QƏLBİN CAN DAMARI
24-07-2024, 13:04
Sahildə uzanıb kitab oxuyuram.
Dənizin qoxusu, dalğaların səsi və Benjamin Labatutun möhtəşəm bir kitabı…
“Arsız Yaşıllıq” adlı bu əsər “Bəşəriyyətin sonunu Bəşəriyyəti xilas etməyi məqsəd qoyan fikirlərmi gətirəcək?” sualına cavab axtarır. Kitabdakı müxtəlif səpkili mətnlərİ Dünyanın gedişatını dəyişdirərkən Bəşəriyyəti uçurumun kənarına sürükləyən elm adamlarının gözlənilməz ilham qaynaqlarına, uçsuz-bucaqsız vəsvəsələrinə, dahiliklərlə dəliliklərinə işıq tutur.
Romanın “Qəlbin can damarı” bölümünü nəfəsimi tutaraq oxuyuram.
Bir sözü belə ötürmək, səhv anlamaq istəmirəm.
Ən çox istədiyim isə bu hissənin bitməməsidir, aldığım həzzi uzatmaq, məni içinə dürtən labirintlərdən çıxmamaq, burada ilişib qalmaq, kənarda bir yerdə oturub dahiliklə dəliliyin sərhəddində gedib-gələn iki riyaziyyatçının düşdükləri girdabdan çıxma çabalarını seyr etməkdir.
Mazoxist təşəbbüslərə sövq edir bu iki nəhəng alim, ancaq oxuduqca bu “istək xarici” meyllərin köklərinin bilinməyəni öyrənmə sevdasından gəldiyini göstərir əslində.
Yapon riyaziyyatçı Sinyiti Motidzuki (Shinichi Mochizuki, 1969) və “riyaziyyatda 20-ci əsrin Eynşteyni” adlandırılan holland və yəhudi əsilli fransız alim Aleksandr Qrotendikin (Alexander Grothendieck, 1928-2014) dramatik həyatları, onların ədədlər nəzəriyyəsi, cəbri həndəsə və homoloji cəbrdə normal insan beyninin hələ də tam qavraya bilmədikləri tapıntı və kəşfləri…
Final səhnəsində asketizmi və dərviş həyatını seçib, həyata, dünyaya küsən Qrotendikin Saint-Girons psixiatri xəstəxanasında can verərkən Motidzukinin hardansa peydahlanaraq 5 gün gecə-gündüz xəstənin sayıqlamalarını dəftərinə qeyd etməsi və sonradan yox olması…
Bu bölümü bitirib kitabı kənara, özümü isə dənizin dalğalı sularına atıram.
Geri üzərkən dalğaların sahilə çoçuqluq xəyallarımdakı müxtəlif planet, asteroid və başqa kosmik cisimləri andıran daşları daşıdığını görürəm.
Şezlonqun üzərində bir kompozisiya qururam.
Ailə fərdlərim mənə qəribə bir baxışla baxırlar…
Qrotendik nəyinsə sirrini tapmışdı.
Dünyaya küsüncə əlyazmalarının çoxunu yandırdı.
Ölüm döşəyində yapon həmkarına nə sayıqladığı da sirr kimi qalmaqdadır.
Bəlkə də mənim topladığım daşlardadır sualın cavabı…
İbrahim Nebioğlu
TEREF