Ən böyük qəlb şairi, şairlər sultanı - FİZULİ BAĞDADİ
3-10-2022, 08:04
TÜRKLÜYƏ XİDMƏT ETMİŞ TÜRKÜN AZMAN ŞƏXSİYYƏTLƏRİ SERİYASINDAN
Azərbaycan Türk ədəbiyyatının yaranma tarixi tam bəlli olmasa da bu bölgədəki proto-türk mədəniyyətinin izləri göstərir ki, bu ərazidə kökləri çox qədim zamanlara dayanan zəngin sözlü xalq ədəbiyyatı örnəkləri mövcuddur. Ərəblərin bölgəni işğal etmələri və müəyyən bir dövrdə yönətimləri altına almaları nəticəsində Azərbaycanda İslam dini yayılmış və ərəblərin milli siyasətlərinə bağlı olaraq burada ərəbcə əsərlər yazılmağa başlamışdı. VII əsrin ikinci yarısından etibarən Azərbaycanda ərəbcə əsər yazan bir çox sənətkarlar yetişmişdir ki, bunlar haqqında Azərbaycan alimi Malik Mahmudov özünün “Ərəbcə yazmış Azərbaycanlı şair və ədiblər, VII-XII əsrlər” adlı monoqrafiyasında geniş məlumat vermişdir (Bax: Malik Mahmudov, göstərilən əsər, Bakı 1983). Səlcuq Türklərinin bu bölgəyə gəlişi və daha öncələri burada yaşayan digər Türklərlə qarışaraq yeni bir mədəniyyət vücuda gətirmələri öncədən ərəblər tərəfindən tarixə mal edilən fars dilini yenidən canlandırmış, Türklər tərəfindən farsca ədəbi əsərlər yazılaraq fars dilini bir ədəbi dil halına gətirmişdi. Ümumiyyətlə, Səlcuq Türklərinin Yaxın Şərqə gəlişi ilə bu bölgədə bütün dəngələr dəyişmiş, bölgədə mərhələ-mərhələ Türk hakimiyyəti tam qələbəyə ulaşsa da Türk əsilli Qətran Təbrizi (1012-1088), Xətib Təbrizi (1030-1109), Xaqani Şirvani (1126-1199), Nizami Gəncəvi (1141-1209), Məhsəti Gəncəvi (XII əsr) və s. kimi sənətkarlar sayəsində Türk ruhlu fars dilli bir İslam ədəbiyyatı vücuda gəlmişdi.
Hətta Çingizoğullarının hakimiyyətləri dönəmində belə bölgə yenə də Türklərin nüfuz dairəsində olmuş, bölgədə ərəb və fars ruhu sındırılmış, Elxanilərin rəsmi dövlət dili Türkcə olmuş, Türkcə yazan şairlərin sayı artmağa başlamışdı. Artıq XV-XVI əsrlərdə Türklər nəinki Asiya qitəsində hətta Şərqi Avropa və Şimali Afrikada da hakimi-mütləqə çevrilmiş, adı keçən ərazilərdə müəzzəm Türk dövlətləri yaradılmışdı ki, bunlardan ən əzəmətlisi Osmanlı İmperatorluğu və Səfəvi İmperatorluğu idi. Bu iki İmperatorluq arasında Xilafətə sahib çıxmaq uğrunda mübarizə başlamış, sonda Osmanlıların qələbəsi ilə nəticələnmiş və tarixdə ilk dəfə olaraq Türk sultanı həm də İslam dünyasının Xəlifəsi elan olunmuşdu.
İstər Qaraqoyunlu, istər Ağqoyunlu, istərsə də Səfəvi saraylarında gerçək dövlət və yazı dili Azərbaycan Türkcəsi olmuşdur. Yerli şairlərdən “Yusif və Züleyxa” müəllifi Xətayi, “Əsrarnamə” əsərini Türkcəyə çevirən Əhmədi və Həbibi kimi ana dilində əsərlər yazan Azərbaycan şairləri məhz bu dövrün saray sənətkarları olmuşlar. Siyasi mücadilə yolunda Azərbaycan Türkcəsindən maksimum yararlanan Şah İsmayıl Xətayi sarayını bir növü Azərbaycan Türk mədəniyyətinin mərkəzinə çevirmişdi. “Rəsmi və musiqini sevən Şah İsmayıl xüsusilə şeir və ədəbiyyatı öz himayəsi altına almışdı. Özünün qabiliyyətli bir şair olması sarayında sənətkar və alimlərin toplanmasına imkan yaratmışdı. Sadə Azərbaycan Türkcəsi ilə yazdığı şeirləri uzun zaman örnək olmuş, mərkəzə bağlı şairlər tərəfindən də təqib edilmişdir” (Ahmet Caferoğlu, Yavuz Akpınar, Azerbaycan Türkleri edebiyatı. Bax: Türk dünyası el kitabı, III cilt, ikinci baskı, Ankara 1992, səh. 604).
Ümumiyyətlə, XV-XVI əsrlər Azərbaycan üçün uğurlu əsrlər olmuşdur. Ağqoyunluların mərkəzi olan Təbriz şəhəri, Səfəvilərin mənəvi mərkəzi olan Ərdəbil şəhəri və digər mərkəzi şəhərlərdə tarix, coğrafiya, fəlsəfə və dini əsərlərlə yanaşı ədəbi əsərlər də yaradılmış, Azərbaycan və İraq bölgələrində Türk ədəbiyyatı, minyatür sənəti, memarlıq, musiqi və digər sənət nümunələri olqun bir səviyyəyə ulaşmışdı. Bu dövrdə bir çox ictimai-siyasi səbəblərdən bir çox Azərbaycan şair və sənətkarları Türkiyəyə, bir çox sənətkarlar da Türküstandan Azərbaycana gəlmişlər. Azərbaycandan Türkiyəyə gedən Hamidi, Haşimi, Süruri, Şahi, Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Arifi, Qasımi, Bidari, Səhabi, Pənahi, Hafiz, Xəlifə, Məsihi, Xəzani və s. kimi sənətkarlar, Türküstandan Azərbaycana gələn Kəmaləddin Behzad kimi rəssam, Tüfeyli kimi şair və xüsusilə əslən Azərbaycandan olub müxtəlif səbəblərdən Türküstana köç edib sonradan Səfəvi dövlətinin yaranması və Təbrizin yenidən Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsi ilə vətənlərinə dönən Şahqulu, Pəri Peykər, Susəni və s. kimi sənətkarlar Türk dili və ədəbiyyatının çiçəklənməsində əvəzsiz xidmətlər göstərmişlər.
XVI əsr Türk dünyasının qızıl əsri olduğu kimi Azərbaycan Türk ədəbiyyatının da qızıl əsridir. Azərbaycan Türk ədəbiyyatı Qafqaz, Azərbaycan, Farsistan, İraq və Şərqi Anadoluda yaşayan Türklərin birgə yaratdıqları ədəbiyyatdır. Bu ədəbiyyat Türküstan ədəbiyyatı ilə Türkiyə ədəbiyyatını bir-birinə bağlayan körpü rolu oynamışdır.
Zəngin proto-türk mədəniyyəti, dili və ədəbiyyatını beş min illik bir tarixdə özündə barındıran bu qədim Türk yurdu Azərbaycanda hər dövrdə olduğu kimi XVI əsrdə də dünya ədəbiyyatı tarixinə cahanşümul şəxsiyyətlər bəxş etmişdir ki, bunlardan biri də Məhəmməd Füzulidir.
Azərbaycan Türkcəsinə və şeirinə ölməzlik qazandıran Füzuli (1494-1556) Türk ədəbiyyatının ən böyük lirik və qəlb şairidir. “Balkanlardan Doğu Türküstana qədər uzanan bütün Türk dünyasında özündən sonra gələn nəsilləri öz təsiri altına almaq baxımından ancaq Əlişir Nəvai ilə müqayisə oluna biləcək, ədəbiyyatımızın müstəsna şəxsiyyətlərindən biri” (Əhməd Cəfəroğlu, Yavuz Akpınar, Azərbaycan Türkləri ədəbiyyatı, Bax: Türk dünyası el kitabı, 3-cü cilt, ikinci baskı, Ankara 1992, səh. 606) olan Füzulinin Azərbaycan ədəbiyyatına təsiri o qədər güclü olmuşdur ki “Füzulidən sonra Azərbaycan ədəbiyyatı öz məhvərindən çıxıb Füzulinin dalınca qoşmağa başlamışdı”(Cəfər Cabbarlı).
Füzulinin lirikası, onun Türk ədəbiyyatındakı cahanşümul yeri haqqında onlarla monoqrafiya, yüzlərlə məqalə yazılmışdır. Biz bu yazımızda əsasən böyük şairin ictimai-siyasi görüşlərini açıqlamağa çalışacağıq.
Öz dövrünün geniş dünyagörüşlü siması olan Füzuli təkcə böyük şair deyil, həm də fəlsəfə, astronomiya və digər elmlərə dair əsərlər yaratmış məşhur alim idi. Onun “Mətlə-ül-etiqad” (“Etiqadın mənşəyi”) əsərində Hind, Ərəb, Azərbaycan fəlsəfəsinin təhlili ilə yanaşı antik yunan fəlsəfəsi haqqında da geniş məlumat vardır. “Klassik çağın ən böyük lirik şairləri arasında yer alan Füzuli” (Prof. Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh. 205) sənətini şərtləndirən amillər “yüksək mənəvi keyfiyyətlər, ağıl və idrakın gücü, gözəllik, eşq və ədalətli üsul-idarədir” (Fuad Qasımzadə, Qəm karvanı yaxud zülmətdə nur, Bakı 1968).
“Allahlıqdan aşağı olan bütün təkamül rütbəsinə çatmağa qadir olan insanın tərkibində ağılın feyzindən bütün imkanlar mərkəzləşmişdir”-deyən mütəfəkkir həm də göstərir ki: “Lakin səy göstərilməsə hünər və fəzl örtülü qalar, imkandan gerçəkliyə çevrilə bilməz”. Ataların söylədiyi kimi: “Tanrı insana buyurmuşdur: Səndən hərəkət, Məndən bərəkət”. Mütəfəkkir ümumiyyətlə insanı qorxu, həsəd, kin, riyakarlıq kimi mənfi hisslərdən uzaq, kamilliyə ulaşmış ülvü bir varlıq kimi göstərmək istəmişdir. Mütəfəkkirə görə, xalqı anlayan, onun dərdi və arzusu ilə maraqlanan adil bir hökmdar, ədalətli bir üsul-idarə olsa, ölkə “aşiqlərin ürəyi kimi viran olmaz, cəmiyyət dağılmaz. Kəndli quru torpağa arpa dənəsi səpsə, buğda sünbülləri hasil edər”.
Mütəfəkkir haqq və ədalətin nə vaxtsa qələbə çalacağına inanmış, zalımların bir gün cəzaya düçar olacaqlarını, zülm ilə yaratdıqları səltənətin bir gün ədalətlə məhv olacağını onların yadına salmış və göstərmişdi ki:
“Zəmanə zalımı zalım əlilə məhv edər bil kim,
Düyünlü taxtını həmvar edər nəccar sühanı”
(Məhəmməd Füzuli, Əsərləri, IV cild, Bakı 2005, səh. 269).
Verdiyi ehsanları “səxavət” adlandıran şahları kəskin tənqid edən şair göstərir ki:
“Zərurət qarşısında verdiyi ehsan səxavətmi?
Məgər şah xeyrinə xalqı çalıb-çapmazmı əyanı?!”
(Füzuli, Əsərləri, IV cild, səh. 266).
Öz əsərlərində zülmə, zalım şahlara qarşı öz nifrətini bildirən, onları canavara bənzədən şair göstərmişdi ki, əgər şah zalım olarsa xalq xoş gün görməz, bəladan xilas olmaz:
“Olarsa şah zalım, xalq xoş gün görməz aləmdə,
Xilas olmaz bəladan bir qoyun, qurd olsa çobanı”
(Füzuli, Əsərləri, IV cild, səh. 265).
Mütəfəkkir bütün həyatı boyu kəndlinin əməyinə yüksək qiymət vermiş, xalqın səadətini arzulamış, dövrünün hökmdarlarına məsləhət görmüşdü ki, onların əkdikləri ağacları kəsib özlərinə taxt qurmasınlar, dehqanı məyus etməsinlər, kəndlinin qazancından şərik kimi pay aldıqları üçün onların mallarını qorusunlar (Rəfail Əhmədli, Azərbaycan dövlətçilik fəlsəfəsi, Bakı 2008, səh. 82). Mütəfəkkir göstərir ki, əgər kəndlinin malları talan olunarsa ən böyük cərimə çəkən hökmdarlar olacaq:
“Onun malı talandıqca cərimə çəkməli sənsən,
Cərimə kim çəkər, indi ki sən etdin bu talanı”
(Füzuli, Əsərləri, IV cild, səh. 265).
“Nə lazımdır sənə bir taxt ki, qayıq kimi axsın,
O göz yaşı selində ki, tökər məzlum müjganı”
-deyən şair hökmdarlardan soruşur ki, məzlumların göz yaşlarının selində qayıq kimi üzən taxt-tac sənin nəyinə lazımdır? Mütəfəkkir Sabir də öz sələfinin səsinə səs verərək göstərmişdi ki:
“Məzlumların göz yaşları ümman olacaqmış,
Dəryaları, ümmanları neylərdin İlahi?!”.
Füzuli göstərir ki, şahlar, sultanlar var-dövlətin, cah-cəlalın əlvanlığına uyub uşaq kimi aldanırlar. Onlar unudurlar ki, zaman tədricən onların başına torpaq səpir, onların tacına zinət verən ləllərin hər danəsi belə əlvan torpağa qarışır:
“Düşün, hər danəsi bir zərrə əlvan torpaq olmuşdur,
Bu şahlar tacına ziynət verən ləli-Bədəxşanı”
(Füzuli, Əsərləri, IV cild, səh. 268).
Zülm və ədalətə də fəlsəfi baxımdan yanaşan mütəfəkkir göstərir ki, Cahanın işi öncə nizamlı idi. Bu nizamı sonradan pozan zülm oldu. Zülmü yox etmək üçün ədalətin dünyanı nizama salmaqdan ötrü gəldiyini göstərən şair belə hesab edir ki, ədalətli insanlar hakimiyyətdə olsalar, cəmiyyətdə qayda-qanun pozulmaz, insanlar bir-birinə kömək edər, ölkə gülzara çevrilər və dövlətin ömrü uzun olar. Bununla da mütəfəkkir həyatın yaxşılaşdırılmasında, zəhmətkeşlərin vəziyyətinin yüngülləşdirilməsində maarifpərvər, ədalətli monarxa ümid edir və belə hesab edirdi ki, mərhəmətli və ədalətli hökmdar öz tələbələrinin rifahı və xoşbəxtliyi naminə tədbirlər görsə, xalq xoşbəxt olar. Şair hökmdarları xeyirxah, ədalətli olmağa, xalqa zülm edənlərə qarşı barışmaz olmağa çağırmışdı. (Bax: Məhəmməd Füzuli, Əsərləri, IV cild, səh. 213, 214).
Mütəfəkkir hökmdarlara məsləhət görür ki, xalqa xeyir versinlər, onlarla xoş rəftar edib xalqın hörmətini qazansınlar:
“Çalış xalqa xeyir ver, xoş sifətlərlə qazan hörmət,
Arı bal vermək ilə əldə etmiş şöhrəti, şanı”
(Məhəmməd Füzuli, Əsərləri, IV cild, səh. 270).
“Nədən ötrü gərək fəğfur ilə xaqana baş əysin?
Nədən ötrü gərək tərif etsin Keylə Kəsranı?”
-deyən şair xalqa çatdırmaq istəyir ki, əgər yoxsulların idrakı olsa, şah və onun əyanlarının xalqı soyduğunu dərk etsə və düşünsə ki, ona ruzi verən şah, xaqan deyil, Tanrıdır, onda sağ olduğu müddətcə xaqana, şaha baş əyməz, onları tərifləməz.
Şair əsərlərində Azərbaycan, Osmanlı və Türküstan hökmdarlarından, bəylərindən, paşalarından, valilərindən bəhs etmiş, onları sülhə, ədalətə dəvət etmiş, bu Türk hökmdarları arasında qardaşlıq münasibətləri yaratmağa çalışmışdır. Dövrünün Türk hökmdarlarını mədh etməklə mütəfəkkir onları ədalətli olmağa, zülmü yox etməyə səsləmiş, onların gördükləri xeyirxah işləri, gərəkli tədbirləri yüksək dəyərləndirmiş, bütün bunların xalq üçün məqbul olduğunu göstərmişdi (Bax: Məhəmməd Füzuli, Əsərləri, IV cild, səh. 56, 58, 98, 99, 101, 102). Osmanlı sultanı Süleyman Qanunini “haqq çırağı, səltənət şamı, ədalət sərvəti, xilafətdə vilayət əhlinin sərdarı, xilafət taxtının dövlətli sultanı, hər dərdin dərmanı, şəriət zirvəsi, din rövnəqi, mürüvvət mənbəsi, insaf dəryası” adlandıran Füzuli, onu Süleyman Peyğəmbərlə müqayisə etmiş və göstərmişdi ki:
“Haqq iki adil Süleyman hakim etmiş aləmə,
Əvvəli axır qılıb sirri-ədalət aşikar”
(Məhəmməd Füzuli, Əsərləri, IV cild, səh. 58).
Dövləti ədalətlə idarə edən Sultan Süleyman Qanuniyə mütəfəkkir hətta məsləhət görür ki, o, haqqın, ədalətin olmadığı ölkələri də fəth edib oralarda da ədaləti bərpa etsin:
“Əzimət qıl ki, dövran müntəzirdir fəth zövqünə,
Rəvan ol kim, zəmanə təbii düşmən mühəqqərdir.
Cəzair mülkünü qıl Bəsrə iqliminə mülhəq kim,
Peyapey fəthi nüsrət neməti-qeyri-mükərrərdir.
....Səbati-mülkünə bürhan yetər keyfiyyəti-ədli,
Ədalət qanda olsa, müstədam olmaq müqərrərdir”
(Füzuli, Əsərləri, IV cild, səh. 109-110).
Osmanlı dövlətinə və Osmanlı sultanlarına xüsusi rəğbət bəsləyən Füzuli onların bütün qələbələrinə ürəkdən sevinmiş və öz əsərlərində bu tarixi hadisələri və qələbələri yüksək sənətkarlıqla qələmə almış, Türklərin bütün qələbələrini Tanrı təyinatı hesab etmişdir (Bax: Füzuli, Əsərləri, IV cild, səh. 137-139).
Füzuli hətta aşiq-məşuq münasibətlərinin fonunda belə cəmiyyətdəki ictimai-siyasi münasibətləri əks etdirmiş, xalqı düşünən sənətkar “şərəfi-əhli-vücud” adlandırdığı füqəranın tərəfində olduğunu açıqca göstərmişdir:
“Fəqr imiş, fəqr, Füzuli, şərəfi-əhli-vücud,
Özünə eyləmə həmdəm füqəradan qeyri”.
Şair Səfəvi şahları Şah İsmayıl Xətayi, oğlu Təhmasib və Səfəvi dövlətinin İraq hakimi Cəfər Bəyə də hörmətlə yanaşmışdı. Şahlara mədhiyyə yazmağı özünə qadağan edən şair Səfəvilərin Kərbəlanı ələ keçirdikdən sonra əmin-amanlığı bərpa etdiklərindən öz qadağasını pozaraq yenidən onlara mədhiyyələr yazmışdı.
“Əhd qılmışdım ki, tərif etməyəm mən şahları
Əhdimi sındırdı iqdamın sənin, ey xoş xisal.
Hər anda xaliqi məxluq səninlə razıdır
Əyildi qarşına təzimə bu fələk çün nal”
“Onun nəzərləri etdi bu torpağı cənnət,
Onunla oldu Hicazdan İraq daha abadan.
Xalqa çatsın hikmətin feyzilə səhhət neməti,
Lütfün ilə həll olunsun xalq üçün hər müddəa”
(Məhəmməd Füzuli, Əsərləri, IV cild, səh. 208-211, 216, 223)
Hökmdarlara nəsihət verən şair göstərir ki: “Əgər istəyi can olsa da heç kəsin diləyini rədd etmə. Əgər qətlinlə belə bir könül xoş olacaqsa belə bir ölümə özün razılıq ver” (Füzuli, Əsərləri, IV cild, səh. 154).
Təbii hüquqa üstünlük verən, bərabərlik, azadlıq, ədalətlilik ideyalarını təbliğ edən Füzuli insanları hər cəhətdən azad, həyatın əziyyət və iztirablarından xilas olmuş görmək istəyirdi. Mütəfəkkir həm də insanları ədalətli qanunlara ciddi əməl etməyə çağırırdı. Şair mütəfəkkirin fikrincə dünyada mövcud olmayanları yaratmaq çətin deyil, çətin olan odur ki, bir ədalətli hökmdar mövcud olmaya:
“Nə mövcud olmasa əshabi-dünyadan, deyil müşkül,
Bu müşküldür ki, mövcud olmaya bir hakimi-adil”
(Füzuli, Əsərləri, IV cild, səh. 110).
Ədalət prinsipini hər şeydən üstün tutan mütəfəkkir göstərir ki, ədalətli bir hökmdarın dövründə əkinçinin torpağa əkdiyi hər dəndən bol məhsul hasil olar:
“Zəhi adil ki, dövranında dehqan tirə torpağa
Buraxsa daneyi-cov, xuseyi-pərvin qılır hasil”
(Məhəmməd Füzuli, Əsərləri, IV cild, səh. 111).
“Füzuli ədaləti “hikmət sirrinin aynası” adlandırır və göstərir ki, əsl hakim odur ki, verdiyi hökmə mütabiq ola, onun zatında qırıqlıq, əməlində riya olmaya, xalqdan, fəqir-füqəradan xəbərsiz olmaya, niyyəti xeyirxahlıq ola. Belə hakim Tanrının zəhmət əsəridir. O, haraya getsə, oraya zövqü-səfa verər” (Rəfail Əhmədov, göstərilən əsəri, səh. 84-85). Və əksinə, inayəti Haqqdan olmayan ədalətsiz hakim dövlət başçısı olsa, hökmündə xəta edər, məzlumları mərhəmətindən məhrum edib zalımları müdafiə edər:
“Hakim oldur ki, müvafiq ola hökmünə qədər,
Hakim oldur ki, mütabiq ola əmrinə qəza.
Böylə hakim əsəri-rəhmətdir Yəzdanın,
Qanğı iqlimə qədəm bassa verir zövqü səfa.
Bulmayan dövləti-tövfiqi inayət Haqqdan,
Nə rəva kim, qıla icrayi-hökumət dəva.
Qıla məzlumları mərhəmətindən məhrum,
Verə zalımlara öz nəfi üçün istila”
(Məhəmməd Füzuli, Əsərləri, IV cild, səh. 131, 132).
Hökmdarlara nəsihət verən şair onları füqəranın köməyi ilə ədəb dərsi almağa çağırır, adil hökmdarları isə İlahinin lütfü sayır və belə hökmdarların ədalətindən xeyir görən insanları xeyirli işlər görməyə səsləyir. Ədalətli hökmdarları ölkə üçün, dövlət üçün qənimət hesab edən şair onlara itaət etməyənlərin cəzasını Tanrı verər qənaətinə gəlmişdir:
“Füqəranın köməyi şaha verən dərsi-ədəb
Əhli-dil yoldaşı, məhbubeyi-ərbabi-kamal”
“Belə hökmdarlar ölkə üçün, dövlət üçün qənimətdirlər
Belə hökmdarların yolu ilə gedənlər səadət taparlar”
“Vücudun ölkəyə, ey sərvərim, qənimətdir,
Ki, adil hakim lütfi-İlahi saymışlar
İtaətindən o kəs ki, boyun qaçırdı sənin
Cəza verər ona qəhr ilə Xaliqi-qəhhar”
(Məhəmməd Füzuli, Əsərləri, IV cild, səh. 202, 234).
Dahi sənətkar elə bir hökmdar istəyir ki, o, yoxsullara, fəqirlərə tükənməz nemətlər bəxş etsin, iltifatı ilə yoxsullar sərvət paltarı geyinsin. Mütəfəkkirə görə: “Şah zülm edərsə, ölkə viran olar, təqva əhlinə zülmü rəva görərsə, Tanrı Özü ona divan tutar. Bir insanın başqa bir insandan yüksəkliyini göstərən şərt Allahı tanımasıdır. Bu yüksəklik dilənçilik və yaxud padşahlıq rütbəsindən asılı deyildir. Məxluqatın yaradılmasında məqsəd Xaliqə ibadət etməkdir. Məxluqun məxluqa ibadət etməsi layiq deyil” (Bax: Məhəmməd Füzuli, Əsərləri, IV cild, səh. 236; V cild, səh. 26).
Mütəfəkkir əsərlərində xalqı aldadan hökmdarlara bildirir ki:
“Bulmayan dövləti-tövfiqi-inayət Həqdən,
Nə rəva kim, qıla icrayi-hökumət dəva”
(Məhəmməd Füzuli, Seçilmiş əsərləri, IV cild, Bakı 1961, səh. ?.
Mütəfəkkirin yaradıcılığında “Bəngü Badə” əsəri xüsusi yer tutur. Bu əsərin dərin qatlarında “Türk millətinin qəlbində bir xəncər yarası olan” Səfəvi və Osmanlı kimi dövrün müəzzəm Türk İmperatorluqlarının qarşı-qarşıya gəlməsi öz əksini tapmışdır. Füzuli hər iki hökmdarın- Səfəvi şahı Şah İsmayılın və Osmanlı sultanı Sultan Səlimin təbii obrazlarını, onların məqsədlərini, ordu sistemlərini, diplomatik danışıqlarını, müharibə taktikalarını Bəng və Badə surətlərində ümumiləşdirmiş, bu müharibənin bütün təfərrüatlarını şərh etmiş, özünün də qeyd etdiyi kimi, kimsəyə tərəfkeşlik etməmiş, real tarixi hadisəni bütün yönləri ilə qələmə almış, məğlub tərəfin vəziyyətini çılpaqlığı ilə, məcazlar vasitəsilə göstərmişdir.
Əsərdə Bəng Şah İsmayılın, Badə isə Sultan Səlimin obrazıdır.
“Çıxdı nagah kəmindən ol ləşkər,
Oldu Bəngin sipahi zirü zəbər.
Aqibət Bəng edib əhanətə ar,
Badənin xidmətindən etdi fərar.
İndi gəzdikdə qorxa-qorxa gəzər,
Badə hər qanda görsə onu əzər.
Özünü mütləq aşikar etməz,
Mey olan yerlərə güzar etməz”
(Məhəmməd Füzuli, Seçilmiş əsərləri, II cild, Bakı 1988, səh. 253, 254).
Füzulinin dövlət və dövlətçiliklə bağlı fikir və mülahizələrini şərh edən tədqiqatçılar göstərirlər ki: “Füzuli fəlsəfəsində dövlət, dövlətçilik, yerli idarəçilik məsələləri xüsusi yer tutur. Bu fəlsəfi görüşlərində mütəfəkkir belə hesab edir ki, o, öz müasirləri olan şahlara, sultanlara, yerli əmir və paşalara nəsihət edib onları ədalətə dəvət etsə, onlar xalqla yaxşı rəftar edər və şairin onlara aid etdiyi sifət və xüsusiyyətləri doğrultmağa çalışarlar ki, bu da ölkənin və dövlətin ədalətlə idarə olunması üçün faydalı olar. Mütəfəkkir şair nədən danışırsa danışsın, onu sonda dövlət və dövlətçiliklə əlaqələndirir, əsərlərində hərisliyə, xalq malını yeyənlərə qarşı açıq etirazını bildirir” (Bax: Rəfail Əhmədli, göstərilən əsəri, səh. 81-82):
“O kəs ki, arzular xalqın malından hər saat, hər gün
Bəzəkli süfrədə olsun kababı, həm də büryanı,
Onun qəlbi yanarmı zülmdən büryan olan qəlbə,
O rəhm eylərmi görsə xalq udur qəmdən cigər qanı”
(Məhəmməd Füzuli, Əsərləri, IV cild, səh. 264-265).
Mütəfəkkirin “Rindu-Zahid” əsəri sosial və etik-əxlaqi məsələlərə həsr edilmiş təsəvvüfi bir əsərdir. Bu əsərdə müəllif ata ilə oğlu, Zahidlə Rindu qarşılaşdırmış və Zahidin dilindən söyləmişdir ki: “Allah Kamil, adil və tədbirli bir hakimdir. O, hər iş üçün bir yer təyin edib və hər kəs üçün də bir iş buyurubdur. İnsan istər-istəməz zəhmətin zəhərini dadmalı və riyazət yükünü çəkməlidir. Kim ki, qüssədən fərəh, əziyyətdən rahatlıq duymursa, onun rahatlığı əziyyətə, şadlığı da qüssəyə çevrilər”:
“Hər kim qüssədən fərəh, əziyyətdən rahatlıq duymursa,
Onun rahatlığı əziyyətə, şadlığı qüssəyə çevrilər”.
Zahidin söylədiyi bu fikirlərə şair Rindin dili ilə bu cavabı verir: “Ey Zahid, hər kəs dünya ləzzətini görməsə, ondan əl çəkməyi asandır. Məhrumiyyətin adını “himmət” qoyub sərvəti olmadığından yoxsulluğu bəyənmək hünər deyil. Hünər dünyanı əldə etmək və tərk etməkdədir, nəinki onu tənbəllikdən axtarmamaqda”:
Kimə ki, dünyanı ələ gətirmək çətindir,
Çarəsiz olaraq fəna və yoxsulluq yoluna üz çevirər.
Belə adamın tərifini hökm divanında nə cür yazmaq olar?
Dünyamı onu tərk edib, yoxsa o dünyanı tərk edib?
(Füzuli, Əsərləri, V cild, səh. 35, 36).
Mütəfəkkirə görə: “Nemətin çoxluğu Allahın inayətinə dəlalət edir və zindəganlığın çətinliyi təhqir əlamətidir. Ola bilməz ki, Allah cahili inayət silsiləsinə alıb alimi gözdən salsın. Cahilin nemətdə olması, alimin çətinlikdə yaşaması qəzəb və mehribanlıqdan deyil, bəlkə də onda Allah hikmətinin sirləri var. Hərçənd ki, məmləkətin işləri cahillərin əlindədir, alimin tədbirlə öz güzıranını əldə etməsi ondan daha asandır. Əgər dünya işlərinin əsasları ağıllıların əlində olsa, onda cahil adamlar istedadın olmaması üzündən onu çətinliklə qəbul edər. Bu hikmət Allah mərhəmətinin ümumiliyinə dəlildir və bu da alimlərin təsəllisinə səbəbdir ki, Allahın nemətindən hamı istifadə edir, hər kəs Onun salmış olduğu süfrədən öz ruzisini yeyir:
Dünya dövlətinin daima nadanlara çatması
Ölkənin nizam və intizamı üçün bir hikmətdir.
Alim öz ağlı ilə cahilə yaxınlaşa bilər,
Amma cahilin alimə yaxınlaşması zəhmətlidir”
(Füzuli, Əsərləri, V cild, səh. 30).
Hökmdar yanında dövlət qulluğunda çalışanların məziyyətlərindən bəhs edən şair göstərir ki: “Padşahların xidmətçiləri həmişə məhzun və sultanlara yaxın olanlar daima məğbundurlar. Əgər şahın yanında hörmətləri varsa, ədəb qayda-qanunlarını yerinə yetirməkdə əzab çəkirlər, əgər hörmətləri yoxdursa, qəzəbdən qorxurlar. Bu sənətə rəğbət bəsləməyi dünyapərəst adamlarda axtar. Bu nəsihəti ürfan rütbəsi axtaranlara demə” (Füzuli, Əsərləri, IV cild, səh. 26).
Füzulinin “Şikayətnamə” əsəri məktub xarakterli olsa da bu əsərdə mütəfəkkir rüşvətxor dövlət məmurlarına, insan şəxsiyyətini təhqir edənlərə öz dərin nifrətini bildirmiş, atalar sözünə çevrilmiş məşhur:
“Salam verdim, rüşvət deyildir deyə almadılar”-deyimi dillərdə əzbər olmuşdur.
Dahi sənətkar bir qitəsində də göstərir ki, hökmdarlar rüşvət verib ölkələr fəth etmək üçün ordu toplayır və yüz fitnə-fəsad təhriki ilə bir ölkə alırlar, ancaq unudurlar ki:
“Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri”
(Füzuli, Əsərləri, I cild, səh. 360).
Dünyada hər şeydən qiymətli İnsanı hesab edən, insanda da ən şərəfli gövhərin “söz” olduğunu göstərən şair: “Mən elə ki, əşyanın keyfiyyətini təhqiq üçün fərasət gözümü açdım, hikmət əsərlərinin tamaşası çölünə təfəkkür qədəmi qoydum, aləm sədəfində İnsandan qiymətli bir gövhər görmədim və İnsan gövhərində isə Sözdən şərəfli gövhər tapmadım...Çünki Söz insanlığın həqiqətindədir”-deyir (Füzuli, Əsərləri, IV cild, səh. 16-17).
Füzuli ədəbiyyat tarixində misilsiz bir lirik şair kimi tanınsa da o, ictimai-siyasi həyatla dərindən maraqlanmış, dövrün ideologiyasını əks etdirən xüsusi fəlsəfi məzmun daşıyan qiymətli əsərlər yaratmışdır ki, bu əsərlərdən biri də “Mətləül-etiqad”dır. Bu əsər sırf fəlsəfi əsər olub mühüm fəlsəfi məsələlərin şərhinə həsr edilmişdir. Mütəfəkkir bu əsərdə qədim yunan filosofları və orta əsr Şərq mütəfəkkirlərinin ideyalarını müqayisəli şəkildə şərh etmiş, öz fəlsəfi fikirlərini də açıqlamışdır. Bütün bunları nəzərə alan tədqiqatçılar göstərirlər ki: “Mütəfəkkirə dünya şöhrətini poetik əsərləri qazandırsa da fəlsəfəyə və fəlsəfə tarixinə, ümumiyyətlə, ideologiyaya həsr olunmuş traktatları Füzulinin dünyagörüşünü, ideya istiqamətini, bütünlükdə yaradıcılıq yolunu müəyyənləşdirmək üçün böyük əhəmiyyətə malikdir. Füzuli dini təlimlərin bu və ya digər məsələdə mövqeyini göstərərkən sofistlər, naturalistlər, dəhrilər, sabiilər, sufilər, işraqilər, mötəzililər, əşərilər və qeyriləri haqqında söz açmış, müxtəlif problemlərin şərhi ilə əlaqədar olaraq Qərb filosoflarından Fales, Anaksaqor, Empedokl, Demokrit, Heraklit, Pifaqor, Sokrat, Platon, Aristotel, Prokl, Femisti və başqaları, Şərq filosoflarından Fərabi, Nəzzam, İbn Sina, Nəsrəddin Tusi və başqalarının fikirlərinə əsaslanmış, öz fəlsəfi müddəalarını irəli sürmüşdür” (Bax: Zakir Məmmədov, Azərbaycan fəlsəfəsi tarixi, Bakı 1994, səh. 283; Rəfail Əhmədli, göstərilən əsəri, səh. 81).
Türkcə və farsca “Divan” yaradan, “Leyli və Məcnun”, “Hədiqətüs-süəda” kimi cahanşümul əsərlər yazan Füzuli Türk dünyasına həm də “şeirlə tarix söyləməkdə ün salmış”, əsərlərini Təbriz şivəsində yazan Fəzli kimi bir övlad bəxş etmişdir.
Ruhu şad olsun! Amin.
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
TEREF.AZ