Səfirə İran şahını devirməyi tövsiyə edən Voroşilov – bu, onu SSRİ-nin ən varlı təqaüdçüsünə çevirib.
29-09-2022, 11:28
Ən yeni tarix. Maraqlı faktlar.
Onların arasında telefon danışığı sərt, aşağılayıcı ifadələrlə yekunlaşıb. Nikita Xruşov Kliment Voroşilovu “başını itirmiş qoca” adlandırıb:
- Nikita Sergeyeviş, mən bu ölkənin prezidenti sayılıram. Xahiş edirəm ifadələrinizə sərhəd qoyasınız.
- Klim (Voroşilova öz əhatəsində adətən belə müraciət ediblər), sən prezidentdən daha çox başını itirmiş qocaya bənzəyirsən. Bəli, mən ifadələrimə də sərhəd qoyacağam, səninlə aramızda olan məsafəyə də. Sənin artıq getmək vaxtındır. Mən artıq sənin “ağlasığmaz” əməllərinə cavab vermək gücündə deyiləm.
Xuruşovla Voroşilovun arasında bu danışıq 1960-cı ilin aprel ayının sonlarında olub və bir həftə sonra Voroşilov SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən kənarlaşdırılıb.
Xruşovun SSRİ-nin “prezidenti”nə qəzəblənməsi isə heç də səbəbsiz olmayıb. Ondan bir neçə gün öncə Voroşilov Xruşovla birlikdə İranın SSRİ-dəki səfirini qəbul ediblər. Görüş protokol qaydalarına uyğun normal keçib. Sonda sovet liderləri İran səfirini çay süfrəsinə dəvət ediblər. Elə bu süfrə arxasında da Voroşilov vəziyyəti gərginləşdirib. O, səfirə müraciət edərək İrandakı hakimiyyət haqqında fikirlərini bildirib:
- Siz nə qədər öz şahınıza tab gətirəcəksiniz? Bu dözülməzdir. Məncə, artıq onu devirməyin vaxtıdır. Biz öz çarımızı devirdik, öz hökumətimizi qurduq. Siz də bu yolla getməlisiniz.
Səfir Voroşilovun ifadələrinə reaksiya verməyib. Amma sonra Xruşova bu münasibətdən şikayətlənib.
Stalinin ən yaxın silahdaşlarırı arasında yalnız Kliment Voroşilov Xruşovun hakimiyyəti dövründə ən yüksək vəzifəni tutub. Dövlət strukturu baxımından onun tutduğu SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsi əslində birinci post sayılıb. Amma Xruşov partiya rəhbəri kimi bu vəzifənin səlahiyyətlərini yetərincə məhdudlaşdırıb. Hətta Kremldə Voroşilova “dekorativ sədr” deyiblər.
1957-ci ildə Vyaçeslav Molotov, Georgi Malenkov, Lazar Kaqanoviç (antipartiya qrupu) Xruşovu hakimiyyətdən devirməyə cəhd edərkən Voroşilov da onları dəstəkləyib. Bununla belə, Voroşilov onlardan fərqli olaraq öz vəzifəsini saxlamağa nail olub.
Xruşov üçün Voroşilov dözülməz “kadr” sayılıb. Ancaq onu, cəmi iki sinif təhsili olan “prezident”i siyasi elitadan uzaqlaşdırmaq tez mümkün olmayıb. Voroşilov xalq arasında böyük nüfuza sahib olduğundan Xruşov ona qarşı cəbhə açmaqdan çəkinib, münasib məqam gözləyib. Həmin məqam 1960-cı ildə yetişib.
Məhz bu məqamda da Xruşov işini ehtiyatla tutub, düşmənçiliyə getməyib. Voroşilovun təntənəli yola salınması üçün bütün lazımi tapşırıqları verib. Voroşilov Kremldən böyük hörmətlə yola salınıb, şərəfinə ziyafət verilib, Xruşov onun haqqında ağızdolusu tost söyləyib.
“Prezident”ə yüksək fərdi pensiya təyin olunub. Pensiyanın məbləği mövcud dövr üçün kifayət qədər böyük məbləğ saylan 9 min rubl olub. Bununla yanaşı, Voroşilov sahəsi olduqca böyük olan (bir neçə hektar) bağ evi və şəhərin mərkəzində mənzillə təmin edilib.
Voroşilovun imtiyaz və güzəştləri bununla bitməyib. Ona şəxsi avtomobil verilib və sürücü ayrılıb. Sabiq “prezident”ə xidmət göstərmək üçün hökumət onun tabeliyinə altı nəfərdən ibarət xidməti personal da ayırıb. Voroşilov Kreml xəstəxanasında müayinə və müalicə almaq, dövlər sanatoriya və pansionatlarında istirahət etmək güzəştinə də malik olub.
Siyasi elita zarafatyana Kliment Voroşilova SSRİ-nin ən varlı pensiyaçısı adı verib.
Təqaüddə olduğu illərdə Voroşilovun ən çox getdiyi yer “Praqa” restoranı olub. O, ailə üzvlərinə, cəbhə dostlarına bu restoranda tez-tez ziyafətlər verib. Restoranın rəhbərliyi Voroşilovu “Praqa”nın fəxri qonağı elan edib.
Voroşilovun digər tez-tez göründüyü yer Lenin adına mərkəzi kitabxana olub. O, öz memurarlarını əsasən bu kitabxanada yazıb. Sağlığında Voroşilovun memuarlarının yalnız birinci cildi işıq üzü görüb. Həmin kitabın ilk oxucularından biri Anastas Mikoyan olub. Mikoyan kitabı oxuduqdan sonra Stalin haqqında yazılmışlara öz münasibətini bildirib. Bir az da Stalin şəxsiyyətinin şişirdilməsinə də toxunub. Münasibətə Voroşilovun cavabı sərt olub:
- Anastas, sən də Xryuşa kimi (Xruşovu nəzərdə tutub) sərsəmləməyə başlayırsan.
Ümumiyyətlə, Voroşilov həmişə sözü üzə deyən, ifadələrinə sərhəd qoymayan, bəzən isə kobud sözlərə yer verən adam olub. Sabiq “prezident” zarafat etməyi də xoşlayıb və bir çox hallarda həmkarlarına öz sözünü zarafatla çatdırıb.
Sağlam həyat tərzinə üstünlük verən Kliment Voroşilov uzun ömür sürüb. O, 80 yaşlarından sonra da hər səhər at belinə qalxıb, piyada kilometrlərlə məsafə qət edib.
Uzun illər SSRİ-də ən yüksək vəzifələri tutan, Stalinin ən yaxın silahdaşı sayılan, SSRİ-nin ilk 5 marşalından biri olan Kliment Voroşilov1969-cu ildə, 88 yaşında vəfat edib. O, Kreml nekropolunda dəfn edilib.
İlham Cəmiloğlu.