Bakının mərkəzində 64 qadını kimin əmri ilə qətlə yetirdilər? - FOTOFAKT
5-10-2022, 11:43
1916-cı ilin əvvəlində Bakıda ən zəruri ərzaq mallarının qiyməti xeyli bahalanmışdı. Səbəbsə inhisarçılıq idi. Beləki, 6 nəfər möhtəkir ət ticarəti məqsədilə sindikat yaratmışdılar. Onlar Türkmənistandan qoyun gətirib, bazarlarda baha qiymətə satırdılar. Günbəgün artan qiymətsə yerli əhalinin qəzəbinə səbəb olmuşdu. Beləki, 1916-cı ilin fevral ayının 14-də Bakıda bahaçılqdan cana gələn qadınların ilk qiyamı baş verdi.
O zaman bu qiyama «Babiy bunt» adını verdilər.
Bizim.Media tarixi mənbələrə istinadən xəbər verir ki, bir qadın Aleksandro Nevski bazarında kartof alarkən qiymət üstündə satıcı ilə mübahisə edir. Qəzəblənən qadın ərzaq dolu torbanı yerə çırpıb, günəbaxan tumu olan qutunu da vurub dağıdır.
Sonra da dağıtdığı malları tapdalamağa başlayır. Dükançı qadına əl qaldırmaq istəyəndə digər qadınlar etiraza qalxırlar. Qadınlar hücum edib meyvə-tərəvəz, baqqal, çörəkçi, qəssab dükanlarını dağıdırlar.
Bu olayın ikinci günü artıq şəhər meydanda minlərlə qadın var idi. 3 gün ərzində etirazçı qadınlar 116 ərzaq, 70-ə qədər parça, paltar, geyim mağazasına və anbarına basqın edərək talanlar törədirlər.
Qadınlar qarşılarına çıxan alverçiləri, otel müdürlərini, pristavları hətta onları evə çağıran ərlərini belə meydanda döyüb əzişdirirlər.
Qadınları sakitləşdirmək üçün Qafqaz canişininin sərəncamı ilə Bakı general-qubernatoru xüsusi əməliyyat planı hazırlanır. Generalın rəhbərlik etdiyi əməliyyatda 270 nəfər piyada, 160 nəfər isə atlı əsgər iştirak edir.
Lakin General-qubernatorun əməliyyatı uğursuz olur. Məsələ, Çar ll Nikolaya qədər böyüyür. Bundan sonra etirazları yatırtmaq üçün Bakıya təcili surətdə yüzlərlə polis və atlı kazakın qatıldığı qüvvələr göndərilir. Şəhər meri Martınovun yazdığı raportda “Qadın qiyamı” zamanı şəhərə 2 milyon 957 min manat ziyan dəydiyi göstərilirdi. Bu o dövr üçün fantastik rəqəmlər idi.
Mübarizəyə qalxan qadınlar şallaq və güllələrdən qorxmadılar. Onlar Bakı tacirlərinə, mağaza, anbar və dəyirman sahiblərinə ultimatum verib belə bir bəyannamə ilə müraciət etdilər: «Siz ey rəhmsiz qaniçənlər, yaddan çıxarmayın ki, belə bir «qadın tufanı» bir də gələ bilər. O daha dəhşətli, daha amansız və qəzəbli olacaq.
Heç bir qüvvə qabağımızı kəsə bilməyəcək. Bütün dükanlar və mağazalar, anbar və dəyirmanlar dağılıb yerlə-yeksan olacaq. Qan içəndə öləcəksiniz. Hamınız məhv olacaqsınız».
On günə qədər davam edən qarşıdurmada 64 nəfər qiyamçı qadının və uşaqların ayaq altında qalaraq həyatlarını itirdikləri deyilir.
Surxay Atakişiyev, Bizim.Media