"Taxtların vaksin oyunu"
4-06-2021, 10:34
Leyla Sarabi
Ən ağır fəsadlarına rəğmən, pandemiya dönəmindən keçdiyim üçün müəyyən mənada şanslıyam. Bəlkə də bundan sonra hələ yüz il, min il planet hərəkət sürətini işıqla sayrışdırmayacaq. Yorğunluğunu bir fincan qəhvəyə süzüb, otağının küncündə tənbəl-tənbəl dodağına yapışdıracaq.
Bir fincan qəhvə ömrümüzdən kimlər-kimlər gəlib, torpağa yem olmağa tələsəcək. Bəlkə də xərçəngin də əlacı tapılacaq. Ürəyinə batırdığı oxun ağrısından divanə kimi fırlanan dünya qəhvənin birinci qurtumunda sakitləşib cazibəsini soyunacaq. Elə sərxoş olacaq ki, öz həqiqətini sıfırlayıb yeni reallıq yaradacaq. Amma inan mənə, Zaur... bir də heç vaxt bizim yaşadıqlarımız təkrarlanmayacaq.
Bəlkə bir də heç vaxt ömrümüzün maketi - pandemiya indiki formasında, ölçüsündə, hərarətində yolumuza sərilməyəcək. İçimizə qapandıqca, ana təbiətin varlığından xəbərsiz canlıları qollarını çırmayıb, yerimizə dərin nəfəs almayacaq. Sübhəsiz, bizdən sonra gələnlər limitli gəzintinin, bağlı metro qapılarının, toxunmadan sevişməyin, öpüşmədən görüşməyin, xəstəxanalarda təcrübə keçən astronavtların, tragifantastik ssenarilərin taclı epoxasını "Taxtların vaksin oyunu" serialından izləyib, təəccübdən gecə yatmayacaqlar.
Amma bilirsən, Zaur. Məncə, pandemiya həyatımızın ən xoşbəxt günlərinin qəbzidir. Ölməmək üçün çıxdığımız sonu görünməyən yolun başıdır. Əcaib problemlərimizdən həyat mübarizəsinə keçid etdiyimiz o qırmızı xəttdir. Gözünü qapamadan, qum saatının axını ilə soyuyan barmaqlarına toxunmadan, xırıldayan nəfəsini eşitmədən vida etdiyimiz doğmalarımızdır. Etiketini qoparmadığımız geyimlər, uçuş funksiyasını qurduğumuz zaman, nəfəsimizi filtrlədiyimiz rəngbərəng parçalar...
Və bu dəm bədənimə toplaşan anticisimlər. Həyatın təzadına bax, milyonların süni nəfəs aparatı altında boğulduğu zamanın hansısa dilimində, hiss etmədən yoluxub sağalmışam məgər. Deyirəm axı upuzun həyatın zərrə boyda maketidir pandemiya. Milyonları öldürən dərd bəzən səni daha da gücləndirir. Düşdüyü hər mühitin rənginə boyanan, zülmət qurudan işıq tapan, səhranı su yoluna çevirən, insan, sən barxan pişiyindən də güclüsən.
teleqraf