Qacarlar dövlətində ELXAN titulu

1-10-2022, 12:45           
Qacarlar dövlətində ELXAN titulu
Keçən dəfəki yazımızda Elxan titulunun ilk dəfə Hülakülər tərəfindən işləndiyini, ilk olaraq Hülakü xanın (1256-1265) zərb etdirdiyi pullarda və rəsmi dövlət sənədlərində Elxan adlandırılması haqqında məlumat vermişdik. İndi isə Qacarlar dövlətində istifadə olunan Elxan titulu haqqında danışacağıq.
Qacar xanədanlığında çadırlarda yaşayan köçərilər fərqli bir şəkildə idarə olunurdular. Belə ki, köçərilərin idarəçiləri öz içlərindəki tayfa və əşirət rəislərindən seçilirdi. Onlara Elxan deyilirdi. Qacarlar dönəmində Elxan adlanan idarəçi tayfanın siyasi işlərinin və birliyinin rəisi idi. Başqa tayfalarla əlaqələrdə hüquqi və rəsmi təmsilçi olduğu kimi tayfanın işlərilə mərkəzi hökumət arasında vasitəçi mövqeyində idi. Tayfa üzvlərinin hökumət ilə olan mübahisələrin həllini təmin edirdi. Əmri altında nökərbab və xidmətçilər vardı. Hökumətin bir vəzifəlisi olaraq mərkəzdən maaş alırdı. Buna qarşılıq olaraq tayfanın içərisindəki ailələri müəyyənləşdirmək, vergi toplamaq və istənilən əsgərləri hazırlamaq tapşırıqlarını yerinə yetirirdi.
1818-ci ildə Fətəli şah dövründə Qaşqaylar arasındakı rəislərə Elxan titulu verilmişdir. Bu titul daha sonra başqa tayfalar arasında da istifadə edilməyə başladı. Məsələn, Bəxtiyari və Kohgiluye tayfalarında bu titul tez-tez istifadə edilmişdir. Ona görə də dövrün rəsmi sənəd və məktublarında Elxan, Elbəyi və Xan kimi titullara çox rast gəlinir.
Tayfa və əşirətlərin başındakı Elxanın köməkçisinə Elbəyi deyilirdi. Tayfanın böyüklərindən seçilən Elbəyinin vəzifəsi tayfanın içindəki verginin toplanması, inzibati işlərin icrası, əmlak işlərinin tənzimlənməsi və müharibə zamanı qüvvələrin istənilən yerdə toplanmasından ibarət idi. Elbəyilər də mərkəzi hökumət tərəfindən təyin edildikləri üçün maaş və rəsmi əmrləri mərkəzdən alırdılar. Qacar hakimiyyəti zamanı Qaşqay və Bəxtiyari boylarının Elxanları əhalisi daha az olan boyların işlərini də icra edirdi. Nəsirəddin şah Qacar dönəmində (1848-1896) Hüseynqulu xan və İmamqulu xan Bəxtiyari boyunun elxanları olmuşdular.
Elxanların seçimi tayfa üzvlərinin razılığı və ya vərasət yolu ilə olurdu. Yalnız adət-ənənələrə görə, vəfat edən tayfa rəislərinin yerinə böyük oğlu seçilirdi. Şahın bu adətlərin əksinə olaraq, əmini qardaş oğlunun yerinə, qardaş oğlunu əminin yerinə və ya kiçik qardaşı böyük qardaşın yerinə təyin etmək səlahiyyəti vardı. Əşirət rəislərindən bacarıqlı olan birinin oğlu girov olaraq saraya alınırdı. Beləcə, mütləq bir itaət ilə qulluq etməsi təmin edilirdi. Ümumiyyətlə, Elxanın böyük oğlu girov olaraq alınır, sarayda yaşadığı zaman içərisində atasının saraya olan itaəti təmin edilirdi.
Elxanın tayfa üzərindəki təsiri və səlahiyyəti şahın mütləq səltənətinə bənzəyirdi. Olduğu yerdə həm qazı, həm müharibə komandiri, həm də dini mövzuları bilən və bu sahədə məsələləri həll edən üləma xidmətində idi. Elxanın yaşadığı məkan mərkəzdəki sarayın kiçik bir nüməsi olub, nəzakət qaydaları, adətlər və mərasimləri mərkəzdəki kimi tətbiq edirdi. Elxan öz mühitində mütləq səlahiyyətə sahib idi. Eyni şəkildə ətrafındakı əşirət böyükləri qəbul otağında və ya çadırda toplanır, şəxslərin şikayəti burada dinlənilirdi. Məsələlərin həlli üçün lazım olan hökmlər icra edilirdi.
Yılmaz Karadeniz, Kaçarlar döneminde İran (1795-1925) səh 98-101
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.