Qoy sevincimizi başqalarının kədəri üzərində deyil, xoşbəxtliyi üzərində quraq
16-12-2024, 12:53

Alimlərdən biri tələbəsi ilə səyahət edərkən tarlanın yanındakı ağaclardan birinin altında köhnə bir cüt ayaqqabı görürlər.
Bilinirdi ki, yaxınlıqdakı ərazidə işləyən birinin ayaqqabısı idi.
Tələbə deyir:
-Ustad, bu ayaqqabını gizlədək, sahibi gəlib ayaqqabını tapa bilməyəndə onun vəziyyətini izləyək, nə deyirsiz?
Müəllim:
-Sevincimizi başqalarının kədəri üzərində qurmaq düzgün deyil. Gəl belə edək. Sən varlı ailənin övladısan, bu ayaqqabıya bir az pul qoy, sahibi gəlib görəndə sevincini seyr edək.
Tələbə bu təklifi daha ağlabatan görür və kişinin ayaqqabısına bir az pul qoyur.
Müəllimi ilə birlikdə ağacın arxasında gizlənirlər ki, görünməsinlər. Bir azdan ayaqqabının sahibi gəlir. Paltarını dəyişir, ayaqqabılarını geyinəndə içində nəsə olduğunu hiss edir və baxıb görür ki,puldur. Bir az ətrafa baxır, heç kimi görməyərək, diz üstə oturub, əllərini açaraq:
-"Ya Rəbbim, bilirsən, arvadım xəstədir, uşaqlarım acdır. Verdiyin bu nemətə şükürlər olsun” deyərək göz yaşlarına boğulur və uzun müddət ağlayır.
Bunu görən Alim və tələbəsi də göz yaşlarını saxlaya bilmirlər.
Alim tələbəsinə üz tutub deyir:
-"Bu etdiyimiz, birinci təklifdən daha yaxşı deyilmi, indi daha xoşbəxt deyilsən?”
-Bəli Ustad, mən daha xoşbəxtəm. Əvvəllər başa düşmədiyim bu cümlənin mənasını indi anlayıram:
İnfaq (maddi yardım) edərkən, aldığından daha çox sevinirsən”
Müəllimi dedi:
-Mənim oğlum! Güclü və doğru olanda əfv etmək-sədəqədir. Qardaşının yoxluğunda onun üçün dua etmək-sədəqədir. Səhv olanda üzr istəməyi bacarmaq-sədəqədir. İnsanların qəlbinə sevinc əkmək-sədəqədir.
Elçin Hüseynov
TEREF