Qumarda paltarını belə uduzan Dostayevskinin heykəli...

3-07-2023, 08:13           
Qumarda paltarını belə uduzan Dostayevskinin heykəli...
Rus yazıçısı Fyodr Dostoyevskinin Almaniyanın Baden-Baden şəhərində qoyulan və qumarda uduzmasını təsvir edən heykəli.
Dostoyevski ifrat qumarbaz idi. O, Almaniyanın bir neçə kurort şəhərlərindəki qumarxanalarda dəfələrlə son qəpiyinə qədər uduzmuşdu.
Fyodr Mixayloviç ilk dəfə 1862-ci ildə xaricə səfər edir və Baden-Badenə gəlir. O, burada rulet oyununa aludə olur və əlindəki bütün pullarını uduzur.
Növbəti ildə yazıçı Visbadendə olur və burada nəinki özünün, hətta onu müşayiət edən Apollinariya Suslova adlı qadının da bütün pullarını ruletdə qoyur. Eyni şey 1865-ci ildə də baş verir və Dostoyevski maddi cəhətdən olduqca çətin vəziyyətə düşür.
Bu zaman Rusiyada Fyodr Stellovski adlı bir naşir vardı. O, qumarbaz yazıçıların, şairlərin, rəssamların, bəstəkarların çətin vəziyyətindən sui-istifadə edir və onlara istismarçı müqavilələr təklif edirdi.
Stellovski Dostoyevskinin borclarını ödəməyi öhdəsinə götürür, əvəzində Fyodr Mixayloviç 1866-cı il noyabrın 1-ə kimi ona yeni romanını təhvil verməli idi. Yazıçı müqavilənin şərtlərini yerinə yetirməyəcəyi halda Stellovski onun yazdığı və yazacağı bütün əsərləri növbəti 9 il ərzində müəllifə qəpik də ödəmədən çap edib satmaq hüququna malik idi.
Müqavilənin nə vaxt imzalanması, Dostoyevskinin öhdəsində nə qədər vaxt olması barədə müxtəlif versiyalar səsləndirilir. Amma birmənalı məlumdr ki, vaxt çox az idi və Stellovski əmin idi ki, yazıçı şərti yerinə yetirə bilməyəcək, çünki həmin vaxt o, həm də “Cinayət və cəza” üzərində işləyirdi, əsər hissə-hissə “Russki vestnik” qəzetində çap olunurdu. Dostoyevskinin qəzetlə bu haqda müqaviləsi vardı. Belə olan halda ikinci romanı da yazmaq fiziki baxımdan mümkün olmamalı idi.
Amma yazıçının yaxın dostlarından biri ona stenoqrafçının köməyindən istifadə etməyi təklif edir və yazıçı diktə ilə roman yaza biləcəyinə şübhə ilə yanaşsa da çarəsizlikdən 20 yaşlı stenoqrafçı Anna Snitkinanı işə götürür.
Nəticədə 24 gün ərzində, 4-28 oktyabrda yazıçının ən məşhur əsərlərindən biri olan “Qumarbaz” yazılır. Dostoyevski romanı Stellovskiyə təhvil verir və daha bir romana başlayır – özündən 25 yaş kiçik stenoqrafçı ilə sevgi romanına. Növbəti ildə onlar evlənirlər (yazıçının biirnci arvadı vərəmdən ölmüşdü).
Ər-arvad həmin il xaricə gedirlər və dörd il Avropada yaşayırlar. Yenə Baden-Badenə baş çəkən Dostoyevski burada əvvəlcə 4000 frank udur, amma dayana bilməyib hər şeyi, hətta paltarlarını və arvadının zinət əşyalarını uduzur. Şəkildəki heykəl də yəqin həmin hadisəni təsvir edir.
Dostoyevski növbəti illərdə də əlinə pul düşən kimi Baden-Badendə, Visbadendə və Bad-Homburqdakı kazinolarda uduzur. Nəhayət, 1871-ci ildə bir daha oynamayacağı barədə arvadına söz verir və ömrünün son 10 ilini qumarsız keçirir.
Dostoyevski öləndə Annanın cəmi 35 yaşı olsa da təkrar ərə getməyib, iki uşaqlarını böyütməklə və ərinin ədəbi irsini populyarlaşdırmaqla keçirir, məsələn, “Dostoyevskinin xatirə muzeyini” təsis edir.
Anna Dostoyevskaya (Snitkina) 1918-ci ildə Yaltada vəfat edir. O, Sankt-Peterburqdakı Aleksandr Nevski lavrasında, ərinin yanında dəfn edilməsini vəsiyyət etsə də, vətəndaş müharibəsinin bürüdüyü Rusiyada bunu etmək mümkün olmur və o, Yaltada basdırılır. Yalnız 50 il sonra, nəvəsinin səyləri nəticəsində vəsiyyəti yerinə yetirilir və ərinin yanında dəfn olunur.
Yadigar Sadıqlı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.