UEFA, yoxsa MAFİYA? — Avropanın türk düşmənçiliyi…
6-07-2024, 10:14
Avropa üzrə futbol çempionatı Azərbaycanda, həm də bütün türk dünyasında məhz qardaş Türkiyənin iştirakına görə maraqla izlənilir. Çünki Türkiyə komandası təkcə öz ölkələrini deyil, bütün türk dünyasını təmsil edir. Bura İslam dünyasını da əlavə etsək, Türkiyənin təmsilçilik coğrafiyası daha da genişlənir. Əminliklə deyə bilərik ki, bütün Türk və İslam dünyası Türkiyənin qələbəsi naminə bu çempionata azarkeşlik edir.
Türkiyənin 1/8 finalda Avstriya ilə qarşılaşması çempionatın ən dramatik oyunu hesab edilə bilər. Çünki favorit Avstriya hesab olunurdu, çempionatdan öncə bu ölkənin komandası Türkiyə millisini böyük hesabla məğlub etmişdi. Lakin oyun “futbolda son dəqiqəyə qədər heç nəyi dəqiq demək mümkün deyil” deyimini təsdiq etdi və qardaş Türkiyənin millisi tarixi qələbə qazandı. Oyunda Türkiyə millisinin əzmkarlığı, sona qədər döyüşməsi xüsusilə seçilirdi.
Bununla yanaşı, stoper olan Merih Demiralın dubl etməsi diqqət çəkdi. Adətən böyük çempionatlarda stoperlərin qol vurması, hətta dubl etməsi nadir hallarda baş verir. Demiral bunu edərək, adını futbol tarixinə yazdırdı, həm də komandasına qələbə qazandırdı.
Oyundan sonra əsas müzakirə mövzusu Demiralın qol vurduqdan sonra sevincini “Bozqurt” işarəsi ilə qeyd etməsi idi. Avstriyada hələ 2019-cu ildə “Bozqurt” işarəsi “ultra-millətçilik” simvolu kimi qadağan edilib. Belə fikirlər var ki, Demiral da məhz buna işarə vurub. Avstriya bu işarəyə görə Demiraldan UEFA-ya şikayət edib.
Məlumtlara görə, UEFA Merih Demirala Bozqurd işarəsinə görə 2 oyunluq cəza verib. Bu o deməkdir ki, Merih Türkiyə üçün ən vacib oyunda meydana çıxa bilməyəcək. Təbii ki, belə bir hal Türkiyə üçün böyük itkidir. Görünür, Avstriya məğlubiyyətin acısını bu cür çıxarmaq istəyib.
Bəs UEFA niyə belə qərar verir?
Axı Merihin göstərdiyi “Bozqurd” işarəsində heç bir problem yoxdur. Yaxud da oyun bu işarənin qadağan olunduğu Avstriyada yox, Almaniyada keçirilir və məntiqlə Demiral çempionatın keçirildiyi ölkənin qanunlarını pozmayıb.
Axı UEFA niyə Merihi cəzalandırmalıdır?
İdman tarixində dəfələrlə müxtəlif mesajlar verilib və Merih nə birincidir, nə də axırıncı olacaq. Demiral nə oyun qaydalarını pozub, nə Almaniya qanunlarını, nə də hansısa qərarlara qarşı çıxmayıb. UEFA-nın belə bir qərar verməsinin arxasında yalnız bir səbəb ola bilər. Bu da Türk dümənçiliyidir.
Təsadüfi deyil ki, 1/4 finalda keçiriləcək Türkiyə-Hollandiya oyununa UEFA məhz fransalı hakim təyin edib. Bu artıq həmin oyunda hakimin ədalətli olacağını sual altına qoyur. Çünki Fransa da Türk düşmənçiliyi geniş yayılıb. Bu azmış kimi, UEFA rəsmi saytından da Türkiyənin adını silib.
Bir “Bozqurd” işarəsinə görə, bu qədər düşmənçilik edilməsi yalnız və yalnız Türkfobiya və İslamafobiyadan qaynaqlana bilər. Bunun başqa adı yoxdur.
Ancaq UEFA unutmamalıdır ki, Türkiyəyə qarşı edilən haqsızlıq bütün Türk dünyasına və İslam dünyasına edilən haqsızlıq kimi qəbul ediləcək. Bu isə Türk və İslam dünyasında Avropa çempionatına baxışı da azaldacaq, UEFA-nın onsuz da korlanmış imicini daha da psiləşdirəcək. Qardaş Türkiyə millisi bu çempionatda 85 milyonu yox, bütün Türk və İslam dünyasında sayı bir milyardan çox olan insanları təmsil edir!
azxebersport.az