İSLAM TARİXİNƏ DAİR YANLIŞ BİLGİLƏR – 10 ƏLİ BİN ƏBU TALİBƏ SUİ-QƏSD HADİSƏSİ NECƏ BAŞ VERİB?
Bu gün, 09:04

İslam dünyasında dərin hörmət və ehtiram bəslənilən tarixi şəxsiyyət, əhli-sünnə cameəsinin raşidi xəlifəsi, şiə cameəsininsə 1-ci imam kimi tanıdığı Əli bin Əbu Talibə ölümündən öncə edilmiş sui-qəsdlə bağlı müsəlman dünyasında bəzi yanlış fikirlər bu günə kimi qalmaqdadır. Miladi 26 yanvar 661-ci ildə (hicri 40-cı il Ramazan ayının 19-da) sübh tezdən baş vermiş bu hadisəyə müxtəlif dövrlərdə mənbə müəlifləri ümumi sözlərlə toxunsalar da, İslam tarixşünaslığında bu sui-qəsdin təfərrüatlarını əks etdirən dərin araşdırmalar təəssüf ki bu günə kimi aparılmayıb. Bunun da əsas səbəbi ondan ibarətdir ki, Hz.Əlinin şəhadətindən sonra xəlifə seçilən Hz.Həsənlə özünü hökmdar elan etmiş Müaviyə arasında müharibə baş vermiş, ardınca sülh müqaviləsi imzalanmış və 90 illik bir Əməvi hakimiyyəti qurulmuşdur. Bu dövrdə Əli və onun nəsli hər cür əziyyət və məhrumiyyətlərə, təqib və sürgünlərə məruz qoyulmuş, Əməvi iqtidarı tərəfindən hər fürsətdə fiziki cəhətdən yox edilmiş və onlar barədə bir çox yalanlara meydan verilmişdir. Və təbii ki, həmin dövr ərzində bu cinayətlə bağlı hər hansı təhqiqat aparılmamış, Hz.Əliyə edilmiş sui-qəsdin təfərrüatlarını canlı şahidlər də daxil kimsə qələmə almamışdır. Sonrakı dövrün mənbə müəllifləri isə daha çox şifahi şəkildə, müxtəlif qaynaqlardan eşitdikləri məlumatlar əsasında hadisəni qeyd etmişlər. Nəticədə Hz.Əliyə sui-qəsdin harda və necə edilməsi barədə bu gün əksər müsəlmanlarda bir sıra yanlış təsəvvürlər vardır. Bu təsəvvürlər də məhz dəqiq məlumatların olmaması ilə əlaqədardır.
Bildiyimiz kimi, sübh tezdən baş verən bu sui-qəsd zamanı xəvaric firqəsinə mənsub Abdurrahman ibn Mülcəm adlı biri əlindəki zəhərli qılıncla Hz.Əlini alnından ağır yaralamış və hadisə yerindən qaçmışdır. Təbəri “Tarix ər-Rüsul və-l-Müluk” adlı əsərində ibn Mülcəmin Hz.Əlini məsciddə iki kürəyinin arasından qılıncla vuraraq ağır yaraladığını qeyd etsə də, ardınca başqa bir rəvayətə görə ibn Mülcəmin Hz.Əlini başından vuraraq paraladığını əlavə edir. Mənbə məlumatlarının bu mövzuda dəqiq fikir bildirmək üçün yetərsizliyini nəzərə alaraq, hadisənin hansı şəraitdə, harda və necə baş verməsini məzhəb tarixçilərinin mülahizələrinin təsirində olmadan əqli və məntiqi dəlillərlə təhlil və təhqiq etmək lazım gəlir. Bunun üçün ilk öncə hadisənin təfərrüatları barədə dəqiq məlum olan və qəbul edilən məqamları sadalayaq:
1. Sui-qəsdin iştirakçısı tək Abdurrahman ibn Mülcəm olmayıb, onunla daha iki nəfər olub (mənbələrdə digər iki sui-qəsdçinin Vərdan və Şəbib ibn Nəhvə adlı xaricilər olduğu qeyd olunur).
2. Sui-qəsd planını ibn Mülcəmlə birlikdə Burak ibn Abdullah və Amr ibn Bəkr adlı xəvaric firqəsi mənsubları hazırlayıb, bu plana görə həmçinin Burak ibn Abdullah Şamda (Dəməşqdə) Müaviyə ibn Əbu Süfyanı, Amr ibn Bəkr isə Qahirədə Əmr ibn Ası öldürməli idilər.
3. Sui-qəsd nəticəsində Əli bin Əbu Talib alnından zəhərli qılıncla ağır zərbə alıb.
4. Sui-qəsdi törədən ibn Mülcəm qaçmağa çalışarkən ələ keçirilib.
Bu məqamlar istisna olmaqla, hadisə barədə İslam dünyasında bilinən bütün söyləntilər çox sonralar yaşamış mənbə müəlliflərinin ehtimallarıdır. İslam məzhəblərinə görə mötəbər sayılan hədis külliyyatlarında və bir sıra mənbələrin məlumatlarında bu hadisəyə yığcam kontekstdə toxunulub, detallı və geniş təsvir edilməyib. Bir sıra qaynaqlarda Muhəmməd peyğəmbərin Hz.Əliyə onun sui-qəsdə məruz qalaraq qılıncla alnından xəsarət alacağını və alnının qanının saqqalına tökülərək onu boyayacağını xəbər verməsi qeyd olunur. Şeyx Səduq özünün “İləlüş-Şərayi” və “Əmali” əsərlərində, Şeyx Tusi “Əmali”, İbn Şəhr Aşub “Mənaqibu Əli bin Əbi Talib”, Əllamə Məclisi “Biharül ənvar” əsərində bu söhbəti oxşar məzmunda nəql etmişlər. Bu hədisin isnadı və məzmunu şiə mənbələrində daha çox yer alsa da, bəzi sünni tarix və hədis kitablarında da Hz.Əlinin şəhadəti ilə bağlı öncədən verilmiş xəbərlərə işarə olunur, amma orada bu dərəcədə təfərrüatlı ifadələr olmaya bilər. İndisə əqli və nəqli dəlillərin vasitəsilə hadisənin təhlilinə keçək.
Bu tarixi hadisəyə rasional və analitik yanaşma sərgiləməkdə fayda var ki, nəticə etibarilə gerçək olan üzə çıxsın. Məsələyə yalnız klassik mənbələrdən deyil, məntiq, hadisə yerinin analizi və real şəraitə uyğun ehtimallar üzərindən baxaraq, hadisənin necə baş verdiyini daha yaxşı anlamağa çalışmaq gərəkdir. Hadisələri sadəcə mənbələrdən oxumaqla kifayətlənməyib, onların məntiqi, konteksti və fiziki şərtlərini nəzərə alaraq analiz aparmaq tarix elminin əsas metodlarından biridir. Akademik səviyyədə tarixi təhqiqat üsulu bizlərə baş vermiş bu sui-qəsd olayı ilə bağlı daha dəqiq fikir söyləməyə kömək edəcək.
Əvvəla, sui-qəsdin harada baş verməsi ilə bağlı bir yox, dörd ehtimal var: Kufə məscidinin mehrabının önü, həmin məscidin giriş qapısının önü, Hz.Əlinin evinin qapısının önü və ya evindən məscidə doğru gedən yol. Məlumatlara əsasən, xəvaric təriqətindən olan İbn Mülcəm adlı qatil zəhərli qılıncla Hz.Əlini alnından ağır yaralayıb, sonra hadisə yerindən qaçmağa çalışıb və yaxalanaraq ələ keçib. Abbasilər dövrünün tarixçisi ibn Səd hadisənin Kufə məscidində baş verdiyini və qatilin məscid ərazisindən qaçmağa çalışarkən yaxalandığını qeyd edir. Hz.Əlinin sübh namazı zamanı səcdədə yaxud rükuda ikən hücuma məruz qalması ehtimalı o səbəbdən özünü doğrultmur ki, bu zaman arxadan yaxınlaşan qatil qılıncla Hz.Əlinin alnını heç cür yaralaya bilməzdi, arxadan endirilən zərbə yalnız başın üst və arxa hissəsinə xəsarət yetirə bilər. Bunu müasir dövrümüzdə istənilən savadlı məhkəmə-tibb eksperti təsdiqləyə bilər. Qatilin Hz.Əlinin önünə keçib zərbə endirməsi də mümkünsüzdür, çünki belə olduğu halda Hz.Əlinin arxasında olan hər kəs, o cümlədən, Hz.Əlinin yanında olan övladları Hz.Həsən və Hz.Hüseyn onu görəcək və sui-qəsdə mane olacaqdı. Üstəlik, çoxlu sayda insanın arasından onun mehrabın önündən sürətlə məscidin qapısına yönələrək məscidi tərk etməsi də qeyri-mümkündür.
Hz.Əlinin Kufə məscidinin qapısı önündə qəfil hücuma məruz qalması da eyni dərəcədə ağlabatan görünmür, belə ki, Hz.Əlinin iqtidarı dövründə Kufə məscidinin hündür daş hasarla əhatə olunmuş geniş həyətyanı sahəsi vardı və bir qatilin sübh ibadətindən öncə məscidin qapısında çoxluğun gözü önündə kimisə vurub sonra həmin ərazini tərk etməsi ehtimalı zəifdir. İbn Mülcəmin Kufə bazarında yaxalanaraq ələ keçməsi mənbələrdə qeyd olunur. Üstəlik, hadisə zamanı İbn Mülcəmin tək olmadığı, yanında daha iki nəfərin olduğu və həmin adamlardan birinin şəhər kənarında ələ keçirilərək öldürülməsi məlumdur. Bu təhlillərdən sonra son iki ehtimalı təhlil süzgəcindən keçirək.
Hz.Əlinin Kufədəki evi şəhərdəki ən böyük məscidin təxminən 400-500 metr yaxınlığında olub. Hər kəs Əli bin Əbu Talibin qeyri-adi gücünü, qəhrəmanlıqlarını və çevik reaksiyasını bilirdi. Sui-qəsdi təşkil edənlər də bunu gözəl bilirdilər. Bu səbəbdən ona hücum ani, karıxdırıcı və qarşısıalınmaz olmalı idi. Deməli, sui-qəsdin məntiqlə Hz.Əli üçün ən gözlənilməz yerdə, onun tək və qəfil hücuma cavab verməyə macal tapmayacaq bir şəraitdə olması lazım idi ki, uğursuz olmasın. Zərbəni endirmək mümkün olarsa, qaçılmaz ölüm istənilən halda gerçəkləşsin deyə ibn Mülcəm pul verərək istifadə etdiyi qılıncı zəhərlətmişdi. Bu məqamlar onu deməyə əsas verir ki, məscidin mehrabında, qapısı önündə və ya həyətində, çoxlu sayda insanın qarşısında necə deyərlər, “əlini-qolunu sallaya-sallaya” öz planını həyata keçirmək sui-qəsdçilər üçün əsla əlverişli deyildi. Zatən hadisənin məsciddə baş verməsinə olan şübhələr də bu kimi mühüm məqamlardan qaynaqlanır. Səhərin alatoranlığında sui-qəsd üçün ən ideal yer məntiqlə ya Hz.Əlinin qapısının önü, ya da məscidə gedən yolun dar hissəsi və yaxud tini ola bilərdi. Bu məkanlar pusqu qurmaq üçün daha uyğundur. Tanınmış ilahiyyatçı-alim Yaşar Nuri Öztürk də Hz.Əlinin məscidə gedərkən xəvaric firqəsindən olanların sui-qəsdinə məruz qalması qənaətindədir.
Hadisəyə həm sünni, həm şiə din xadimlərinin baxış bucağı çox sonralar Abbasi xəlifələrinin diktəsi ilə yazılmış mənbələrin natamam ehtimallarına söykənir. Maraqlıdır ki, Əhli-beyt yönümlü İslam təriqətlərinin, xüsusən, Qərmətilərin, İsmaililərin, Anadolu Ələvilərinin, Əhli-Həqlərin və Qızılbaşların inandığı versiya məhz Hz.Əlinin öz evinin həyət qapısı önünə çıxarkən qəfil hücuma məruz qalmasıdır. Baki Güngör və digər Ələvi bilim adamlarının qəti mövqeyinə, eləcə də, müasir Nəcəf şəhərində yaşayan şiələrin bir qisminin iddiasına görə, Hz.Əli sübh tezdən evinin həyət qapısı önünə çıxarkən qulamı Qəmbər arxadan ona yaxınlaşaraq onun verəcəyi tapşırıqları gözlədiyi zaman Əli bin Əbu Talib həyət qapısını açaraq çölə çıxmaq istəmiş, elə ilk addımındaca pusquda dayanmış iki sui-qəsdçi sağdan və soldan onun qollarını bərk tutmuş, ibn Mülcəm isə zəhərli qılıncla öndən onun başına öldürücü zərbə endirmişdir. Bunun ardınca sui-qəsdçilər dərhal müxtəlif istiqamətlərə doğru qaçmışlar və Hz.Əlinin qulamı Qəmbər səs salaraq hər kəsi haraya çağırmışdır. Bu versiyada həm sui-qəsdin planlı təşkili, həm ani və qəfil olması, həm zərbənin öndən alın nahiyəsinə endirilməsi, həm kənar şəxslərin müdaxiləsinə fürsət olmaması, həm Hz.Əlinin edilən hücuma çevik reaksiya verməsi üçün zaman olmaması, həm Hz.Əlinin oğulları Həsən və Hüseynin hadisə yerində yox, məsciddə olması kimi amillər mövcuddur.
Beləliklə, mövcud ehtimalların analizi yolu ilə hadisənin məkanı və hücumun istiqaməti ilə bağlı aşağıdakı məntiqi dəlilləri əldə etmək olar:
1. Əgər zərbə alnına dəyibsə, bu, öndən gələn bir hücumu göstərir. Bu halda Hz.Əli ön tərəfdən hücuma məruz qalmışdır. Rəvayətlərdə ibn Mülcəmin Hz.Əlini qılıncla başından vurduğu deyilir, lakin istiqamət dəqiqliklə göstərilmir.
2. Əgər hücum məsciddə rüku və ya səcdə halında olarkən baş versəydi, zərbə başın arxasına dəyməli idi. Üstəlik, bu halda sui-qəsd üçün məxfilik, anilik və qarşısıalınmazlıq kimi mühüm amillər öz əhəmiyyətini itirirdi. Əgər ibn Mülcəm Hz.Əlini səcdə və ya rüku halında vurmuş olsaydı, məscid əhli, xüsusən də, Hz.Həsən və Hz.Hüseyn dərhal ona müdaxilə edib qaçmasına imkan verməzdi. Bu səbəbdən hücumun məsciddə baş verməsi ehtimalı olduqca zəifdir və əsaslı görünmür.
3. Bəzi rəvayətlərdə deyilir ki, ibn Mülcəm Hz.Əlinin evinin yaxınlığında pusqu qurmuşdu və o, məscidə gedərkən hücuma məruz qaldı. Daha həqiqətəuyğun görünən bu versiyaya əsasən, sui-qəsd onun evinin qapısı önündə və ya məscid yolunda baş vermişdir.
Sui-qəsdçilərin aqibətinə gəlincə, Abdurrahman ibn Mülcəm qaçmağa çalışarkən Kufə məscidindən kənarda, bazarda yaxud bazar yolunda onu təqib edən insanlar tərəfindən ələ keçirilib və əl-qolu bağlanaraq Kufənin hakimi Malik Əştərə təhvil verilib. Bəzi hədislərdə onu tutan şəxsin Müğirə ibn Nofəl və ya Qays ibn Rəbii olduğu bildirilir. Vərdan qaçaraq şəhərin kənarına yaxın yerləşən bir evə girib, bunu görən insanlar həmin evə hücum edərək onu orda öldürüblər. Şəbib ibn Nəhvəni isə ələ keçirmək mümkün olmayıb və o, qaçaraq gizlənib. Hz.Əlinin böyük oğlu Hz.Həsən ibn Mülcəmi dərhal öldürmək istəyib, lakin yaralı Hz.Əli oğluna bunu qadağan edərək əgər bu yaradan qurtulub sağalarsa, ibn Mülcəmin aqibətinə özünün qərar verəcəyini bildirib, əgər aldığı yaradan ölərsə, o zaman Hz.Həsənin hər kəsin gözü önündə ibn Mülcəmə bir zərbə vurmasını tapşırıb. Hz.Əlinin hicri 21 Ramazan 40-cı ildə şəhadətindən sonra qatil ibn Mülcəm Kufə hakiminin və əhalinin də iştirakı ilə Hz.Əlinin oğlu Hz.Həsənin qılınc zərbəsi ilə öldürülüb.
Ceyhun Bayramli
TEREF