Peşəkar axtaranı döyürlər... Sevinc TELMANQIZI yazır.....

28-02-2021, 08:34           
Peşəkar axtaranı döyürlər... Sevinc TELMANQIZI yazır.....
Hər il milli matəm günlərində, faciələrin ildönümündə bir dejavyu yaşayırıq. Az qala hər il. Mətbuat müğənnilərdən birini elan edir günah keçisi və ondan bu günün statistikası, matəmin detalları ilə bağlı soruşur. O yetim də bilmir, tutaq ki. Biləndə də səhv bilir. Ya da məhz matəm günündə həmin müğənninin ölkə xaricində - böyük ehtimalla Rusiyada – toyda olması ilə bağlı xəbər yayır. O da özünü az qala həlak edir ki, bəs sübut etsinlər, mən o tarixdə heç toya gedərəmmi? Amma əsl faciə mətbuatımızın bu vəziyyətə düşməsi deyil ki. Faciə nə olduğu bilinməyən zatların əllərinə mikrafon alıb, jurnalistika adına iddia etmələri, insanları abırdan salmalarıdır. Mikrafon düzəltdirməyə, press gödəkçəsi sifariş verməyə nə var? Bir günün işidir, puluna minnət. Geyinir gödəkçəsini, alır əlinə mikrafonunu…. Nəticədə reket, şantajçı tiplər ortada “söz azadlığıma mane olmayın”, “dartma, jurnalist gödəkçəm cırıldı” tipində şüvən edirlər. İnsanların da hörməti qalmır jurnalistə, jurnalistikaya. Digər tərəfdən də görür ki, jurnalist adına iddia edən yaramaz məxluqu qoruyanlar, etdiyi tərbiyəsizliyə görə cəza verməyənlə var… lap gözündən düşür media. Belə-belə söz də dəyərini itirir, media da, qələm adamları da...Bu sayaq tiplər qabaqlarına kim çıxırsa, özlərini ona münasibətdə prokuror kimi aparır, yeri gəldi-gəlmədi suallar verir, abırdan salırlar. Və bunun adına jurnalistika deyirlər, “mənim söz azadlığım var” deyib şüvən qoparırlar hətta. Halbuki heç özündən deyən jurnalistlər nəyisə öyrənmək üçün sual verəndə belə isterikalara qapılmır, özlərini həlak etmirlər.

İndi kimlərsə düşünə bilər ki, media azaddır, bu sahə ilə məşğul olmaq üçün xüsusi icazəyə ehtiyac yoxdur. Bəli, bu dəqiqə kimin əlində ortabab çəkiliş edən telefon varsa, blogerdir, youtuberdir, videojurnalistika ilə məşğuldur və sair… Amma adamı incidən də budur. Bu gün heç bir gözəllik salonunda sertifikat almamış usta çalışmır. Hamısı masalarının yanına az qala 4-5 diplom asırlar, bir neçə yerdə ixtisaslarını artırırlar. Motoristə gedirsən, yaxşı usta üçün günlərlə növbə gözləyirsən, peşəkar ustanın hörməti də, əlhaqqısı da yüksək olur. Həkimi elə, müəllimi belə… Bir binəva jurnalistdir ki, onun sahəsində şorla pendirə fərq qoyulmur. Çox rahat şəkildə ayaqlar baş olur. İnşa demirəm, üç cümləlik imla yazdırsan, minimum 10-15 səhvi çıxan adamlar kompleks keçirmədən sayt rəhbəri olurlar. Facebook sağ olsun, hamısının paxırını üzə çıxardı. Özündən deyən onlarla redaktor tanıdıq ki, beş cümləlik statusu durğu səhvləri də daxil olmaqla, onlarla səhvin müşayiəti ilə yazdılar.

Amma baxıram, bu boyda dərin uçurumun içində olan media sektorunda vahid kartla bağlı yüngülvari bir müzakirə olan kimi hamı aslana çevrildi. Daş atıb başlarını tutdular ki, bu jurnalist hüquqlarının pozulmasıdır, heç kim jurnalisti imtahandan keçirə bilməzmiş… Niyə də qələminə quzu kəsdiklərim, niyə? Siz imtahandan keçirilsəz, dünya dağılar? Heç uzağa getməyək, qonşu Türkiyədə belə “sarı basın kartı” var jurnalistlərin. Hamımız reketlərdən, qeyri-peşəkarlardan narazılıq ediriksə, bu sektorun təmizlənməsindən niyə narahatıq ki? Axı biz hər sahədə öz işindən bixəbərlədən narazıyıq və onun altını çəkirik.

Qeyri-peşəkar dedim, yadıma düşdü. Təkcə sonuncu qar fırtınası ölkədə necə böyük masştabda qeyri-peşəkarlar ordusunun olduğunu göstərdi. Qar təmizləyən, MİS-də çalışan işçi deyib keçməyin, onların peşəkar, vicdanlı, işinə sadiq olanını əldə çıraqla axtardıq. Bakı şəhər İcra Hakimiyyəti, bəh-bəhlə seçilən bələdiyyələrdə oturanlar özlərini elə apardılar ki, sanki səhrada yaşayırıq və qar ilk dəfədir ki, yağır, gözlənilməz olub, şoka giriblər. Fırtınanın ilk günü yadınızdadır? Avtobuslar çalışmırdı, metro zatən aylardır ki, yoxdu. İşə getmək üçün taksi xidmətinə zəng edirdin, sifarişini qəbul edir və bir saat boyunca operator az qala 100 dəfə zəng edib, beynini xarab edirdi ki, bəs sizin sifariş verdiyiniz istiqamət üzrə taksi tapılmır. Yollara duz, qum səpən yox, maşınlar Allah yoluna hərəkət edirdi.

Qarın yağmasından dörd gün keçib, bəzi qəsəbələrdə su borularının donu hələ də açılmır, adamlar qışın günündə evinə vedrə-vedrə su daşıyırlar. Hələ də camaat əlinə kürək alıb, evinin qabağındakı qarı təmizləyir. Daha neçə qar, neçə fırtına yaşamalıyıq ki, bu sahəyə cavabdeh şəxslər təcrübə toplasınlar, öz işlərinin öhdəsindən gəlsinlər? Yəni, bələdiyyələrdə, icra hakimiyyətlərində məhz qarlı hava üçün təyinatlı fəaliyyət sahələri, texnikalar var. Qartəmizləyən maşınlar qarlı havadan iki gün sonra küçələrə çıxdı məsələn. O vaxt ki, MİS-lərinin yaşlı qadın işçiləri yol qırağını bellə təmizləməyə başladılar. Bu ölkədə balaca uşaqlardan başqa qarın yağmasına sevinən heç kim yoxdu. Çünki göydən yerə bir damcı qar, azca yağış düşən kimi həyatımız zəhərə dönür. Xərc-borc çıxır xirtdəyə. Partlayan kombilər, buzlu yolda qəza edən maşınlar, don vurub sıradan çıxan su boruları, su motorları… Sadala-sadala bitmir.

Bəli, bu ölkədə peşəkarlıq da, peşəkarlar da böyük dərddir. Bəlkə də Azərbaycan yeganə ölkədir ki, burda peşəkarlıq axtarışına çıxanları qınayır, mərdimazarlıqda ittiham edirlər. Bizlərdə qeyri-peşəkarlıq “bir-birini yola verməyin”, “başqasının çörəyinə bais olmamağın” sinonimi sayılır.
Sevinc TELMANQIZI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.