Əsirlikdənsə ölümü üstün tutan Azərbaycanlı qadın....
9-03-2023, 09:57
"Əsir düşmüş qadın kimi yaşamaqdansa, ölümü üstün tuturam" - Şəhid Səma Kərimovanın anasına yazdığı məktub...
1993-cü ilin aprel ayının əvvəlində ermənilərin geniş hücum əməliyyatları zamanı Səma Kərimova və dayısıgilin maşın karvanı Laçından çıxarkən Kəlbəcər rayonu ərazisində yerləşən tuneldə mühasirəyə düşürlər. 1 yaşlı körpə balası Nurlanə ilə əsir düşən Səma şəhid olmağı üstün tutaraq özünə qəsd edir.
Səma Kərimovanın anasına yazdığı məktub:
“Əziz ana! Məni bağışla. Mənə görə ağlama, bil ki, sənin qızın düşmənə əyilmədi, satılmadı, qürurunu sındırmadı. Burada hər dəfə yadıma düşəndə ki, erməni əlində əsirəm, bədənim uçunur. Bu ləkəni götürə bilmirəm. Bizim əsir düşməyimiz kişilərimizə damğadır. Onlar bizi qəbul etsələr də, biz vətəndə həmişə gözükölgəli gəzəcəyik. Əsir düşmüş qadın kimi yaşamaqdansa, ölümü üstün tuturam. Sənin yanına “girov damğası” ilə qayıda bilmərəm...
Ana, sən bir övlad itirib, əvəzində iki övlad qazanırsan. Mənim balalarımı məni saxladığın kimi saxla. Anaları ol, nənələri ol... Nurlanəmi düşmən əlindən xilas edin. Məni gözləməyin. Öpürəm hamınızı.
Səma.14 may 1993-cü il”.
Bu səhər Səma oyanmamışdı. Xankəndi şəhərində onunla əsir olanların hamı təəccübləndi. Çünki onun yuxusu qaydasında deyildi. Qəribə idi, uzun saçları yatağına dağılmışdı. Axı o yataqda belə saçlarını toplayıb, sancaqla yığırdı. Həftələrdir “Mənə erməni qanı vurmayın, mənə erməni əli toxunmasın” deyən gənc qadının biləyindən axan qan yatağı qırmızıya boyamışdı. O biri əlində isə qanlı saç sancağı var idi. Yaralı, taqətsiz qadın - kim bilir, hansı əzabla sancaqla biləyini deşib, damarlarını dartıb kəsmişdi.
Səma Kərimova şəhid olmağı erməni əsirliyindən üstün tutmuşdu...
Allah rəhmət eləsin!
Ramil Cəbrayıl
Teref.az