Bahar nağılı
5-04-2017, 08:46
Bahar nağılı
Mənim 26 yaşım var. 6 yaşında olarkən valideynlərimlə köçmüşəm Bakıdan . Həmişəlik. Biz Almaniyada yaşayırıq.
Bakıda xalam var. Anamın kiçik bacısı. Mən onu çox sevirəm. O da mən sevir.
Təyyarədəyəm. Budur son sözlər deyilir .
"Biz Azərbaycanın paytaxtı Bakı şəhərinin üzərindəyik. Bir neçə dəqiqədən sonra Heydər Əliyev adına hava limanına enəcəyik"
Təsəvvür edirsiz?
20 il əvvəl buradan uşaqkən getmişəm indi artıq böyük bir insan kimi qayıdıram bura.
Gözlərimə qara eynək taxıram. Bilirsiniz niyə? Çünki təyyarə enəndə Azərbaycan mahnısı eşıdılır. Mən isə Azərbaycan mahnısı eşıdəndə gözlərimin yaşını saxlaya bilmirəm.
Xalam yaşlanıb artıq. Anamla belə qərara gəldik ki, mən mütləq onu gəlib görməliyəm. Bəlkə də bu son görüş olacaq. Onun ağır xəstə olduğunu bilirik.
Taksi məni düz xalamın evinin qarşısına gətirdi.
Mən buraları heç tanımazdım. Uşaq xatirələrindən əsər əlamət qalmamış, hər şey çox gözəlləşmiş Bakıda.
Xalam qapını açıb mənə sarıldı və ağlamağa başladı. Mən də kövrəldim. Biz bir neçə dəqiqə hönkür-hönkür ağladıq sonra isə gülməyə başladıq.
Gecədən keçsə də xalam mənim üçün açdığı süfrəni görsəydiniz! Mənim sevdiyim təamların hamısı bura toplanmışdı.
Çox sevirəm xalamı.
Səhərə kimi danışdıq. Ona öz sirrlərimi danışdıqca kövrəlirdi.
"Sən necə də tez böyüdün"- deyirdi.
Gecə yarısı qapının zəngi basılanda mən diksindim.
- Narahat olma. Bu mənim tələbəlik dostumdur, hərdən baş çəkir mənə.
Otağa daxil olan uca boylu yaşlı kişi məni yüz il tanıyırmış kimi əvvəl üzümdən öpdü sonra isə bizimlə birlikdə səhərə kimi deyib güldü. Çox bəyəndim onu. Elə doğma gəldiki mənə.
Səhərə yaxın getdi.
- Xala, kimdir bu adam?
Niyə mən onu ilk dəfədir görürəm?
Hiss etdim ki, xalam sualdan yayınmağa çalışır. Daha təkrar etmədim. Yatdıq.
Ertəsi günu ancaq xalamla bir yerdə keçirmək fikrindəydim.
Gəzməyə isə sonuncu günü saxladım.
Günorta oyanıb yenidən süfrə açdıq. Elə təzəcə oturmuşduq ki, yenə həmin kişi gəldi
- Hazırlaşın. Bağa aparıram sizi.
Mən o saat razılaşdım.
Xalam da narazı deyildi.
Bu günü gözəl Apşeron bağlarının birində keçirdik.
Əla hava, dəniz... Mən, sanki ömrümün ən gözəl günlərini yaşayırdım.
Hələ yay deyil, amma baharın son ayı çox gözəldir Bakıda.
Gecəyə kimi hər yeri gəzdirdi bu kişi bizi.
Gecə isə evə qoyub getdi.
O qapıdan çıxar-çıxmaz xalam məni qarşısında oturdub dedi:
- Bax, qızım. Sən artıq uşaq deyilsən. Mən bu gün varam, sabah yox. Sən bunu bilməlisən. Yoxsa rahat ölə bilmərəm.
Məni gülmək tutdu
- Nəyi? Nədən danışırsan?
- Bu kişi... Bu kişi sənin atandır.
-Xala, sən nə danışırsan?
-Hə, qızım. Bu sənin atandır.
-Mənim atam Almaniyadadır.
-Yox. O sənin atan deyil.
Mən başımın fırlandığını hiss edib stula endim.
- Sən necə illər bunu məndən gizlətmisən? Niyə? Danış! Anam niyə məni aldadıb? Axı niyə? Atam bunu bilirmi?
- Xala. Bu nə nağıldır mənə danışırsan?
- Bilir, qızım. Anan da bilir, atanda.
- Onda nə? O məni atıb?
-Yox. O səni atmayıb. Səni onun əlindən alıblar.
Baban, yəni mənim atam bizim evlənməyimizə qadağa qoysa da biz görüşürdük. Ondan xəlvət evləndik. Və sən dünyaya gəldin..
- Nə? Siz evləndiz?Xala?!
-Mən sənin xalan deyiləm. Mən sənin ananam.
-Yooox.Bu nağıldı. Romandı.Belə olmur həyatda. Olmur!
Xalam məni bərk bərk qucaqlayıb ağladı.
-Bağışla məni, qızım. Atam mənim əlimdən səni alıb bacıma verdi. Omların övladıarı yox idi. 5 il sənə dayə kimi bacımın evində baxdım. Sonra isə baban sizi Almaniyaya yola saldı. Daha səni görmədim. Nə mən, nə də zavallı atan.
Amma o məni atmadı. Atam da, anam da rəhmətə getdilər. O hər şeyi bağışladı və məndən ayrılmadı. O indi də mənim ölüm ayağında olduğumu bilərək, yeganə insandır ki, məni sevir.
Sənin atan çox yaxşı insandır.
Mən heç nə danışa bilmirdim. 26 yaşında bir günün içində həyatın tarimar olmasını ancaq kitablarda oxumuşdum..
Mən geri Almaniyaya qayıtmalı və anam hesab etdiyim xalamla haqq- hesab etməliydim.
Təyyarəm saat 3 də uçurdu.
Anam,artıq həqiqi anam, məni ötürməy qərara aldı. Atam da gəldi. Mən onların hər ikisiylə görüşüb son qeydiyyatlardan keçdim. Bir neçə dəqiqədən sonra mən həqiqi valideynlərimi qoyub Bakını tərk etməliydim.
Son dəfə dönüb arxaya baxdım. Bir birinə sığınmış iki yaşlı adamı gördüm. Bu yer üzündə müqəddəs sevgi yaşamış bu iki insandan başqa heç kim yox idi sanki.
Mən çantamı götürüb foyeyə qaçdım.
Təyyarəm artıq yola düşdü...
Mən isə getmədim. Mən çıxanda onlar artıq gedirdilər.
Mən yaxınlaşıb onları arxadan qucaqladım
-Anaa,ataa...
Onlar gözlərinə inanmadılar. Məni qucaqladılar.
Biz üçümüz də ağlayırdıq ...Amma bu gözəl bir bahar nağılının sonu idi və bu göz yaşları sevinc göz yaşları idı.
Terane Memmed