"Sənin olan sənə qayıtsın!" və ya İlaxır çərşənbəniz mübarək olsun!
20-03-2024, 18:07
İnsan ömründə Tarixin çox az Günləri var ki, o günlərdə əlamətdarlıq gözəllik arzulamaq özəlliyi ilə ifadə olunur!
Leyla xanıma saat 00.00-da mesaj yazdım:
"İlaxır çərşənbən mübarək! Sənin olan sənə qayıtsın!"
Və bu arzunu bu ildə - statistik hesabla 2024-cü ilin 12-ci, 3-cü ayının 3-cü çərşənbəsində, Ruhumuzun isə BAŞLANAN yeni İl Təqvimində ötən İLİN AXIR ÇƏRŞƏNBƏSİndə bu formada qutlamaq kreativ təbrik istəyi deyildi təkcə, həm də Xanımgəlinimə, Xanımıma, Xalqıma, Dövlətimə arzum idi!
57 yaşa keçmişəm, 57 ildə çoxsaylı bayramlarda 57-nin 57 misli təbrik mətnim olub, niyə indi və məhz bu arzu?
Arzular əndazəli, qədərində və zamana-məkana-ruha biçimli olanda keçərli olur (indi bütün Yer kürəsi Monika Belluççiyə olan sevgimə qovuşmaq üçün dua etsə belə, mümkün deyil axı - Marsa Mask məni daha rahat göndərər, nəinki Monika ilə gərdəyə). Həm də... Vahid MÜƏLLİM deyib ki, AN ANINDADIR, MÜDDƏT MÜDDƏTİNDƏ.
Arzuların dilənmə anı və müddəti var!
İndi... bu arzunun yeriydi.
Leyla xanıma açmasını belə verdim:
- Etdiyin yaxşılıqlar, verdiyin tikələr ovsanaya düşüb, boyunlarında haqqın olanlardakı haqqın haqqı ilə, əllərdə olanların Sənə qayıtsın - böyük və məcazi mənada, hərfi anlamda, övladlar ocağa qayıtsın - ömrünün-evinin yarı-yaraşığı, bəri-bəzəyi olsun... bayramda, ömürləri öz evinin ağası-bəyi, xanım-xatını olmaqla keçsin!
Bu arzum Ölkəmə, Xalqıma, Dövlətimə də keçərlidir: Işğalda olan Torpaqları - Təbrizi, Borçalısı, Dərbəndi qayıtsın, Talanıb offşora gedən Sərvətləri qayıtsın, küsüb gedən, didərgin salınan oğul-qızları mühacirlikdən qayıtsın!
"Sənin olan" bu deməkdir!
Özümə də bunu arzulayıram, hər bir kəsə də. Əlbəttə, bir incəlik də var: etdiyimiz pisliklər də bizimdir.
Və mən... onların mənə qayıtmasından qorxmuram, bunu qarğış saymıram.
İmam Museyi-Kazımın sözüdür: "Yoxdur Yer üzündə elə bir Əli şiəsi ki, səhər günah etsin, axşama cəzasını çəkməsin, axşam günah etsin, səhərə çəzasız qalsın!"
Mən həmin o "Əli şiəsi"yəm - etdiyim yanlışın cəzası 12 saatı keçməmiş gəlib. Tanrı da şahiddir ki, qurban olaram o günaha, üstündən bir gün keçsin!
Olmadı və mən özümü xoşbəxt sayıram: mənim olan - mükafatım da, cəzam da mənə gəlsin, amma... bu dünyada!
Hər yanlışın cəzası olanda gözəldir. O cəza olmayanda ən dəhşətlisi... cəzasızlığın yaşatdığı sarsıntı və həyəcan cəhənnəm əzabına çevrilir!
Cəza(nı almaq) xilasdır... İlahi hüzurunda!
Bu gözəl gündə hamıya arzulayıram:
Sizin olan sizə qayıtsın!
Ümid edirəm ki, dostluğumda pislik qrafasında zəngin olan bir kimsə yox
Aydın Can
TEREF