Janna D`Ark...- Azadlıq uğrunda özünü qurban etmiş fransız qadın...

22-06-2024, 00:10           
Janna D`Ark...- Azadlıq uğrunda özünü qurban etmiş fransız qadın...
Janna D`Ark 1429-cu il aprelin sonlarında Orlean yaxınlığına gəldi və şəhərin müdafiəsinə rəhbərlik edən, Orlean bastardı deyilən Jan de Dunua ilə görüşdü (o, dofin Şarlın əmisi, Orlean hersoqu I Luinin nikahdankənar oğlu idi və buna görə bastard deyilirdi). İngilislər Orleanı tam mühasirəyə ala bilməmişdilər. Yollardan biri açıq idi, onun vasitəsilə şəhər ərzaqla təmin olunurdu. Janna da aprelin 29-da şəhərə daxil olur.
İlahi qüvvələrin bakirə bir qızı Fransanın xilası üçün göndərmələri xəbəri həm Orleanda, həm ölkənin başqa yerlərində böyük ruh yüksəkliyi oyatdı. Adlı-sanlı, əsilzadə zadəganlar da 17 yaşlı qızın komandanlığını qəbul etdilər.
Mayın ilk günlərindən fransızlar uğur qazanmağa başladılar. Ayın 4-də ingilislərin Sen-Lu istehkamı, 6-da Müqəddəs Avqustin fortu tutuldu.
Mayın 7-də isə ingilislərin əsas istehkamı olan Turelə hücum edildi. Özü də bu hücum sırf Jannanın təşəbbüsü idi, digər sərkərdələr əsgərlərə istirahət verilməsini doğru sayırdılar. Döyüş zamanı Janna çiynindən oxla yaralandı. Amma yenidən döyüş meydanında peyda olması fransızlarda inanılmaz coşğu yaratdı. Axşama doğru Turel alındı. Müdafiəçiləri ya öldürüldülər, ya əsir düşdülər. Ertəsi gün ingilislər digər istehkamları tərk edərək şimala doğru çəkildilər. Yeddi ay davam edən Orlean mühasirəsi sona çatdı. Bu, Yüzillik müharibənin üçüncü dövründə fransızların ilk böyük uğuru idi.
Bundan bir ay sonra fransızlar Janna D`Arkın komandanlığı altında hücum əməliyyatına başladılar. Onlar ingilislərin nəzarətində olan şimala hücum etmək üçün əvvəlcə Luara çayı hövzəsindəki bir sıra məntəqələri tutmaq niyyətində idilər. İyunun 12-də Jarjo, 15-də Mön-sen-Luar, 16-da Bojansi tutuldu. Hücumun qarşısını almağa çalışan ingilislər Con Talbotun komandanlığı altında Luaraya yaxınlaşdılar.
Tərəflər Pate yaxınlığında üz-üzə gəldilər. Bu dəfə say üstünlüyü ingilslərin tərəfində idi. Onların 5 minlik qüvvəsinə qarşı fransızların1,5 minlik qoşunu vardı. Janna düşmən döyüş düzülüşü almamış hücum etməyi qərara aldı. Qəfil yaxalanan ingilislər darmadağın edildilər. Qoşunun yarısı həlak oldu, xeylisi də əsir düşdü, o cümlədən Con Talbot.
Bəzən “Azenkurun tərsi” adlandırılan Pate döyüşü kiçik toqquşma idi, böyük hərbi əhəmiyyəti yox idi. Amma mənəvi-siyasi önəmi çox böyük oldu. Bütün Fransa ümidləndi, vətənpərvərlik ruhu yüksəldi. İngilislər isə, deyəsən, Jannanın həqiqətən də ilahi gücə malik olduqlarına inandılar və qorxuya düşdülər.
İndi Jannanın hədəfi burqundların əlində olan Reyms şəhəri idi. Fransa krallarının tacqoyma mərasimi bu şəhərdə keçirilirdi. O, dofin Şarlla ilk görüşündə ona Reymsdə tac qoyacağını vəd etmişdi.
İyunun sonlarında Jyen yaxınlığında 12 minlik fransız qüvvələri toplaşdı. 29-da Reyms yürüşü başladı. Onu “qansız yürüş” də adlandırırlar, çünki ruhdan düşmüş ingilislər və burqundlar heç bir müqavimət göstərmirdilər. Şəhərlər bir-bir azad edilirdi.
İyulun 16-da Reyms də müqavimətsiz təslim oldu. Dofin Şarl, Janna D`ark və digərləri şəhərə daxil oldular. Ertəsi gün Reyms Notr-Dam kilsəsində VII Şarlın tacqoyma mərasimi oldu. Kral qarşısında diz çökən Janna bildirdi ki, Tanrının verdiyi əmri yerinə yetirdi.
Doğrudan da, elə bil, Jannanın missiyası bundan ibarət idi. Sonrakı dövrdə işləri heç də rəvan getmədi.
(ardı var)
Yadigar Sadigli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.