BABƏK XÜRRƏMİ MÜSƏLMAN İDİ...
30-07-2022, 00:04
III hissə
Şərqi Roma imperatoru Teofilos xürrəmi Teofobosu özünün iki yaşlı oğlu Mixaelin (840–867) ən təhlükəli gələcək rəqibi hesab edirdi. Sual yaranır:
Yad ölkəyə qaçqın kimi gəlmiş bir gənc hansı keyfiyyətlərə malik olmalı və özü ilə nə gətirməli idi ki, imperatorun yaxın qohumu ilə evlənə bilsin, mənsəbə yüksəlsin, sonda taxt-taca namizədlərdən birinə çevrilsin?
Fikrimizcə, məsələ heç də hərbi qüvvə və sərvətdə deyildi. Sözsüz ki, qüdrətli bir imperiyanın rəhbərini bunlarla təəccübləndirmək olmazdı.
Amma gənc Teofobos Azərbaycandan özü ilə elə bir miras gətirmişdi ki, bunu onun əlindən heç kim ala bilməzdi.
Həmin irsin daşıyıcısını yalnız öldürmək olardı. İmperator belə də etdi. Bu, çox güman ki, Teofobosun və onun atası Babəkin (yaxud Babəkin qardası Abdullahın), onları Ərsakilərin hökmdar soyuna bağlayan nəsəbi, şəcərəsi idi!
Bir məsələni də qeyd edək ki, xürrəmilərin ikinci böyük rəhbəri Məzyər ibn Karen (?–839) qədim parfiyalıların (pəhləvanların) məşhur Karen soyuna mənsub idi. Yeri gəlmişkən, ərəb tarixçiləri də Məzyərin müsəlman olduğunu etiraf edirdilər.
Rəvayətə görə, Karen nəslinin əcdadı parfiyalıların daxa (təkə) ittifaqının parni (barani) tayfasının başçısı olmuşdu. Məzyər ibn Karen 839-cu ildə ərəblərə əsir düşmüşdü.
Xəlifə Mötəsimin əmri ilə onu Babəkin edam olunduğu yerdə qətlə yetirmişdilər. İran şahı Muhəmməd Rza Pəhləvi (1878–1944) iddia edirdi ki, onun ata xətti ilə ulu əcdadı parfiyalıların Karen soyundan olmuşdur.
Xürrəmilərlə bağlı söhbətimizin sonunda onların dini inancları haqqında danışaq... Sovet tarixşünaslığında xürrəmiliklə zərdüştilik eyniləşdirilir, Babək isə məzdəki adlanırdı. Bu iddianı həqiqət kimi qəbul etmək olarmı?
Yalnız bunu vurğulayaq ki, nüfuzlu İslam məzhəbşünası Əbulfəth Muhəmməd əş-Şəhristani (1075–1153) xürrəmiliyi İslam dininin şiəlik qolunun Keysaniyyə məzhəbinin Haşimiyyə təriqətinə aid etmişdir. Onun fikri kifayət qədər mötəbər sayılır. (Шахрастани. «Книга о религиях и сектах», с. 117. Москва – «Наука» – 1999)
İslam tarixçisi Əbu Mənsur əl-Təmimi əl-Bağdadi (980–1037) özünün “Kitab əl-fərq bəyn əl-firaq” əsərində yazırdı:
Xürrəmilik İslam dövlətində əmələ gəlib və iki qrupa bölünür: Babəkiyyə və məzyəriyyə. Hər ikisi mühəmmirə adı ilə məşhurdur. Babəkilər – Azərbaycan vilayətinin Bəzzeyn dağında ortaya çıxmış Babək əl-Xürrəminin ardıcıllarıdır. Məzyəriyyəyə gəlincə, onlar Corcanda mühəmmirə dinini yaymış Məzyər ibn Karenin davamçılarıdır.
Xürrəmilər (Babəkin ardıcılları) dağda müsəlmanlar üçün onları namaza çağıran məscid tikmişlər. Onlar öz uşaqlarına “Qurani-Kərim”i öyrədirlər. Lakin gizlicə namaz qılmır, Ramazan ayında oruc tutmur və kafirlərə qarşı cihadı məcburi hesab etmirlər (?!). Məzyərin ardıcılları (olan xürrəmilər də) zahirdə İslama pərəstiş edir, batində isə onu istəmədiklərini gizlədirlər (?!).
Haşiyə. Müsbət haldır ki, son illərdə Babək hərəkatının tarixinə alternativ baxış təklif edən, xürrəmiliyin İslami cərəyan olduğunu əsaslandıran əsərlər ərsəyə gəlmişdir.
Onlardan professor Kərəm Məmmədlinin “Səsli tarix: Babək” filmini, Ceyhun Bayramlının “Təhrif edilmiş tarix: Babək və hürrəmilər olduğu kimi”, Mübariz Mehrəlinin “Babək müsəlman olub” kitablarını, Əziz Rzazadənin “Babək İslamı məhv edəcəkdi” məqaləsini qeyd edə bilərik.
Lakin xürrəmiliyin İslami cərəyan olması maqların bu hərəkatdan kənarda qalması demək deyildi. Əvvəldə qeyd etdiyimiz kimi, formanın dəyişməsi heç də həmişə məzmunun da dəyişməsinə gətirib çıxarmır.
İslamdan əvvəlki maqlar filosof və ilahiyyatçı idilər. İslamı qəbul etdikdən sonra da onlar filosof və ilahiyyatçı olaraq qaldılar. Sadəcə indi maqlara sufi deyirdilər.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili