“RAZİN DAĞI” ADLI SOVET MİFİ
16-05-2022, 12:04
Əvvəli burda:
https://teref.az/kose/239529-razn-dag-adl-sovet-mfl.html
II hissə
Zənnimizcə, I hissənin sonunda qeyd etdiyimiz amillər “Razin dağı haqqında mif”in müəlliflərinə yaxşı məlum idi. Ona görə də onlar bu əfsanəyə belə bir şayiə də əlavə etmişdilər:
Guya vaxtilə Kühüldağ mağarasından Xəzər dənizinin sahilinə yeraltı yol olmuş, lakin sonradan hansısa səbəbə görə o bağlanmışdır. Bununla da rəvayətə şübhə ilə yanaşacaq şəxslərin (skeptiklərin) diqqətinə belə bir fikri çatdırmaq istəyirdilər ki, Stepan Razin və onun adamları buranı həmin tunel vasitəsilə də tərk edə bilərdilər.
İndinin özündə də Kühüldağ haqqında yazılan məqalələrdə bu yolun uzunluğunun 2 kilometr olduğu, buradan hətta Qara dəniz sahillərinə yeraltı tunelin getdiyi göstərilir.
Halbuki xəritəyə nəzər salsaq görərik ki, Kühüldağdan Xəzər dənizinin sahilinədək məsafə 10 kilometrdən az deyil. Həqiqətən də stereotiplərdən yaxa qurtarmaq çox çətindir.
“Razin dağı barədə rəvayət”i quraşdıranların motivlərinə gəlincə, bunları ehtimal edə bilərik:
Azərbaycanda süni şəkildə “rus izləri” yaratmaq və onları mümkün qədər qədimləşdirmək;
“Rus silahı”nın gücünü, rus döyüşçüsünün məğlubedilməzliyini azərbaycanlının şüuruna yeritmək;
Bolşeviklərin qələbəsindən sonra rus xalqının qəhrəmanlarından biri elan edilmiş Stepan Razini gələcəkdə Azərbaycan tarixinə də müsbət qəhrəman kimi sırımaq, bu yolla rus və Azərbaycan xalqları arasında tarixi bağlar yaratmaq.
Beləliklə, gəldiyimiz nəticə bundan ibarətdir ki, Stepan Razinin Kühüldağda baza qurması barədə əhvalat, əslində, uydurmadan başqa bir şey deyildir. Amma bununla belə, fikrimizcə, quldurbaşının adı ilə bu dağ arasında o qədər də qədim dövrə gedib çıxmayan real əlaqə mövcuddur.
Məsələ burasındadır ki, “Zəhmətkeşlərin beynəlxalq həmrəylik günü” – “1 May bayramı” Azərbaycanda ilk dəfə 1900-cü ildə məhz Kühüldağda qeyd olunmuşdur.
Bu tədbiri sosial-demokratlar (gələcək bolşeviklər, menşeviklər, eserlər və s.) keçirmişdilər. Cəmi 12 inqilabçının iştirak etdiyi həmin aksiya icazəsiz, yəni qanunsuz idi. O illərdə Stepan Razin çarizmə, mütləqiyyətə qarşı mübarizənin rəmzlərindən biri hesab olunurdu. Görünür, sosial-demokratlar həmin tədbir zamanı Razin adından (tədbirin özünü, vaxtını, yaxud yerini bildirən) parol və ya kod kimi istifadə etmişdilər.
Yəqin ki, bu hadisə onların yaddaşında əziz bir xatirə kimi qalmışdı. Azərbaycan işğal olunduqdan sonra bolşeviklər Kühüldağa və 1923-cü il may ayının 1-də burada əsası qoyulmuş qəsəbəyə quldurbaşı Stepan Razinin adını verib, mağara ətrafında “1 May bayramı”nın qeyd edilməsini ənənəyə çevirmişdilər.
Qəsəbənin salınmağa başlandığı dövrdə Azərbaycan SSR KP MK-nın I katibi (1921–1926) olmuş Sergey Mironoviç Kirov (1886–1934) ilk “1 May” aksiyası haqqında bunları demişdi:
“Sayları az olsa da onlar buradan böyük ruh yüksəkliyi, tutduqları yolun doğruluğuna sonsuz inam hissi ilə ayrıldılar. Əmin oldular ki, (hərəkatın) məhək daşını qoyub, inqilabi dalğaların yolunu zəif da olsa işıqlandıra bildilər”.
Haşiyə. 1919-cu ildə keçirilmiş “1 May bayramı”nın ən əlamətdar hadisəsi Moskvada – Qırmızı Meydanda Stepan Razinin abidənin açılışı olmuşdu. Təntənəli tədbirdə sovet dövlətinin ilk rəhbəri Vladimir İliç Lenin (1870–1924) də iştirak etmiş, kazak atamanı və onun çara qarşı mübarizəsi barədə danışmışdı.
Amma heykəl bədii cəhətdən çox zəif alınmışdı. Həmçinin o ərəfədə Don kazaklarının və rus kəndlilərinin bolşeviklərə qarşı üsyanı başlanmışdı. Deyilənə görə, həm heykəltaraşa, həm də Don kazaklarına və rus kəndlilərinə qəzəblənmiş V.İ.Leninin göstərişilə Stepan Razinin ağacdan yonulmuş keyfiyyətsiz və uğursuz heykəlini muzeyə köçürmüşdülər.
Bütün bu faktlar onu göstərir ki, “Razin dağı” adlı sovet mifi 1920–1930-cu illərin məhsuludur. Amma atalar demişkən, “yalanın ömrü qısa olar”. Biz əminik ki, dəyərli oxucuya təqdim etdiyimiz bu yazı “Razin dağı” haqqında mifin həqiqətən mif olduğunu sübut etdi.
P.S. Azərbaycan yenidən müstəqil olduqdan sonra, 1992-ci il aprel ayının 29-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə qəsəbəyə görkəmli alim, şair və maarifçi Abbasqulu ağa Bakıxanovun adı verilmişdir.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az