Elxanilərin etnik mənşəyi və dili TÜRK

21-09-2022, 12:37           
Elxanilərin etnik mənşəyi və dili
Elxanilərin hakimiyyəti zamanı (1258-1357) Azərbaycanın da daxil olduğu Orta Şərq coğrafiyasında türk etnosunun və türk dilinin nüfuzu dəfələrlə artdı. Buna səbəb moğol ordusu sıralarında bölgəyə gələn çoxlu sayda türk tayfaları və Elxani dövlət aparatında rəsmi sənədləşmə işlərinə uyğur türklərinin rəhbərlik etməsi idi.
Belə ki, 1255-ci ildə Məngü xan ümumi moğol ordusunun 2/10 hissəsini qardaşı Hüləgünün əmrinə verərək, onu Azərbaycana yola saldı. Bu hesabla, Hüləgünün əmrində 7 tümən, yəni 70000 əsgər yer alırdı. Orta Asiyadakı bəzi türk tayfalarının da ona qoşulması ilə ordusunun sayı 100 min nəfərə çatırdı. Ordu ailələri ilə hərəkət etdiyindən Hüləgü ilə birlikdə ümumilikdə 600 min moğol və türk bölgəyə hərəkət etmişdi. Qeyd edək ki, daha əvvəl də Çormağun Noyonun 40 min (ümumilikdə 200000), Ögedey xan zamanında Elçigiday Noyonun 30 min (ümumilikdə 150000), 1252-ci ildə Əmir Arqunla birlikdə 40 min (ümumilikdə 200000) moğol-türk əhalisi Azərbaycan, Aran, Xorasan, Mazandaran, Xuzistan, Lur, Fars, Kirman, İraq, Mosul və Gürcüstana gəlmişdi. A.Z.Toqana görə, Hüləgü ilə birlikdə o zamana qədər Yaxın və Orta Şərqə ümumilikdə 2 milyon monqol-türk əhalisi köç etmişdi. Avropalı tarixçilər isə İran, Azərbaycan və Anadoluda Hüləgü ulusuna tabe moğol-türk əhalisinin 1 milyon olduğunu yazırlar.
Hüləgünün əmrindəki 100 minlik ordunun və 600 minlik əhalinin əsasını Azərbaycan, Anadolu, İraqi-Ərəb tarixində böyük rol oynayan cəlayir və suldus (çobanilər) boyları təşkil edirdi. Onlardan sonra tatarlar və xristian olan qaraitlər (kerayit) gəlirdi. Hüləgü ulusu arasında naymanlar da yer alırdı. Onlar arasında az sayda öngüt qəbilələri də vardı. Bu son üç boy (qarait, nayman, öngüt) türk mənşəli idi. Hüləgü ilə birlikdə gələnlər arasında xeyli sayda türk vardı. Türklərin başında uyğurlar gəlirdi. Uyğurlar daha çox idarəçi sifətiylə gəlmişdilər ki, moğolların bütün dövlət, hərbi, iqtisadi və rəsmi işlərini onlar sənədləşdirirdilər. Onlar arasında din adamı (kam və baxşı) da yer alırdı. Əsasən, Diyarbəkir və Muğanın bəzi yerlərində yerləşən uryatlar (oryat) da türk idi. Yeni gələnlər arasında qıpçaq, qayı, türkmən və qarluq boylarından da xeyli türk ailəsi vardı. Yəni Orta və Yaxın Şərqə sadəcə moğollar deyil, Çin, Moğolustan və Orta Asiyada yaşayan, köçəri və yarımköçəri türklər də gəldi. Bir müddət sonra köç edən moğollar türklər arasında arasında əriyərək türk dilində danışmağa və türk adlanmağa başladılar. Yəni Elxanlı dövləti bir türk dövləti olaraq tarix səhnəsinə çıxdı.
Bütün bunların nəticəsində Azərbaycanda həm yerli əhali arasında, həm də Elxanlı dövlət sarayında türk dili böyük əhəmiyyət kəsb etməyə başladı. Çünki hələ Səlcuqlar dövründən Orta Şərq bölgəsində ərəb, fars dillərindən başqa ortaq ünsiyyət dili kimi türk dili hakim dil hesab olunurdu. Elxanilər zamanında isə bu proses daha geniş vüsət alaraq, bölgədə ərəb və fars dillərini sıxışdırıb çıxardı. Hüləgünün oğlu Yaşmutun hüzuruna çıxan İbn Şəddad türk dilində danışmışdı. Belə ki, İbn Şəddadı qarşılayan və onunla dialoq quran moğol elçilərə türk dilində xitab etmişdilər.
Türkoloq D.Ayalon "Çingiz Yasası" haqqında yazdığı bir məqalədə moğol əsgərlərinin çoxunun, həqiqətən, türk olduqlarını və digərlərinin də türkcə danışdıqlarını qeyd edir.
Məlum olduğu kimi, Hüləgü yaxşı təhsil almışdı və ona dərs verən müəllimləri də uyğur türkləri olmuşdu. Belə olan halda, Hüləgünün türk dilini bilmədiyini demək məntiqsiz görünər. Çünki onun uyğur yazısını yazıb-oxuması üçün türk dilinə, ən azından uyğur ləhcəsini bilməyə ehtiyacı vardı.
Bu məlumatlar Hüləgünün türk dilini bildiyi və bu dildə danışdığı ehtimalını yüksəldir. Digər tərəfdən, Hüləgünün moğol və türk dili xaricində başqa bir dil bilmədiyi dəqiqdir. Onun fars və ərəb dili haqqında da heç bir təsəvvürü yoxdur. Sadəcə "ətrafı" ilə moğolca ünsiyyət yaratdığı məlumdur. Həmçinin, Elxanlı hökmdarlarının Hüləgüdən etibarən türk dilində danışdıqları məlumdur. Hətta Qazan xan dövründə (1295-1304) rəsmi dil türkcə idi.
Beləliklə, Elxanlıların bölgəyə gəlişi ilə türk etnosunun və türk dilinin burada Səlcuqlar zamanından daha çox nüfuz qazandığı məlum olur. Digər tərəfdən dövlət saraylarında da rəsmi yazışmaların türk dilində aparılması, bu dildə çoxlu sayda elmi və ədəbi əsərlərin yazılması da hər kəsə məlum olan bir faktdır. Bu mənada 1918-ci ildə Müsəlman Şərqində ilk cümhuriyyəti quran babalarımız hərbi marşlarında Çingiz nəslindən, Elxanilərin soyundan gəldiklərini vurğulamaqla yanılmamışdılar.
Vurulur meydanda cəng, dəf,
Düzülür əsgərlər səfbəsəf!
Yürüyün şövqlə düşmənə tərəf,
Biliniz Cəngizdir bizə sələf!
Əkbər Nəcəf, Hüləgü xan
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.