60 illiyində Brejnevdən “60-60” nömrəli “Volqa” alan Makarov – Tapança ixtiraçısının həyatı.
25-05-2022, 15:34
Ən yeni tarix. Maraqlı faktlar.
O, SSRİ tarixində bəlkə də yeganə şəxs olub ki, Kommunist Partiyasının üzvü olmadan ən yüksək dövlət mükafatları ilə təltif olunub: Sosialist Əməyi Qəhrəmanı fəxri adı, iki dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni, SSRİ dövlət mükafatı, Stalin mükafatı və medallarla. Nikolay Makarov partiyaya üzv olmamasının səbəbini heç kimə açıqlamayıb. Bununla bağlı suallara qısa cavab verib: “Mənim saatlarla iclaslarda oturmağa vaxtım yoxdur...”
Nikolay Makarov kimdir? Stalin, Xruşov, Brejnev hakimiyyətlərində onun kompartiya üzvü olmamasına hansı səbəblərdən göz yumublar?
Nikolay Makarov 1914-cü ildə Ryazan vilayətinin Sasovo şəhərində anadan olub. Orta təhsildən sonra həmin şəhərdə texniki peşə məktəbində təhsil alıb, çilingər ixtisasına yiyələnib. İlk əmək fəaliyyətinə çilingər kimi Sosovo dəmiryolu stansiyasında başlayıb.
1936-cı ildə Nikolay Makarov Tula Mexanika İnstitutuna qəbul olunub. Müharibə başlananda onu Zaqorsk şəhərindəki silah zavoduna göndəriblər. Bu zavodda o, usta vəzifəsindən aparıcı konstruktor vəzifəsinə qədər yüksəlib. Makarovun sonrakı fəaliyyəti Tula şəhərindəki SSRİ-nin ən nəhəng müdafiə sənayesi müəssisəsində konstruktor bürosu ilə bağlı olub.
1945-ci ildə ordunun komandir heyəti üçün TT markalı tapancadan daha kiçik və daha yüngül həcmli tapançanın hazırlanması üçün Stalinin təşəbbüsü ilə silah konstruktorları arasında müsabiqə elan ediləndə Nikolay Makarov da bu layihədə iştirak etmək qərarını verib. Üç ilə yaxın davam edən işlərdən sonra 1948-ci ildə ixtiralar Kremlə təqdim olunub. Makarovun layihəsi yekdilliklə qəbul edilib və İjevsk mexanika zavodunda silahın kütləvi istesalana başlanılıb. 1951-ci ildən “Makarov” adını alan tapança SSRİ-nin silah arsenalına daxil edilib.
Sonralar lisenziya alınmaqla “Makarov” tapançası Çində, Almaniyada, Bolqarıstanda, Ukraynada da kütləvi istehsal olunub. Bununla yanaşı, “Makarov” tapançasından onlarla ölkələrdə güc strukturlarında və orduda tabel silahı kimi istifadə edilib.
Ümumilikdə bu günə qədər dünyada “Makarov” tapançasının istehsalının sayı məlum deyil. Amma bu illər ərzində təkcə İjevsk zavodu 5 milyondan artıq tapança istehsal edib.
Nikolay Makarov 60-dan artıq ixtiraya imza atıb ki, onların hamısı kütləvi istehsala buraxılıb. Tank əleyhinə “Faqot” raket kompleksi isə SSRİ-nin silahlı qüvvələrində xüsusi yer tututb.
Nikolay Makarov Tulada konstruktor bürosunda əsas simalardan biri olsa da, onun rəsmi vəzifəsi sıravi mühəndis olub. Partiyaçı olmadığına görə onu yüksək vəzifəyə təyin etmək mümkün olmayıb.
Böyük yumor hissinə malik olan Nikolay Makarov bütün bu uğurların qarşısında ən böyük uğurunu konstruktor bürosunda deyil, evdə qazandığını bildirib. Belə ki, o, həyat yoldaşının xahişi ilə banka ağzı bağlayan mətbəx aksessuarını ixtira edəndə ailədə böyük sevinc yaşanıb.
Müasirlərinin söylədiklərinə görə, Nikolay Makarov son dərəcə səxavətli, dostcanlı, mehriban bir insan olub. O, ikinci dərəcəli Stalin mükafatı alanda, mükafat qismində verilən 50 min rublu (həmin vaxt onun aylıq maaşı 673 rubl olub) tək özünə xərcləməyib, valideynlərinin yaşadığı evin damın düzəltdirib, bacısı üçün həmin vaxtlar defisit olan televizor alıb, digər bacısının oğluna təzə motosiklet hədiyyə edib, dostlarına fotoaparat bağışlayıb. Qalan pulu isə mənzilində çatımayan ev əşyaları almağa sərf edib.
Ailədə, dostlar arasında olduğu kimi, Makarov kollektivdə də sadəliyi ilə fərqlənib. İşçilər arasında kimin səhvi olubsa, Makarov rəhbərlik qarşında həmin səhvi öz boynuna götürüb və bunun səbəbini məntiqli şəkildə əsaslandırıb: “Məni heç kim işdən çıxara bilməz, ölkəyə silah lazımdır...”.
1974-cü ildə 60 illik yubileyində Nikolay Makarova dövlət tərəfindən “Volqa” avtomobili hədiyyə edilib. Avtomobilin nömrəsinin “60-60” olması isə Brejenevin təşəbbüsü olub.
Elə həmin ildə Makarov təqaüdə çıxıb. Rəhbərliyin təkidlərinə baxmayaraq, konstruktor bütün təkliflərdən imtina edib və səbəbini belə söyləyib: “Bu silahların arasında mən tez məhv olacağam, yaşamağımı istəyirsinizsə, məni buraxın, onsuz da mən öz köməyimi sizdən əsirgəməyəcəyəm...”
Təqaüdə çıxmasına baxmayaraq, Nikolay Makarov yaşadığı Tula şəhərində ictimai işlərdə fəallıq göstərib, ev şəraitində olsa da yeni ixtiralar haqqında düşünüb. Hətta xəstəxanada müalicə alanda tibbi avandanlıqların yenilənməsi haqqında düşünüb, təkliflər verib.
II dünya müharibəsinin dəhşətlərini görən Nikolay Makarovun ən böyük arzusu dünyada sülhün bərqərar olması olub və o, həmişə silah istehsalının azaldılmasını istəyib. Həssas qəlbə malik olan Nikolay Makarov haqsızlıqla, ədalətsizliklə heç vaxt barışmayıb və daxili gərginlik nəticsində o, 7 dəfə infarkt keçirib.
Nikolay Makarov 1988-ci ildə, 73 yaşında vəfat edib. O, Tulada, 1-ci şəhər qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu.