Qabil Abbasoğludan daha bir MEDİA YAZISI

22-07-2021, 20:46           
Qabil Abbasoğludan daha bir MEDİA YAZISI
Əslində, 146 il bütün mübahisələrin bitməsi, aydın və yeganə doğru yolun seçilməsi üçün kifayət etməliydi. Təəssüf ki, bu dövrün 43 ilini çar Rusiyasının əyaləti, vur-tut ikicə ilini müstəqil dövlət kimi yaşayan Azərbaycan, ardınca istiqlalını itirib, 71 il yenidən Rusiya əsarətində qalmalı oldu. İndi biz cəmi 30 yaşı olan müstəqil Azərbaycan mətbuatının boynuna 146 illik tarixi məsuliyyət yükləməli oluruq. Razıyam ki, ənənələr və lokal peşəkar məktəblər şəklində müəyyən irs qalsa da, həm ilk 43 illik, həm də sonrakı 71 illik mətbuatla indiki media qavramnın arasında demək olar ki, heç bir prinsipial bağ yoxdur, olmaması da təbiidir. 43 il maarifçilik, 71 il birtərəfli və totalitar təbliğat aləti kimi işləyən mediamız, yalnız 1991-ci ildən sonra öz həqiqi rolunu oynamağa (çalışmağa) başladı…


Başladı, nə başladı!

İlk vaxtlar milli azadlıq hərəkatının dalğasında ideoloji mübarizə institutu kimi görünsə də, getdikcə medianın qlobal standartları barədə əvvəlcə danışanlar, sonra isə onu yaratmağa çalışanlar tapıldı. Müstəqil ölkəmizin dünya, xüsusilə qərb cəmiyyətləri ilə təmasları mediaya baxışın cilalanmasına, mətbuatın ayrıca ictimai institut kimi formalaşıb oturuşmasına imkan verirdi. Bu kurs ta o vaxtadək davam etdi ki, media həm hakimiyyət, həm də etiraf edək ki, əksərən cəmiyyət üçün zəruri, labüd demokratik təsisatdan daha çox, problemlərə yer ayıran, qanunsuzluqlara güzgü tutan “başağrısı”na çevrildi. Və yolun asanı seçildi – medianın fəaliyyətinə şərait yaratmaq, dözümlü olmağı öyrənmək əvəzinə, medianı himayəyə götürmək, onu idarə etmək, ona sahiblənmək…

Nəticə göz qabağındadır. Normal, hətta deyərdim yaxşı qanunvericilik bazası, hələ də fəaliyyət göstərən peşəkar jurnalistlər və rəhbər kadrlar ola-ola media çoxrəngli, çoxsəsli bir palitradan boz bir xora çevrilib. İş o yerə gəlib çatıb ki, biz indi “mediaya azadlıq verilməlidirmi” kimi absurd bir müzakirə də açmalı olmuşuq. Əli Həsənov dövrünü, xüsusilə də indi, niyə pisləyir hamı? Onun ozünün şəxsiyyəti ilə bağlı deyildi axı bu məsələ. Məsələ qurulmuş idarəetmə sistemindəydi. Həsənova medianı idarə etmək, nəzarətə almaq tapşırılmışdı, o da bu işi bildiyi üsulla yarıtmışdı. O dövr bitdi, hamı düşündü ki, hər şey olmasa da, nələrsə dəyişəcək. Təəssüf ki, yeni (əslində köhnə, klassik) yol tapılmadı, məşhur filmdəki kimi “Zəhra, gəl bir də…” yolu seçildi. Rahat, “təhlükəsiz”, “ÇP”siz üsulla davam etmək. Yenə dövlət siyasətinin zəruri istiamətləri ilə bağlı gündəlik tezis-tapşırıqlar, TV-lərdən tutmuş, saytlara və qəzetlərə qədər, hər yerdə demək olar ki, eyni politoloqların hazır mətnlə göndərilmiş konyuktur təhlilləri, “toxunulmaz” və “sərbəst” sahələr, boyat və taftalogiyadan ibarət təbliğat materialları…

Məsələn, hər hansı başqa sahədə tənqid üçün nə qədər yer olsa belə, konkret 44 günlük Vətən Müharibəsi dövründə dövlətin birinci şəxsinin təkbaşına apardığı qüsursuz informasiya siyasəti onun ölkədəki ən qatı rəqiblərini belə yaxşı mənada təəccübləndirmiş, kütləvi təqdir qazanmışdı. Bu işi də öz gözəlliyində qalmağa qoymadılar. Dünya siyasətinin mövcud və yenilənən parametrlərinə hesablanmış, alt qatda gedən geopolitik savaşın şərtlərini nəzərə alan, düşməni və dostlarımızı səliqəylə öz yerinə qoyan bu çıxışların ardınca məzmunsuz, yaltaq ritorikadan ibarət dəstək “təhlilləri” işə düşürdü. Yenə hazır mətn, yenə bəlli adlar. Bunun üçün dövlət idarəetmə aparatında bir neçə – insafən də bacarıqlı – adamın 24 saat işlədiyini, tezis istehsal etdiyini düşünmək belə məyusedicidir…

Hər il 22 iyul ərəfəsində cəmiyyətdə müzakirə olunan mövzulardan biri də jurnalistlərə dövlət tərəfindən ev verilməsi məsələsidir. Niyə cəmiyyətdə deyirəm, çünki tək jurnalistlər deyil bu məsələnin dərdini çəkən. Ən müxtəlif peşə adamları, hətta peşəsiz adamlar belə jurnalistin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı az qala ümummilli problem səviyyəsində narahatlığını, etirazını, bəzi hallarda isə hətta qəzəbini və nifrətini də bildirir. Bəli, anlayıram, qəbul edirəm və arzulayıram ki, Azərbaycanda alim elmi işinə, həkim tibbi fəaliyyətinə görə, yazıçı satdığı kitablardan, müğənni yeni ifalarının gətirdiyi gəlirdən… qazanmalıdır, həyatını təmin edə bilməlidir. Amma bu, belə deyil, hələ ki olmur. Olmursa, o məntiqlə, neftçiyə SOCAR-dan, alimə AMEA-dan, müğənni-şair-yazıçı-xanəndəyə hökumətdən ev verilirsə, jurnalistə niyə verilməsin? Reklam bazarı kiçilib və nəzarət altındadırsa, media quruluşları azad biznes strukturları kimi çalışa bilmirsə, işçilərin minimum yaşayış ehtiyaclarını zorla təmin edirsə, heç olmasa, onları kirayələrdən xilas edib normal mənzillərlə təmin etmək də bir işdir. Bu söhbətin amması başqa yerdədir. Ümumiyyətlə, nomenklatura formalaşdırmaq, nomenklatur idarəetmə metodu yaratmaq, seçilmiş təbəqələr yaradıb, onları cəmiyyətlə hakimiyyətin arasına düzmək, bu cür ictimai buferlər quraşdırmaq işin rahatına qaçmaqdır. Rahat, amma çox ağrılı. Bu cür rahat yolun siftəsini 15 il əvvəl seçmişdik, indi mətbuatın öldü-qaldısını dartışırıq…

Çarə azadlıqdır. Dövlətimiz,hakimiyyətimiz, cəmiyyətimiz, mediamız bunu bir daha düşünməlidir.

Dövləti qanunlar saxlayar, cəmiyyəti azadlıqlar. Başqa tərəfdən, dövlət azadlıqlara hörmət edəndə güclü olur, cəmiyyət isə qanunlara hörmət edəndə…

Qanunumuz kəsərli, azadlığımız əbədi olsun.

Bayramımız mübarək, əziz həmkarlar! //bakupost.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.