Dövlət vətəndaşı soyundurmamalıdı…

22-04-2021, 00:00           
Dövlət vətəndaşı soyundurmamalıdı…
– Səni dədənin canı, çəkmə! Müqəddəs Ramazan ayının sahibinə and verirəm, çəkmə!

Bakı Nəqliyyat Agentliyinin (BNA) pəhləvan cüssəli əməkdaşı yalvara-yalvara ona yaxınlaşan 55-60 yaşlı kişiyə məhəl qoymayıb, köhnə “Mercedes”in şəklini əlindəki planşetin yaddaşına köçürdü.

Kişi ondan əl çəkib, mənim yaxamdan yapışdı: “Ay jurnalist, bu adamlardan niyə yazmırsınız? Biz dərdimizi kimə deyək? Adama da hər gün cərimə yazarlar?”

BNA əməkdaşına tərəf çevrildim: “Ağsaqalın günahı nə idi? Bu kişinin maşınının şəklini niyə çəkdiniz?”

Son dərəcə etinasız bir tərzdə cavab verdi: “Dayanma-durma qaydasını pozub”.

Bu dəfə kişidən soruşuram: “Qaydanı niyə pozursunuz?”

Yazıq görkəm alıb, belə cavab verir: “Mən bərbər işləyirəm. İndi toy yox, sünnət yox. Ən yaxşı halda gündə 3-4 nəfər yola sala bilirəm. O da icarə haqqına, vergiyə gedir. İşə gedib-gələndə manatdan adam götürürəm ki, heç olmasa, yol pulum çıxsın…”

BNA əməkdaşı yenə soyuqqanlılığını qoruyur: “Bunun mənə dəxli yoxdur”.

Sonra da dayanma-durma qaydasını pozan növbəti maşının şəklini çəkmək üçün bizdən uzaqlaşır…

Təxminən bir həftə əvvəl parkda 16-17 yaşlı iki yeniyetmənin özlərindən cəmi 5-6 yaş böyük olan gənc polis əməkdaşına yalvardığının şahidi oldum. Polis açıq havada maska taxmayan yeniyetmələri cərimələmək istəyirdi. Oğlanlar isə onun cərimə protokolu tərtib etməsinə mane olmağa çalışırdılar.

Uşaqlardan birinin dediyi sözlər indiyə kimi qulağımdadır: “Mən hardan yüz manat tapacam? Atam ölüb, anam isə yataq xəstəsidir”.

Onlara yaxınlaşanda gördüyüm mənzərədən dəhşətə gəldim: polisin gözlərində iki damla yaş donub qalmışdı…

Bir dəfə də piyada keçidi olan yerdə yolu keçən yaşlı qadının onu cərimələmək istəyən paqon sahibinə necə yalvardğının şahidi olmuşam…

“Onu bağışlamaq olarmı?” filmindəki məşhur sualla üz-üzə qalmışıq: Kimdir günahkar?

Mən qanunlara riayət edən nümunəvi vətəndaşam. Qaydalar bizim daha təhlükəsiz mühitdə yaşamağımız üçündür. Nəinki taksidə, avtobusda, hətta nə qədər absurd olsa da, parkda, bulvarda da maska taxıram. On altı-on yeddi yaşlı övladlarımız da bu qaydalara əməl etməlidirlər. Avtomobil sahibi istədiyi yerdə maşın saxlayıb tıxac yaratmamalıdır. Ağlı başında olan adam öz sağlamlığını düşünüb piyada keçidi olduğu halda maşınların şütüdüyü yoldan keçməməlidir. Buna görə də cəzalar labüddür. Bəli, cəza olmasa, özbaşınalıq olar. Amma cəza da ədalətli olmalıdır. Açıq havada maska taxmayan adamı 100 manat cərimələmək çox ağır cəzadır. Dünyasını dəyişən əmisinin yasına qatılan adamı 200 manat cərimələmək isə işgəncəyə bərabər cəzadır. Mən cərimə məbləğinin yüksək olmasına etiraz edirəm.

Sınıq-salxaq “07”-si olan bir tanışım bir dəfə belə demişdi: “O qədər cəriməm var ki, az qalır şalvarımı satım…”

Dövlət vətəndaşı soyundurmamalıdı, əksinə, görünən yerini örtməlidir…

Seymur VERDİZADƏ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.