“O, hamımızı yuxuya verəcək” – Brejnevdən məşhur diktora “atmaca”.
7-02-2024, 12:28
Ən yeni tarix. Maraqlı faktlar.
Onun səsi hər yerdə eşidilib, uzun illər mərkəzi televiziyanın əsas diktorlarından biri sayılan Valentina Leonteva rəsmi dövlət tədbirlərinə aparıcı qismində dəvət olunub, televiziyanın hazırladığı yeni il şənliklərində də o, milyonlarla tamaşaçının qarşısına çıxıb. Hətta 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində aparıcılardan birinin Valentina Leonteva olmasını Mərkəzi Komitə təklif edib. Populyarlığın pik həddində dayanan diktor sıravi vətəndaşlarla yanaşı yüksək ranqlı dövlət məmurları arasında da böyük hörmətə sahib olub. Onun əsas pərəstişkarları isə qurucusu və aparıcısı olduğu “Spokoynoy noçi, malışi” verilişinin balaca izləyiciləri olub ki, Leonteva hər gün onlardan yüzlərlə məktub alıb. Amma 1964-cü ildən efirə çıxan bu veriliş təkcə uşaqların deyil, elə böyüklərin də diqqətini çəkib. O cümlədən Leonid Brejnev də Leontevanın aparıcısı olduğu bu verilişə münasibətini gizlətməyib. Belə ki, Kremldə fəxri adların verilməsi ilə bağlı mərasim keçiriləndə SSRİ xalq artisti adına layiq görülən Leonteva da Kremlə dəvət alıb. Təltif sırası ona çatanda Brejnev təqdimatın gedişini dəyişməyi təklif edib:
- Mən təklif edirəm ki, Leontevanı sonda təltif edək. İndi o, fəxri adını aldıqdan sonra 2-3 dəqiqə çıxış etsə hamımızı yuxuya verəcək. Hər axşam efirə çıxıb uşaqları yatızdırğı kimi. (“Spokoynoy noçi, malışi” verlişini nəzərdə tutub)
Baş katibin zarafatı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Leonteva öz sənətində zirvələri fəth etsə də, onun şəxsi həyatından qara zolaqlar az keçməyib.
Qeyd edək ki, Valentina Leonteva 1923-cü ildə Leninqradda anadan olub. Hər iki valideyni mühasib işləyib. Sovet-alman müharibəsi dövründə Leninqradın mühasirəyə düşməsi ərəfəsində ailə təxliyə olunmaqdan imtina edərək şəhərdə qalıb. Yalnız 1943-cü ildə, Leontevanın atası vəfat etdikdən sonra onlar Ulyanovsk vilayətinin Novoselki qəsəbəsinə köçüblər. Valentina Leonteva Moskva Kimya Texnologiyaları institutuna qəbul olunsa da təhsilini yarımçıq qoyub, hərbi hospitalda sanitar işləyib, müharibənin bütün ağrı-acılarını yaşayıb. Müharibədən sonra o, Stanislavski adına Opera və Dram Studiyasında təhsil alıb və bu təhsil ocağını bitirdikdən sonra təyinatla Tambov Dram Teatrına göndərilib.
1954-cü ildə Mərkəzi Televiziya işə qəbulla bağlı müsabiqə keçirəndə Valentina Leonteva uğur qazanaraq televiziyada rejissor köməkçisi, sonra isə diktor kimi işləməyə başlayıb.
Valentina Leonteva birinci dəfə radio rejissoru Yuri Rişarla ailə həyatı qurub. Bu nikah dörd il davam edib. Cütlüyün övladı olmayıb.
İkinci dəfə ABŞ-da diplomatik missiyada xidmət edən Yuri Vinoqradovla ailə həyatı qurduqdan sonra isə Leonteva Amerikaya köçüb. 1960-cı illərin sonunda bu nikah da pozulub. Valentina Leonteva oğlu Dmitri ilə birgə SSRİ-yə qayıdıb və yenidən fəaliyyətini mərkəzi televiziyada davam etdirib.
SSRİ Xalq artisti adına, SSRİ Dövlət Mükafatına layiq görülən Valentina Leonteva öz dövründə mərkəzi televiziyanın əsas simalarından biri sayılıb, ən məşhur televiziya aparıcılarından biri kimi tanınıb. Milyonlarla sovet uşaqlarının dilində “Valya xala” adı ilə məşhurlaşan diktor uzun illər “Spokoynoy noçi, malışi”, “V qostayx u skazki”, “Budilnik” verilişlərinin aparıcısı olub.
SSRİ süquta uğradıqdan sonra Leontevanın da yaradıcılıq karyerası sona çatıb, onun aparıcısı və müəllifi olduğu verilişlər bağlanıb, mərkəzi televiziya tanınmış diktora ehtiyac duymayıb.
Digər tərəfdən ailədə yaranan problemlər, oğlu ilə yaşanan gərgin münasibətlər də Leontevanın həyatında qara izlər buraxıb. Yeganə oğlu Dmitri ilə münasibətlərin kəskinləşməsi son hətta çatıb. Oğlu anasını Moskvadakı mənzilini satmağa məcbur edib. Bütün bu cansıxıcı həyatdan qurtulmaq üçün Leonteva mənzilini satıb, özü isə Moskvadan Ulyanovsk vilayətinə, Novoselki qəsəbəsinə köçüb.
2000-ci ilin əvvəllərindən Leontevanın səhhətində ciddi problemlər yaranıb, diktor sərbəst yeriyə bilməyib, 2004-cü ildə isə gözləri tutulub. Bu ağır günlərdə oğlu bir dəfə də olsun onu ziyarət etməyib. Heç rəsmi qurumlar da onun vəziyyəti ilə maraqlanmayıb.
Ömrünün son illərini xəstə vəziyyətdə tənhalıqda keçirən Valentina Leonteva 2007-ci ildə, 83 yaşında vəfat edib. Titullarına, dövlət təltiflərinə görə Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunmasına haqqı olan diktorun nəşini Moskvaya aparacaq bir nəfər tapılmayıb. O, qəsəbə qəbiristanlığında dəfn olunub. Zamanında milyonların sevimlisi olan Leontevanın dəfn mərasiminə Moskvadan yalnız üç nəfər gəlib, vaxtilə dərs dediyi tələbələr.
Ömrünün son illərində qələmə aldığı xatirələrində Leonteva öz həyatını qısa olaraq aşağıdakı kimi xarakterizə edib:
“Bəzən belə də olur. Öz işində, sənətində ən böyük uğurlara imza atırsan. Amma şəxsi həyatını qura bilmirsən. Yəqin ki, bu qaçılmazdır və mən bunu qəbul edirəm. Qəbul edilməyən isə odur ki, illər boyu çəkdiyin əziyyətlərə sonda qiymət verilmir. Mən sovet dövründə ən ali mükafatlara, fəxri adlara layiq görülmüşəm. SSRİ-nin süqutundan sonra isə bütün xidmətlərim unuduldu. Bu haqda düşünəndə təəssüf hisslərimi ifadə etməkdə çətinlik çəkirəm...”
İlham Cəmiloğlu.