İranda Zənd hakimiyyətinin sonu və Kirman qətliamı
3-10-2022, 09:38
1779-cu ildə Kərim xan Zəndin ölümündən sonra Şirazda Zəndlərin girovluğundan qaçan Ağa Məhəmməd xan Qacar ata yurdu Astrabada qayıdıb Aşağıbaş Qacarlarını ətrafına topladı və atasının yarımçıq qalan səltənət mübarizəsini davam etdirdi. Ağa Məhəmməd xanın sonrakı 15 illik həyatı Zəndlərlə mübarizədə keçdi və nəhayət 1794-cü ildə Kirman şəhərini ələ keçirməklə onların hakimiyyətinə son verdi.
Kirmanın Qacarlar tərəfindən alınması Zəndlərin sonuncu nümayəndəsi Lütfəli xan Zəndi Bəm şəhərinə qaçmağa məcbur etdi. Lakin burada Qacarların tapşırığı ilə şəhər hakimi tərəfindən həbs edilib Ağa Məhəmməd xan Qacarın hüzuruna gətirildi. Ağa Məhəmməd xanın 16 illik Zəndlərin girovluğunda böyük məhrumiyyətlər, mənəvi əzablar içində yaşaması, atasının və qardaşının Kərim xan Zənd tərəfindən qətlə yetirilməsi Zəndlər nəslinə və uzun illər onları himayə edən Kirman əhalisinə çox baha başa gəldi. Lütfəli xan Zəndin gözlərinə mil çəkdirib Tehranda edam etdirən Ağa Məhəmməd xan daha sonra Kirmanda böyük bir qətliama başladı. Qacar ordusu şəhərdə əhalinin əksəriyyətini qətlə yetirir, gözlərinə mil çəkir və qadınlarını öz aralarında peşkəş edirdilər. Qətliam zamanı 600 nəfərin boynu vurularaq kəsik başları 300 nəfər əsirlə birlikdə Bəm şəhərinə göndərilmişdi.
1794-cü ildə Kirmanın ələ keçirilməsilə İranda 40 illik Zəndlər xanədanlığı süqut etdi və 130 illik türk Qacar hakimiyyətinin əsası qoyuldu. İranı bütövlükdə nəzarətə alan Ağa Məhəmməd xan Qacar 1795-ci ildə Tehranda şah elan edildi və Azərbaycanın şimal torpaqlarına yürüş üçün hazırlıqlara başladı.
Yılmaz Karadeniz, İran Tarihi səh 246
Teref.az