4 institutut yaratdı, bir ay həbsdə yatdı, ölənə yaxın gözləri tutuldu ...

22-06-2022, 00:04           
4 institutut yaratdı, bir ay həbsdə yatdı, ölənə yaxın gözləri tutuldu ...
Lent.az-ın "Onu tanı" layihəsində bu dəfə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentindən bəhs edəcəyik

O, son zamanlar görmürdü, gözləri tutulmuşdu. Çətinliklə hərəkət edirdi. Demək olar ki, evdən bayıra çıxmırdı. Amma 89 yaşının içində belə həyat eşqi onu tərk etməmişdi.

Son müsahibələrinin birində belə demişdi: “Tələbələrim mənə baş çəkirlər, öz işlərindən danışırlar. Məndən məsləhət alırlar. Mənim özüm də bu yaşda bir gün belə, elmdən ayrılmamışam. İnsanın gözləri görməyə bilər, amma ağıl iti, ruh işıqlı olmalıdır ki, korluğun bilinməsin”. Bu gün isə o, gözlərini əbədi yumdu: Akademik Eldar Salayev,

Eldar Yunis oğlu Salayev 31 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olub. 1951-ci ildə orta məktəbi, 1956-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini bitirib. Həmin ildə də Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayıb. Əvvəl kiçik elmi işçi, sonra elmi katib, laboratoriya müdiri, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışıb. 1972-ci ildə SSRİ Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun direktoru təyin olunub.

Eldar Salayev 1963-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1975-ci ildə elmlər doktoru dərəcəsini, 1979-cu ildə professor elmi adını alıb, 1983-cü ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, 1983-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb. SSRİ xalq deputatı, Azərbaycan Milli Məclisinin deputatı olub.

SSRİ-nin dağılması ərəfəsində Eldar Salayev İttifaq respublikalarıyla elmi əlaqələrin kəsilməməsi üçün xeyli cəhd etdi. Hakimiyyətə gələn Xalq Cəbhəsi Elmlər Akademiyasının bağlanma fikrini ortaya atır.

O zaman prezident olan Eldar Salayev bunun qəti əleyhinə çıxır. Eldar Salayev akademiyada prezident olduğu müddətdə Əlyazmalar, Arxeologiya və Etnoqrafiya, Millətlərarası Münasibətlər , Xəzərin Ekoloji problemləri İnstitutlarının əsasını qoyur. Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində dünyada tanınan alimlərdən sayılırdı.

E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir.

2005-ci oktyabrın 27-də o, Milli Təhlükəsizlik Nazirliyinə şahid qismində dəvət olunmuş və oradaca saxlanılmışdı. Həmin vaxt MTN-nin təcridxanasında saxlanılan Eldar Salayev barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham edilirdi. Deyilənə görə, Eldar Salayev keçmiş maliyyə naziri Fikrət Yusifovun ifadələrinə əsasən saxlanılmışdı.

Sən demə, Fikrət Yusifov istintaqa Rəsul Quliyevin Azərbaycana qayıdışını maliyyələşdirmək üçün keçmiş nazirlərdən aldığı pulun bir hissəsini Eldar Salayevə verdiyini bildiribmiş.

E.Salayev Milli Məclisin keçmiş sədri Rəsul Quliyevə görə vaxtilə Azərbaycan Demokrat Partiyasını (ADP) dəstəkləyən tanınmış simalardan biri olub. Rəsul Quliyevlə həm dost, həm də qohum olan Eldar Salayev və onun oğlu Elman Salayev 2000-ci illərin əvvəllərində ADP tərəfdarı kimi tanınmışdılar.
Akademikin oğlu Elman Salayev hətta bir müddət ADP-nin sədr müavini də olub. 2003-cü il prezident seçkilərindən sonra isə partiyadan uzaqlaşan oğul Salayev ABŞ-a mühacirət edib.

Salayev ziyalıların və ictimaiyyət nümayəndələrinin müraciəti, eləcə də Azərbaycan elminin inkişafındakı xidmətləri, 4 dəfə ağır cərrahiyyə əməliyyatı keçirdiyinə görə daimi həkim nəzarətində olmasının zəruriliyi nəzərə alınaraq, 2005-ci il noyabrın 16-da həbsdən azad edilmişdi.

O, bundan sonra tam kölgəyə çəkilmişdi. Siyasi proseslərə ümumiyyətlə qoşulmurdu. Özünün də dediyi kimi elmlə məşğul olur, tələblərə məsləhət verirdi...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.