoxlamaya gəlmir. Brejnevin ölümündən sonra Qalinanın qara günləri başlayır. Onun brilyant alveri ilə məşğul olduğu da üzə çıxır. Bütün izləri isə bu məşhur mağazaya aparır.

Eleonoranı elə evindəcə həbs edirlər. İstintaqda, necə deyərlər, heç kimi satmır. Ona görə də, onunla olduqca sərt davranırlar.

Sonradan müsahibələrindən birində deyəcəkdi: “Məni uzaq Mordovadakı həbs düşərgəsinə yolladılar. Orda cəza çəkənlərin əksəriyyəti bir neçə dəfə məhkum olunmuşlar idi. Çoxu da residivist. Əslində mənim ilk məhkumluğum idi. Ucqar bir yerə sürgün edilməməliydim. Amma bunlar ən sərtinə əl atdılar. Evim, maşınım müsadirə olundu. Həbs düşərgəsi isə… Sadəcə xatırlamaq istəmirəm”.

8 il günə-gün cəzasını çəkir. Həbsdən buraxılanda artıq xəstəhal, kimsəyə gərək olmayan birisinə çevrilmişdi. Getməyə, yaşamağa yeri belə yox idi. Amma durmaq da olmazdı. Əlil oğlunun hayındaydı həm də. Eleonora hər səhər elektrik qatarıyla Moskva ətrafındakı Troitsk şəhərinə gedir, orda ağır kisələri daşımaqla gündəlik pulunu çıxarır. Bir müddət sonra köhnə tanışlarından biri - Kostenetskya onun kimliyini demir - ona Moskvanın kənarında bir otaqlı mənzil alır. Oğlu Yura ilə ora sığınır. Bu mənzil isə illərdir təmir olunmur. Tarakanların və digər həşəratların basdığı bir yerdi. Bir yandan da pişiklər. Evdə azı 20 pişik yaşayır. Aylardı təmizlənmirlər, çimdirilmirlər. Nəinki pişiklər, ana və balanın özləri də həftələrlə çimmirlər. Bəzən sabun almağa belə pulları olmur.

***

“Şanel № 5”, “Madam Roşa”. Bir zamanlar SSRİ-də hər bir qadının arzusu olan bu məşhur fransız ətirləri Eleonoranın ən sevimlilərindən olub. O, öz rəfiqələrinə bu ətirlərdən hədiyyə etməyi xoşlayırmış. Bir gün elə həmin Arbatda veyillənərkən gözü parfüm satılan mağazanın vitrininə sataşır: “Madam Roşa”. İçəri girmək istəyir. Amma bu səfil qadını belə bahalı butikə kim buraxar...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.