Onun böyük ürəyi - Ramiz Qənbərovun ölüm günü...
1-05-2016, 12:09
Bu səhər telekanalların birində 30 apreldə doğulan və ölən məşhurlar haqda xronologiyada onun adını çəkmədilər. Bəlkə də xatırladıblar və ya xatırladaqcaqlar o biri saatlarda...
Son günlər heç xoşlamadığım boz-bulanıq bu aprel ayının qarmaqarışıq günlərində çoxları kimi mənim də əlim klaviatura düyməsinə yalnız yazı redaktə etmək, “kəsmək” üçün uzanır, nəsə düzüb-qoşmaq əhvalı ilə yox. Amma onun haqqında məhz bu günlər yazmamaq, yada salmamaq da olmur, yəqin ruhu da çox narahatdır, hələ uzaqdan atılan top səslərinə sevinib “gəlin, qurban olum, axı burada ürəyim partlayır...” deyir.
“Ürəyim partlayır” sözgəlişi deyil, onun danışanda ürəyi doğurdan da az qalırdı partlasın. Ona nə vaxtsa heykəl qoyulsa, ürəyini əlində qumbara kimi sıxmış kimi yaratmaq da olar. Yalançı vətənpərvərlər o “qumbaraları” hər gün atar, o isə sevgisindən, qəzəbində o “qumbara-ürəyi” sıxar-sıxar və ölər...Ona görə çoxları onun haqddında danışanda həm də belə deyirlər: “Yaxşı ki, öldü, vətəndə qaldı, burda qaçqınlıqda onun ürəyi partlardı...”
Mən illərdir ki, ona “öldü” deyə bilmirəm, yəqin son görüşlərimizdə onu şuşalılar demiş, dip-diri görmüşdüm. Bu gün isə onun ölüm günüdür. 30 aprel, 1992-ci il, Ramiz Qənbərov. Hə, Milli Qəhrəman...
Ramiz haqda danışanda onun Milli Qəhrəman olması mənimçün sonda gəlir. Sağ olsun dövlət, ad verib, adı dərsliklərə salınıb, haqqdında irili-xırdalı verilişlər, sənədli film də çəkilib. O ad Ramizə anansının südü kimi halalıdır. Amma əminəm, Şuşa işğal olunaydı, Ramiz 100 erməni öldürdüyünə görə sağlığında bu adı ona versəydilər, bu... pisliyi Elçibəy hakimiyyətinə bağışlamazdı. İndi də narahatdır yəqin, bu adla Ramiz işğaldakı məzarında necə rahat ola bilər ki...
Ramiz siyastəçi deyildi, onun kimi vicdanlı və təmiz amallı adamın siyasətdə yeri yox idi. Bu faktı Elçibəy Ramizlə bağlı bir anım tədbirində danışıb, xatırlatmağın yeri var.
Şuşada ermənilər səhv etmirəmsə, üç nəfəri girov götürmüşdü. Ramiz onların azad olunması üçün Bakıda çox qapını döyüb, AXC rəhbərliyi ilə, o zamankı hakimiyyət yetkililəri ilə görüşüb. Hamıya siyahını verib, köməklik istəyib. Amma o, heç yerdə deməyib ki, girovlardan biri onun DOĞMA QARDAŞIDIR...
***
AXC-nın Şuşa söbəsinin sədri olması yalnız Şuşanın müdafiəsini təşkil etmək üçün idi. Ramizin umacağı vəzifə də, kürsü də Şuşa idi. Bunun əksini düşünənlər onu “burunlayırdılar”, amma o, yalnız bu vəzifə haqda düşünürdü. Böyük siyasi oyunlar onun meydanı deyildi, onun üçün Şuşanın Bazarbaşı-Meydandan böyük, müqqəddəs heç nə olmadı.
İnşaat Mühəndisləri İnsitutunda təhsilini yarımçıq qoymuşdu, amma o, ali təhsil alan şuşalılarla həmişə fəxr edirdi, onları qoruyurdu, “oxuyun, qaqa, Şuşaya təhsilli uşaqlar lazım olacaq" deyirdi. Mən Şuşada-müharibənin bütün dəngələrinin, adamlarının dəyişdiyi o günlərdə Ramizə inandığım qədər heç kimə inanmırdım.
1991-ci ilin dekabrının son günləri idi. Bazarbaşındakı görüşümüzdə sözarası “yalnız sənin batalyonunda olaram” deyəndə dərddən-yuxusuzluqdan çuxura düşmüş xırda gözləri güldü. Bu inam onun xoşuna gəlmişdi, əlbəttə. Amma Ramiz “sən dərslərinə fikir verməlisən, hərənin öz işi var, qaqa ” dedi. Amma axırda ondan bir söz qopardım...
Üç-dörd gün sonra Şuşa xəstəxanasının palatasında yanıma gəlmişdi. Üzgün və yorğun görünürdü. Yəqin postdan gəlirdi, Mirşahingil də ordaydı. Gedəndə çöməldi, “qulağıma, bax dediyini gətirmişdim, a qaqa...” dedi. Gedəndə gördüm ki, çiynində iki avtomat var...
Ramiz aramızdakı yaş fərqimizə baxmayaraq, mənə verdiyi sözü tutduğunu göstərdi. Son dəfə görüşdüyümüzü bilsəydim...
Ramizin ölüm xəbəri Şuşanın qara xəbərindən 9 gün əvvəl gəldi...Mən bu müharibədə sinif yoldaşlarımı, tanıdıqlarımı, tay-tuşlarımı itirdim. Amma Ramizin itkisi bunların hamısından ağır oldu. Çünki anlayırdım ki, o sıradan bir itki deyil, Ramiz bir qoşun, bir bölük idi o arıq vücudu ilə. Ramiz sevgisi ilə Şuşanın yarısını qorumağa qadir idi. Ramizdən sonra Şuşa yarımcan qaldı və...
Ramizin itkisinin Şuşanın işğalı üçün nə qədər təsiri olduğunu düz 24 ildir eşidirik. Bunları təkrar xatırlatmağa gərək yox. Ramizin yoxluğu onsuz da müdafiəsi xeyli zəifləmiş və həm də böyük siyasi oyunların getdiyi Şuşanın işğalını daha da tezləşdirdi.
***
Bakıda Ramizin adına küçə var. O küçə Sülh küçəsi ilə kəşişir. Ramizi daha yaxşı tanıyanlar bilir, o müharibəyədək həmişə sülh adamı olub. Amma Ramizin adına olan küçə indi sülhlə kəşişməməlidir, ta o vaxta kimi ki, onu Şuşada-qərib məzarının başında xatırlayaq...
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nazim Sabiroğlu.