DÜNYADA SON İNSAN

1-08-2024, 00:05           
DÜNYADA SON İNSAN
2157-ci il idi. Yer planetinin bütün insanları bir-birini qırmışdı. Cəmi 3 insan qalmışdı. Fransız Pierre, ingilis John, bir də mən. Mən artıq 100 il idi ki ümumiyyətlə danışmırdım. Pierre ilə John isə söz vermişdilər ki bir-birini qırmayıb öz əcəlləri ilə öləcəklər.
Gözəl may axşamı idi. Biz üçümüz, dünyanın son sakinləri, bir yerdə oturub dənizə baxırdıq. John heyranlığını gizlətməyərək dedi,
- Yaşıl dəniz necə də gözəldir.
Pierre gülümsədi və yüngül istehza ilə dedi,
- Dəniz yaşıl deyil, John, mavidir.
John bu istehzadan qıcıqlanıb özündən çıxdı,
- Harada görürsən mavini? Bütün dənizlər yaşıl olur, bu da yaşıldır!
Pierre tutduğunu buraxmırdı,
- Dənizlər mavi olur, John, bu yaşa çatıbsan, bunu da bilmirsən.
John tamamiylə özündən çıxdı,
- Mavi sənsən axmaq! Dəniz yaşıldır!
Bu sözlər mübahisədə deyilən son sözlər oldu. Estafeti yumruqlaşma aldı, daha sonra bıçaqlar, sonda isə ölüm. Planetin son insanları da öz əcəlləri ilə ölmədilər. Mübahisə.
Pierre də haqlı idi, John da. Amma planetin digər ölmüş 8 milyard insanı kimi, onlar da bir-birinin həqiqətini qəbul eləyə bilmədilər və digər insanlar kimi bir-birini məhv elədilər.
Təsəvvür elə ki yaşadığımız dünyada hamı daltonikdir. Təkçə sən qırmızı rəngi görə bilirsən. Hamı daltonik olduğu üçün, orada daltonik termini yoxdur. Hamı elə olduğu üçün, bu norma sayılır. Dünya böyük ölçüdə xaosdur, vahid meyarlar yoxdur, ona görə də, çoxluğun hakimiyyəti hökm sürür. Və sən 8 milyard daltonikin içində qırmızı rəngin olduğunu desən, sənə normal kimi baxmayacaqlar. Dövrdən asılı olaraq, cadugar elan eləyib tonqalda yandırmaqdan tutmuş, dəlixanaya kimi basa bilərlər.
Əslində onlar da haqlıdır, sən də. Onlar qırmızı rəngi görmədiyinə görə, onlar üçün qırmızı rəng yoxdur. Bu onların həqiqətidir. Sən isə qırmızı rəngi görürsən, qırmızı rəng sənin üçün var. Bu da sənin həqiqətindir. Sizin bir yerdə sağlam mövcüd ola bilməyinizin yalnız bir yolu var – bir birinizin həqiqətini qəbul eləməyi bacarmaq.
Amma planetin digər insanları kimi Pierre ilə John da bunu eləyə bilmədilər.
Dünyada sağ qalan yeganə insan mən idim. Çünki mənim üçün dəniz rəngsiz idi. Mən onu təxəyyülümdə istədiyim rəngə boyayırdım.
Qocaman dünya boş idi. Bütün planetdə son insan idim. Oturub dənizə baxırdım... Siqaretlə bərabər, dünyada son insan olmağımın acısını çəkdiyim vaxt, kimsə çiynimə əl qoydu... Çevrildim…
Ağ paltarlı bir insan gördüm...
Dedi,
- Brat, bağışla narahat eləyirəm, Sumqayıta getməliyəm, 20 qəpiyin olmaz?
20 qəpik verdim.
Dedi,
- Qaqaş, bir dənə siqaretindən də olar?
Siqaret də verdim.
Çevrildi ki getsin, köynəyinin arxasındakı yazını oxudum. Yazılmışdı – “Dünya Dağılsa da, Yaxçı Oğlan Ölməz, Qaqaş! Padlodur!!!”
Bu yazını oxuyan kimi, biologiya müəlliməmin sözü yadıma düşdü. Deyirdi, “Tarakanlar dünyada ən çətin məhv olunan yaratıqlardır, planetdə bütün canlılar məhv olsa da, tarakanlar sağ qalacaq”.
Düz deyirmiş.
Məmməd Şiriyev | Bakı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.